“Neftçi” klubu müqavilə bağlayıb

“Neftçi” klubu baxışda olan 3 futbolçu ilə müqavilə bağlayıb. Klubdan Azərtac-a bildiriblər ki, müdafiəçi Mahir Şükürov, serbiyalı qapıçı Boban Baykoviç və braziliyalı yarımmüdafiəçi Jonas Enrike Pessalli mövsümün sonunadək komandanın formasını geyinəcəklər. Mahir Şükürov Azərbaycan komandaları ilə yanaşı, Türkiyənin "Antalyaspor”, "Karşıyaka” və Rusiyanın "Anji” klublarında çıxış edib. 2006-2007-ci və 2012-2014-cü illərdə "Neftçi”də çıxış etmiş M.Şükürov Azərbaycan milli komandasının heyətində 75 oyun keçirib. Mahir Şükürov bildirib ki, "Neftçi”yə qayıtmağıma görə şadam. Bu klub futbola qayıtmağım üçün şərait yaratdı, mənim üzərimə düşən isə bu etimadı doğrultmaqdır. "Neftçi” hazırda layiq olmadığı mövqedə qərarlaşıb. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni etməliyik. Boban Baykoviç Monteneqronun "Lovçen” klubunun yetirməsidir. O, həmçinin Serbiyanın "Srvena Zvezda”, "Yedinstvo”, "Radniçki”, "Rad”, "Smederevo”, "Srem Mitrovitsa” klublarının da şərəfini qoruyub. Baykoviçin sonuncu klubu Belçika "Lyers”i olub. Boban Baykoviç deyib: "Yeni komandam üçün faydalı olmaq istəyirəm. Bilirəm ki, "Neftçi” Azərbaycanın ən titullu klubudur. Azarkeşlərin yaddaşında qalmaq üçün var-gücümlə çalışacağam”. Braziliyanın "Qremio” klubunun yetirməsi olan Jonas Pessalli, həmçinin Fransanın "Anje” və "Luson” klublarında çıxış edib. Jonas Pessalli bildirib ki, Azərbaycan futbolu inkişafdadır. Şadam ki, "Neftçi”də oynamaq imkanı qazanmışam. Yeni komandamda rəsmi debütümü səbirsizliklə gözləyirəm.xeber100.com

Oktyabr 15, 2016 6:47

Milli komandaların UEFA reytinqi açıqlanıb

Futbol üzrə milli komandaların UEFA reytinqi açıqlanıb. Azərtac xəbər verir ki, 3 böyük yarışın nəticələrinə əsasən tərtib olunan siyahıda Avropanın 55 yığması yer alıb. 2014-cü il dünya çempionatı və 2016-cı il Avropa çempionatının həm seçmə, həm final mərhələlərini, həmçinin 2018-c il dünya çempionatının arxada qalan təsnifat oyunlarını özündə əks etdirən cədvəldə ötən ayla müqayisədə ciddi dəyişikliklər olub. Bu, Azərbaycan yığmasından da yan ötməyib. 2018-ci il dünya çempionatının seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub edib, Çexiyadan qolsuz bərabərliklə qayıdan komandamız xal hesabını 16 min 871-ə çatdırıb. Xal artımı Robert Prosineçkinin yetirmələrinin 38-ci yerə yüksəlməsi üçün yetərli olub. Halbuki, komandamız ötən ay 40-cı pillədə qərarlaşıb. Millimiz Belarus və Kipri arxada qoymağı bacarıb. Cədvəlin lideri də dəyişib. Rusiya 4 pillə geriləyərək 5-ci yerə düşüb. Əvəzində yığmamızın rəqibi olan Almaniya zirvəni ələ keçirib. Ön sıralardakı Fransa, Belçika və Portuqaliya da irəliləməyə nail olublar. Ən böyük sıçrayış isə İsrail, İsveç, Monteneqro, İrlandiya və Farer adalarında qeydə alınıb. Bu komandalar 4 pillə irəliləyiblər. Danimarka 6, Şotlandiya ilə Çexiya 5 pillə geriləyib. Millimizin seçmə qrupdakı rəqiblərindən Almaniya 1 pillə irəliləyibsə, Şimali İrlandiya və San-Marino mövqeyində qalıb. Əvəzində, Norveç 1 pillə aşağı yuvarlanıb.

Oktyabr 15, 2016 6:33