“Neftçi” ictimai idman təşkilatı yaradılıb

İsveç Azərbaycanlıları Konqresinin sədri (İAK) Emil Mirzəyev və futbol üzrə Azərbaycan yığmasının sabiq məşqçisi İqor Ponomaryov Stokholmda “Neftçi” ictimai idman təşkilatının yaradılması haqqında müqavilə imzalayıblar. İsveç Azərbaycanlıları Konqresindən AZƏRTAC-a bildiriblər ki, idman təşkilatı həmvətənlərimizin İsveçin ictimai, mədəni və siyasi həyatına inteqrasiyasına və cəlb olunmasına yönələn layihəsi çərçivəsində yaradılıb. Sənədin imzalanması mərasimində 28 diaspor təşkilatını bir araya gətirən İsveç Azərbaycanlıları Konqresinin idarə heyəti şurasının üzvləri iştirak ediblər. “Neftçi” ictimai idman təşkilatının sədri 1988-ci il Seul Olimpiadasının çempionu, SSRİ-nin Əməkdar İdman Ustası, 1988-cu ildə İsveçin futbol üzrə çempionu İqor Ponomaryovdur. İctimai təşkilatı yaratmaqda məqsəd bu ölkədə yaşayan gənc həmvətənlərimizi idmana, ilk növbədə futbola cəlb etmək, habelə onlarda İsveçin idman həyatına maraq oyatmaqdır. Təşkilata Azərbaycan və sovet futbolunun əfsanəsi İqor Ponomaryovun rəhbərlik etməsi klub üzvlərinə peşəkar futbolçu kimi təlim keçmək şansı verir, onların İsveçdə idman karyerası qurmalarına yol açır. “Neftçi” idman təşkilatı İsveç Azərbaycanlıları Konqresi nəzdində ictimai birlik kimi fəaliyyət göstərəcək.xeber100.com

İyul 6, 2016 1:28

Messi beynəlxalq karyerasını başa çatdırmaq fikrindən daşınıb

Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi beynəlxalq karyerasını başa çatdırmaq fikrindən daşınıb və milli komandanın heyətində qalmaq niyyətindədir. Bu barədə məlumatı “La Nacion” nəşri L.Messinin adı hələ açıqlanmayan keçmiş komanda yoldaşına istinadla yayıb. Həmin adam bildirib ki, adlı-sanlı futbolçu sadəcə müvəqqəti fasilə götürüb və yaxın vaxtlarda Argentina yığmasına qayıtmalıdır. Qeyd edək ki, iyunun 27-də Amerika Kuboku çempionatının finalında Argentina Çili yığmasına uduzandan sonra 29 yaşlı futbolçu karyerasının başa çatdığını bəyan edib. O bildirib ki, çıxıb getməsi hamı üçün və ilk növbədə onun özü üçün ən yaxşı variant olacaq. Argentina Prezidenti Maurisio Makri daha əvvəl Messiyə özü zəng vuraraq milli komandanı tərk etməməsini ondan xahiş edib. L.Messinin milli yığmada debütü 2005-ci ildə olub. Hücumçu milli yığmanın heyətində 112 oyunda iştirak edib, 55 qol vurub. Bu, qolların sayına görə Argentina yığması üçün rekord göstəricidir. Forvard 2014-cü il dünya çempionatının gümüş mükafatçısıdır, 2008-ci ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb. Lionel Messi futbol tarixində “Qızıl top”a beş dəfə sahib olan yeganə futbolçudur. O, bu mükafata 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə layiq görülüb. Messi “Barselona”nın heyətində 26 mükafat qazanıb.xeber100.com

İyul 5, 2016 8:51

Dünya Şahmat Olimpiadasının açılışına 60 gün qalır

Dünyanın ən böyük şahmat tədbirinin, Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasının açılışına 60 gün qalır. Xatırladaq ki, komandaların qeydiyyatı iyulun 15-dək davam edəcək. Azərtac “R-Sport” agentliyinə istinadla xəbər verir ki, yarışların favoritlərindən biri olan Rusiyanın kişi və qadınlardan ibarət komandalarının tərkibi açıqlanıb. Rusiya Şahmat Federasiyasının (RŞF) icraçı direktoru Mark Qluxovski deyib: “Bakıda hər iki komanda maksimal vəzifələri həll etməli olacaq. Rusiyanın qadın komandasında məqsəd sadədir: əvvəlki üç turnirdə qalib gələn qızlar Şahmat Olimpiadasında da birinci yer uğrunda mübarizə aparmalıdır. Başqa cür ola da bilməz. Kişilərdən ibarət komandaya gəlincə, Olimpiya qızıl medalı istisna olmaqla, son illərdə onlar bütün turnirlərdə qalib gəliblər. Buna görə də bu komanda üçün əsas məqsəd məlum vəziyyəti düzəltməyə çalışmaqdır. Federasiyasının prezidenti Andrey Filatov maksimalistdir və birinci yerdən başqa istənilən digər pillə çətin ki, onu sevindirsin”. Mark Qluxovski fikirlərinin davamında bildirib: “Dünya Şahmat Olimpiadasına hazırlıq planı var. Hazırda şahmatçılar fərdi qaydada məşq edirlər. Avqustun sonunda, Olimpiada ərəfəsində, yarışlara 7-10 gün qalmış onlar Soçidəki məşq bazasına toplaşacaq”. Qeyd edək ki, Dünya Şahmat Olimpiadasında iştirak edəcək Rusiya komandalarının tərkibinə Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski, Yan Nepomnyaşi, Aleksandra Kostenyuk, Yekaterina Laqno, Valentina Qunina, Aleksandra Qoryaçkina və Nataliya Poqonina daxildir.xeber100.com

İyul 5, 2016 8:44

Almaniya millisi yarımfinalda

İyulun 2-də futbol üzrə XV Avropa çempionatının dörddəbir final mərhələsinin üçüncü oyunu keçirilib. Azərtac xəbər verir ki, Bordo şəhər stadionunda Almaniya və İtaliya yığma komandaları qarşılaşıblar. Macarıstanlı baş hakim Viktor Kassainin idarə etdiyi oyunun ilk hissəsində komandaların cəhdinə baxmayaraq hesab açılmayıb. Görüşün 65-ci dəqiqəsində Məsud Özil Almaniya millisini hesabda önə çıxarıb. Jeromi Boatenqin əllə oyunu nəticəsində matçın 78-ci dəqiqəsində Almaniya millisinin qapısına təyin olunan penalti zərbəsini Leonardo Bonucci dəqiq yerinə yetirib və oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün görüşdə əlavə vaxt oynanılıb. Ancaq yenə də hesab dəyişməyib. Qalib penalti seriyasında müəyyənləşib. Rəqibi 6:5 hesabı ilə məğlub edən Almaniya millisi yarımfinala yüksəlib. Almaniya və İtaliya yığma komandaları indiyədək 33 matçda üç-üzə gəliblər. Bu qarşılaşmaların 8-də almanlar, 15-də isə italiyalılar qalib gəliblər. On oyun isə heç-heçə başa çatıb. Ümumi top fərqi də italiyalıların xeyrinədir: 40-49. Bu oyunda qələbə qazanan komanda yarımfinalda Fransa-İslandiya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək. İyulun 6-da Lion şəhər stadionunda keçiriləcək birinci yarımfinal oyununda isə Portuqaliya və Uels yığma komandaları finala vəsiqə uğrunda mübarizə aparacaqlar.xeber100.com

İyul 3, 2016 5:31