Dünya Kuboku yarışlarında ikinci turun oyunları keçirilib

Bakıda, Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubunda keçirilən “CBC Sport” Arena Polo üzrə Dünya Kuboku yarışlarının ikinci günündə - sentyabrın 10-da ilk oyunda “Badrutt Palace St. Moritz” klubu ilə qədim polo məktəblərindən hesab olunan “İtaldizain Group” komandası qarşılaşıb. Azərtac xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “İtaldizain Group” komandası rəqibini 6:4 hesabı ilə məğlub edib. Günün ikinci matçında İspaniyanın “Bogner” və Azərbaycanın “Gilan Holding” komandaları qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İspaniya təmsilçisinin xeyrinə başa çatıb - 6,5:6. Yarışda 4 beynəlxalq peşəkar komanda -“Gilan Holding” (Azərbaycan) “İtaldizain Group” (Argentina), “Badrutt Palace St. Moritz” (İsveçrə) və “Bogner” (İspaniya) mübarizə aparır. Turnirdəki komandalar məşhur “Evviva Polo Club St.Moritz” (İsveçrə), “Santa Maria Polo Club Sotogrande” (İspaniya), “Alegria Polo Club Buenos Ayres” (Argentina) və “Elit Atçılıq və Polo klub Bakı” (Azərbaycan) klublarını təmsil edirlər. İki turdan sonra yarışın final görüşündə və 3-cü yer uğrunda oyununda mübarizə aparacaq komandalar müəyyənləşib. Sentyabrın 11-də saat 18:00-da keçiriləcək üçüncü yer uğrunda görüşdə meydana “Badrutt's Palace” və “İtaldizain Group” komandaları çıxacaq. Final görüşündə isə “Gilan Holdinq” və “Bogner” kollektivləri yenidən üz-üzə gələcək. Final qarşılaşması saat 19:15–də başlayacaq. Xatırladaq ki, oyunlar hər biri 7 dəqiqə 30 saniyə olmaqla dörd hissədən ibarətdir. Yarışı Almaniya, İsveçrə, Argentina və İngiltərədən dəvət olunan hakimlər idarə edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də Arena Polo üzrə Dünya Kuboku yarışının rəsmi media tərəfdaşıdır.xeber100.com

Sentyabr 10, 2016 7:38

Şahmat Olimpiadasında VI turunun oyunları keçiriləcək

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turunun oyunları keçiriləcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, kişilərdən ibarət əsas millimiz Yunanıstanla qarşılaşacaq. İkinci komandamız Rumıniya, üçüncü yığmamız Qana ilə üz-üzə gələcək. Favoritlərdən Hindistan Hollandiya ilə, ABŞ Ukrayna ilə, Rusiya Almaniya ilə, Çin Argentina ilə, Gürcüstan Çexiya ilə qarşılaşacaq. Beş turdan sonra kişilərdən ibarət əsas millimiz 8 xalla 9-cu pillədə qərarlaşıb. Eyni xala malik ikinci komandamız 11-ci, 4 xalla üçüncü yığmamız isə 99-cudur. Turnir cədvəlinə maksimum nəticə göstərən Hollandiya, Ukrayna və Hindistan milliləri başçılıq edir. Qadınlardan ibarət əsas yığmamızın VI turdakı rəqibi Gürcüstandır. İkinci millimiz Çexiya, üçüncü komandamız isə Çili ilə qarşılaşacaq. Qadınların yarışında bu gün əsas diqqətlər Ukrayna - Rusiya görüşünə yönələcək. Favoritlərdən Çin Rumıniya ilə, Hindistan Latviya ilə, ABŞ Türkiyə ilə, Polşa Vyetnamla görüşəcək. Qadınlardan ibarət əsas millimiz 5 turdan sonra 9 xalla beşinci pillədədir. İkinci komandamız 6 xalla 39-cu, üçüncü yığmamız isə 5 xalla 61-ci yeri tutur. Xanımların mübarizəsində 5 turdan sonra maksimum nəticə göstərən Ukrayna və Rusiya yığmaları ilk 2 yeri bölüşdürürlər. Əsas millimiz kimi 9 xal toplayan Rumıniya üçüncü, Çin dördüncüdür.xeber100.com

Sentyabr 8, 2016 12:02