Avropa çempionatının 12-ci günündə mübarizəyə yekun vurulub

İyunun 21-də futbol üzrə XV Avropa çempionatının 12-ci günündə “D” qrupunda da mübarizəyə yekun vurulub. Azərtac xəbər verir ki, Bordo şəhər stadionunda qrup lideri İspaniya yığması Xorvatiya millisi ilə üz-üzə gəlib. Lens şəhərindəki “Bollar Delelis” stadionunda paralel oynanılan digər qarşılaşmada isə Çexiya və Türkiyə milliləri qrup üçüncüsü olmaq uğrunda mübarizə aparıb. Hər iki oyunda erkən qol qeydə alınıb. İspaniya yığmasının matçın 7-ci dəqiqəsində sağ cinahdan başladığı hücumu Morata dəqiq tamamlayaraq, hesabı açmaqla yanaşı, “Avro-2016”da özünün üçüncü qoluna imza atıb. Xorvatiyalılar yalnız ilk hissənin sonunda – 45-ci dəqiqədə Kaliniçin qolu ilə hesabı bərabərləşdirə biliblər – 1:1. Matçın 72-ci dəqiqəsində İspaniya yığmasının kapitanı Serxio Ramosun yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsini xorvatiyalı qapıçı Subaşiç dəf edib. Əvəzində xorvatiyalılar 87-ci dəqiqədə Perişçin qolu ilə oyunda qalib gələ biliblər. Beləliklə, matç Xorvatiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Digər oyunda isə Türkiyə millisi 10-cu dəqiqədə Burak Yılmazın qolu ilə hesabı açıb – 1:0. Matçın ilk hissəsi qardaş ölkə təmsilçilərinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra da hücumları davam etdirən Türkiyə yığması hesab arasındakı fərqi artırıb. Oyunun 65-ci dəqiqəsində Selçukun yetirdiyi standart vəziyyətdən sonra çexiyalıların cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edən Mehmet Topal topu Ozan Tufana ötürüb. Sonuncu isə dəqiq və güclü zərbə ilə hesabı 2:0-a çatdırıb. Qalan dəqiqələrdə hər iki komanda bir neçə dəfə qol vəziyyəti yaratsa da, hesab dəyişməyib və Türkiyə millisi matçdan 2:0 hesablı qələbə ilə ayrılıb. Beləliklə, Xorvatiya yığması 7 xalla “D” qrupunu ilk sırada tamamlayıb. Aktivində 6 xal olan İspaniya isə ikinci pillədə yer alıb. Türkiyə yığması 3 xalla üçüncü, hesabında 1 xal olan Çexiya millisi isə sonuncu sırada qərarlaşıb. Bununla da bu qrupdan Xorvatiya və İspaniya səkkizdəbir finala birbaşa yüksəlib. Türkiyə millisinin isə səkkizdəbir finala yüksəlməsi digər qruplarda keçiriləcək oyunların nəticəsindən sonra məlum olacaq. Çexiya millisi isə çempionatda mübarizəni dayandırıb.xeber100.com

İyun 22, 2016 11:08

“Neftçi” yeni transferlərini ictimaiyyətə açıqlayıb

Növbəti mövsümün hazırlıqlarını davam etdirən “Neftçi” heyətini yeni futbolçularla gücləndirib. Azərtac xəbər verir ki, komanda dörd oyunçu ilə müqavilə imzalayıb. Müdafiəçi Vançe Şikov - Makedoniya yığma komandasının üzvüdür. Təcrübəli oyunçu ölkəsinin milli komandasında 49 oyunda meydana çıxıb və dörd qol vurub. Buna qədər isə o, Makedoniyanın U-17, U-19 və U-21 yığma komandalarında forma geyinib. Son iki mövsümü “Austriya” (Avstriya) klubunda keçirən V.Şikov 42 matçda meydana çıxıb. Bununla yanaşı, futbolçu Yunanıstan və Ukraynada legioner həyatı yaşayıb. Venesuelalı Edson Kastilyonun isə 22 yaşı var. Futbolçu buna qədər ardıcıl olaraq 17 və 21 yaşadək futbolçulardan ibarət Venesuela yığma komandasının heyətində çıxış edib. Kastilyo 2010-2016-cı illər ərzində ölkəsinin “Mineros” klubunun şərəfini qoruyub. Dayaq yarımmüdafiəçisi doğma komandasının heyətində 101 oyun keçirib. Dario Melnyak – xorvatiyalı sol cinah müdafiəçisi Belçikanın “Lokeren” klubundan icarə əsasında transfer edilib. İyirmi iki yaşlı futbolçu 2011-2015-ci illər ərzində Xorvatiyanın “Zelina” və “Slaven” klublarının formasını geyinib. Murad Ağayev – Azərbaycanın əsas yığma komandasına dəvət almış futbolçu daha öncə 19 yaşadək futbolçulardan ibarət millimizin formasını geyinib. Azərbaycanda AZAL və "Sumqayıt” klublarında oynamış futbolçu 2006-2012-ci illərdə Rusiya klublarında çıxış edib. Qeyd edək ki, klub saytında yer alan xəbərə görə, qapıçı transferi üçün də çalışmalar davam edir və yaxın zamanda rəsmi açıqlama olacaq.xeber100.com

İyun 21, 2016 11:42

Avropa Qran-prisi Niko Rosberqin qələbəsi ilə başa çatıb

Formula-1 Avropa Qran-prisi “Mercedes”in pilotu Niko Rosberqin qələbəsi ilə başa çatıb. Onun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 48,942 saniyə olub. İkinci yeri “Ferrari”nin pilotu ”Sebatian Fettel, üçüncü yeri isə isə “Force İndia”nın sürücüsü Serxio Peres tutub. 18:33 “Toro Rosso” komandasının digər pilotu Karlos Saynz da mübarizəni dayandırıb. Onun mübarizədən kənarlaşmasına səbəb asqıdakı problem olub. Ondan başqa, “Manor”un pilotu Paskal Verlyayn da əyləcdə problem üzündən yarışda iştiraka son verib. 18:28 Bakıda keçirilən Formula-1 Avropa Qran-prisində ən yüksək sürət qeydə alınıb. “Mercedes”in pilotu Luis Hamilton bolidini saatda 364 kilometr sürətlə idarə edib. 18:12 Pilotlar artıq Bakı şəhər halqasında 34-cü dövrəni yerinə yetiriblər. Trek üzrə ən yaxşı göstərici “Mercedes”in pilotu Niko Rosberqə məxsusdur - 1 dəqiqə 48,539 saniyə. İkinci və üçüncü yerlərdə “Ferrari”nin sürücüləri Sebastian Fettel və Kimi Raikonnendir. 17;52 “Toro Rosso” komandasının pilotu Daniil Kvyat texniki problemlərə görə, yarışda iştirakını vaxtından əvvəl başa vurub. 17:05 Bakı, 19 iyun, Səxavət Quliyev, AZƏRTAC İyunun 19-da saat 17:00-da Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, “Formula One Management”in prezidenti Berni Ekklstoun, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Formula-1 Avropa Qran-pri yarışına baxırlar. AZƏRTAC xəbər verir ki, Qran-prinin startından əvvəl Azərbaycan Dövlət Uşaq Filarmoniyasının qırx nəfərdən ibarət gənc kollektivi dövlət himnini ifa edib. Formula-1 Avropa Qran-prisində 22 pilot qalib adı uğrunda mübarizəyə qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə əsasən, start xəttinə ən yaxın “Mercedes”in pilotu Niko Rosberq dayanıb. Ondan sonra “Red Bull Racing”in sürücüsü Daniel Rikkardo və “Ferrari”nin sürücüsü Sebastian Fettel yer alıblar. Ümumiyyətlə, Formula-1 Avropa Qran-prisinin startında pilotlar aşağıdakı qaydada düzülüblər: 1. Niko Rosberq (Mercedes) 2. Daniel Rikkardo (Red Bull Racing) 3. Sebastian Fettel (Ferrari) 4. Kimi Raykonnen (Ferrari) 5. Felipe Massa (Uilyams) 6. Daniil Kvyat (Red Bull Racing) 7. Serxio Peres (Force İndia) 8. Valtteri Bottas (Uilyams) 9. Maks Ferstappen (Toro Rosso) 10. Lüis Hamilton (Mercedes) 11. Roman Qrojan (Haas) 12. Niko Hülkenberq (Force İndia) 13. Karlos Saynz (Toro Rosso) 14. Fernando Alonso (McLaren) 15. Estaban Qutyerres (Haas) 16. Felipe Nasr (Sauber) 17. Rio Haryanto (Manor) 18. Paskal Verlyayn (Manor) 19. Censon Batton (McLaren) 20. Markus Erikson (Sauber) 21. Kevin Maqnussen (Renualt) 22. Kolion Palmer (Renault).

İyun 19, 2016 6:05

Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib

İyunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb. Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır. Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır. Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır. Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir. Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır. Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır. Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir. Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.xeber100.com

İyun 19, 2016 5:59