Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib

Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının sentyabrın 13-də Milli Gimnastika Arenasında təntənəli bağlanış mərasimi keçirilib. Azərtac xəbər verir ki, mərasimdə Azərbaycan Repsublikası Baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov və təşkilatın digər nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak edirlər. Bakının ev sahibliyi etdiyi və sentyabrın 2-dən start götürən Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşüb. Bu mötəbər yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan bu Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunub. On bir turdan ibarət yarışlarda kişilərin mübarizəsində aktivində 20 xal olan ABŞ millisi çempion adını qazanıb. Eyni xala malik Ukrayna isə ikinci yeri tutub. Rusiya millisi isə 17 xalla bürünc medal qazanıb. Hesabında 15 xal olan əsas komandamız yarışı 12-ci sırada tamamlayıb. İkinci yığmamız 14 xalla 26-cı, üçüncü komandamız isə 13 xalla 49-cu pillədə yer alıb. Qadınların yarışında qalib adını 20 xalla Çin şahmatçıları qazanıblar. Hesabında 17 xal olan Polşa ikinci, Ukrayna isə üçüncü pillədə yer alıb. Azərbaycanın əsas komandası yarışı 16 xalla 8-ci pillədə başa vurub. On üç xal toplayan üçüncü komandamız 30-cu, ikinci yığmamız isə 32-ci olub.xeber100.com

Sentyabr 13, 2016 8:48

Şahmat Olimpiadasının doqquzuncu turuna start verilib

Sentyabrın 11-də saat 15:00-da Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turuna start verilib. Azərtac xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Rusiya ilə qarşılaşır. İkinci komandamız Vyetnam, üçüncü yığmamız isə Honduras millisi ilə üz-üzə gəlir. Qadınlardan ibarət əsas yığmamızın bu turdakı rəqibi Ukrayna millisidir. İkinci komandamız Fransa, üçüncü yığmamız isə Əlcəzair ilə görüşür. Yarışlarda rekord sayda komanda iştirak edir. Kişilərin turnirində 181, qadınların yarışlarında isə 142 milli komanda mükafatlar uğrunda mübarizə aparır. Xatırladaq ki, Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət birinci komandada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli və Arkadi Naydiç yer alıblar. İkinci komandanın tərkibinə Vasif Durarbəyli, Namiq Quliyev, Qədir Hüseynov, Nicat Abasov və Ülvi Bacarani daxil ediliblər. Üçüncü komanda isə Nail Bəşirli, Məhəmməd Muradlı, Vüqar Əsədli, Pərviz Qasımov və Abdulla Qədimbəylidən ibarətdir. Qadın şahmatçılardan ibarət birinci komandanın heyətinə Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Aydan Höcətova, Gülnar Məmmədova və Nərmin Kazımova cəlb olunub. İkinci komandaya Türkan Məmmədyarova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ülviyyə Fətəliyeva və Nərmin Xələfova, üçüncü komandanın heyətinə isə Nərmin Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ayan Allahverdiyeva və Aynur Kətanova daxildir.xeber100.com

Sentyabr 11, 2016 5:30

Dünya Kuboku yarışlarında ikinci turun oyunları keçirilib

Bakıda, Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubunda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının ikinci günündə - sentyabrın 10-da ilk oyunda “Badrutt Palace St. Moritz” klubu ilə qədim polo məktəblərindən hesab olunan “İtaldizain Group” komandası qarşılaşıb. Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “İtaldizain Group” komandası rəqibini 6:4 hesabı ilə məğlub edib. Günün ikinci matçında İspaniyanın “Bogner” və Azərbaycanın “Gilan Holding” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İspaniya təmsilçisinin xeyrinə başa çatıb - 6,5:6. Yarışda 4 beynəlxalq peşəkar komanda -“Gilan Holding” (Azərbaycan) “İtaldizain Group” (Argentina), “Badrutt Palace St. Moritz” (İsveçrə) və “Bogner” (İspaniya) mübarizə aparır. Turnirdəki komandalar məşhur “Evviva Polo Club St.Moritz” (İsveçrə), “Santa Maria Polo Club Sotogrande” (İspaniya), “Alegria Polo Club Buenos Ayres” (Argentina) və “Elit Atçılıq və Polo klub Bakı” (Azərbaycan) klublarını təmsil edirlər. İki turdan sonra yarışın final görüşündə və 3-cü yer uğrunda oyununda mübarizə aparacaq komandalar müəyyənləşib. Sentyabrın 11-də saat 18:00-da keçiriləcək üçüncü yer uğrunda görüşdə meydana “Badrutt's Palace” və “İtaldizain Group” komandaları çıxacaq. Final görüşündə isə “Gilan Holdinq” və “Bogner” kollektivləri yenidən üz-üzə gələcək. Final qarşılaşması saat 19:15–də başlayacaq. Xatırladaq ki, oyunlar hər biri 7 dəqiqə 30 saniyə olmaqla dörd hissədən ibarətdir. Yarışı Almaniya, İsveçrə, Argentina və İngiltərədən dəvət olunan hakimlər idarə edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də Arena Polo üzrə Dünya Kuboku yarışının rəsmi media tərəfdaşıdır.xeber100.com

Sentyabr 10, 2016 7:38