Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib

İyunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb. Qədim və zəngin Azərbaycan mədəniyyətinin Formula-1 dəyərləri ilə vəhdət təşkil etdiyi açılış mərasimi 5 rəmz və model – alov, su, külək, irəli və birlik vasitəsilə müəyyən süjet xətti üzərində birləşən elementlərdən ibarətdir. Formula-1 pilotu olmağı milyonlarla insan xəyal edir. Lakin xəyalları reallığa çevirmək, Formula-1-in sürət həyəcanını yaşamaq, çempion olmaq üçün müstəsna xüsusiyyətlərə, peşəkarlığa malik olmaq lazımdır. Bunun üçün alov kimi qaynar ürəkli, su tək enerjili və qıvraq, külək kimi sürətli, daim irəliyə doğru can atmaqla əzmkarlığa və ayrı-ayrı fərdləri zəfər uğrunda birlikdə çalışmağa həvəsləndirən komanda ruhuna ehtiyac var. Bu keyfiyyətləri sahib olmaq üçün hər bir kəs mənəvi dünyasına nəzər yetirməlidir. Bütün bu keyfiyyətlər məhz Formula-1 idmanında qələbədə əsas açar rol oynayır. Ehtirası təcəssüm etdirən alov möhtəşəm Formula-1 çempionunun ruhunu ifadə edir. Bu ehtirasdır Azərbaycan irsinin alovunu canlı saxlayır və onu gələcəyə aparır. Əllərində alov dalğalarını təcəssüm etdirən bayraqlar tutan oğlanlar və qızlar Azərbaycanın milli musiqisinin sədaları altında meydandan keçdilər. Alov dilimləri ətrafa yayılaraq Azərbaycanın qədim mədəniyyətini, həmçinin Formula-1 həyəcanını açılış mərasiminin iştirakçılarına və bütün dünyaya çatdırır. Alovdan sonra açılış mərasimin ikinci hissəsi olan qıvraqlıq rəmzi su meydanı “ağuşuna alıb”. Rəqs qrupunun üzvləri meydanda müxtəlif mənzərələr yaradırlar. Bütün bunlar yarış iştirakçılarını, tamaşıları xəyallar aləminə aparır, göz önündə mavi Xəzərin suları canlanır. Güclü sürücü olmaq istəyirsənsə, hər zaman dinamikliyi qorumalı və sərt döngələrdə istiqaməti dəyişməyə hazır olmalısan. “Xəzər dənizinə nəzər sal və onun enerjisindən və qıvraqlığından ilham al”, - açılış mərasiminin ikinci hissəsinin ruhu məhz belədir. Mərasimin üçüncü hissəsi sürət rəmzi olan küləkdir. Külək sürəti daha da artırmağa sövq edir. Bu amil özündə həm Formula-1 həyəcanını təmsil edir, həm də Bakı üçün ilham mənbəyinə çevrilir. Milli rəqs qruplarının ifaçıları “Sarı gəlin”in sədaları altında “uçan xalça”larda meydana daxil olurlar. Onlar müxtəlif külək effektləri, orijinal fantastik mənzərələr yaradaraq tamaşaçıları xəyallar aləminə aparırlar. Yarış iştirakçıları və şəhərimizin qonaqları özləri də etiraf edirlər ki, bəli, Bakı həqiqətən də küləklər şəhəridir. Bu amil da məhz açılış mərasimində öz əksini tapır. Rəqs qrupları daha sonra açılış mərasiminin dördüncü hissəsini qələbə rəmzi olan irəliyə hərəkəti – qəlbə əzmini təqdim ediblər. İştirakçılar irəliyə hərəkəti əks etdirən fiqur formasında irəliləyərək Bakıda Formula-1 yarışının həyəcanını bir daha ifadə ediblər. Bakı daim irəli doğru gedən şəhərdir. Gəlin, onun yüksəlməkdə olan ritmini dinləyin. Bu ritm sanki Formula-1 mühərrikinin gurultusunu xatırladır. Formula-1 pilotları bir az sonra məhz belə bir ritmlə mübarizəyə başlayaraq irəliyə doğru hərəkət edərək gərgin mübarizə aparacaqlar. Mərasim iştirakçıları meydanda dünyanın ən sürətli idman avtomobillərindən olan Formula-1 bolidini nümayiş etdiriblər. Bakı trekinin 2,2 kilometrlik düz hissəsi Formula-1 yarışında ən yüksək sürətin qeydə alınmasına imkan yaradır. Nəhayət, ifaçılar mərasimin sonuncu – beşinci hissəsi olan birliyi, ölkələrin ittifaqı hissəsini təqdim ediblər. Formula-1 çempionu heç vaxt yalnız deyil. O, qələbə uğrunda birlikdə çalışan komandanın bir hissəsidir. Formula-1 Avropa Qran-pri yarışı Azərbaycanı, habelə Avropa, Asiya, Amerika, Avstraliya, bir sözlə, bütün dünyanı birləşdirən bir arzudur. Bu tamaşa ilə iştirakçılar bir daha bəyan edirlər ki, uşaqlıqdan hamının xəyallarında təsəvvür etdikləri arzular, əfsanələr burada həqiqətə çevrilir. Açılış mərasiminin sonunda Azərbaycanın üçrəngli nəhəng bayrağı alqış sədaları altında meydana gətirilib.xeber100.com

İyun 19, 2016 5:59

XV Avropa çempionatının səkkizinci günündə…

İyunun 17-də - futbol üzrə XV Avropa çempionatının səkkizinci günündə "E" qrupunda bir, "D" qrupunda isə iki oyun keçirilib. Azərtac xəbər verir ki, günün ilk oyununda “E” qrupunda mübarizə aparan İtaliya və İsveç yığma komandaları qarşılaşıb. Tuluza şəhər stadionunda oynanılan qarşılaşmanı macarıstanlı referi Viktor Kassai idarə edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində hesab açılmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar. Matçın ikinci hissəsində həm İsveç, həm də İtaliya milliləri bir neçə dəfə təhlükəli vəziyyət yaratsalar da hesab yalnız oyunun sonunda açılıb. Matçın 88-ci dəqiqəsində Zazanın başla ötürməsindən sonra sürətlə isveçlilərin cərimə meydançasına daxil olan Eder gözəl zərbə ilə hesabı açıb – 1:0. Bu qolla İtaliya səkkizdəbir finalda oynamaq hüququnu rəsmiləşdirib. Komandalar fasiləyə bu hesabla yollanıb. Günün ikinci oyununda "D" qrupunda yer alan Çexiya və Xorvatiya yığma komandaları qarşılaşıb. Sent-Etyen şəhərinin “Joffrua Qişar” stadionunda oynanılan görüşü ingiltərəli baş hakim Mark Klattenburq idarə edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk hissəsində Xorvatiya yığmasının futbolçularının hücumları matçın 37-ci dəqiqəsində bəhrəsini verib. Sol cinahdan cərimə meydançasına daxil olan İvan Perişiç qapını dəqiq nişan alaraq komandasını hesabda irəli çıxarıb-1:0. Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılan çexiyalı oyunçular qapılarında daha bir qol görüblər. Rəqibi əks-hücumda yaxalayan xorvatlar qarşılaşmanın 59-cu dəqiqəsində hesab arasındakı fərqi artırıblar-2:0. Topu qapıçının başı üzərindən çərçivəyə oyunda fəallığı ilə seçilən İvan Rakitiç yönəldib. Bundan 17 dəqiqə sonra Çexiya millisinin üzvü Milan Skoda başla zərbə ilə hesab arasındakı fərqi azaldıb-2:1. Oyuna əlavə edilən vaxtın 3-cü dəqiqəsində Xorvatiya komandasının üzvü Domaqoy Vidan cərimə meydançasında əllə oynayıb. Hakimin xorvatların qapısına təyin etdiyi 11 metrlik cərimə zərbəsini Tomas Nesid qola çevirib - 2:2. Oyun bu hesabla yekunlaşıb. Günün son matçında isə çempionatın favoritlərindən biri hesab edilən İspaniya komandası qardaş ölkənin Türkiyə millisi ilə üz-üzə gəlib. Nitsa şəhər stadionunda keçirilən matçı serbiyalı Milorad Maziç idarə edib. Oyunun ilk dəqiqələrindən təşəbbüsü ələ alan ispanlar 34-cü dəqiqədə hesabı açıblar. Nolitonun ötürməsindən sonra Morata topu başla qapının sağ küncünə göndərib - 1:0. Türkiyə millisi qoldan sonra özünə gəlməmiş qapısında ikinci topu görüb. Bu dəfə isə Fabreqasın ötürməsindən sonra Nolito özü fərqlənərək komandasını hesabda irəli çıxarıb - 2:0. İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra da topa nəzarəti davam etdirən İspaniya yığması 48-ci dəqiqədə üçüncü dəfə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. Xordi Albanın ötürməsindən sonra oyundankənar vəziyyətdə olmasına baxmayaraq, Moratanın ikinci qolunu hakim hesaba alıb - 3:0. Bu qolla Morata çempionatda dubl edən ilk futbolçu olub. Qalan dəqiqələrdə oyunda qol olmayıb və İspaniya görüşdən 3:0 hesabı ilə qalib ayrılaraq səkkizdəbir finala vəsiqəni təmin edib.xeber100.com

İyun 18, 2016 4:36

GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb

İyunun 17-də saat 11-də Bakıda Formula-1 Avropa Qran-prisinə start verilib. Azərtac xəbər verir ki, Avropa Qran-prisinə dəstək olaraq, GP2 seriyasının 12-ci mövsümünün növbəti mərhələsi başlayıb. Ən güclü seriyalardan olan GP2 bir çox sürücülərin Formula-1-də debütü üçün son mərhələ hesab edilir. Builki pelotonun tərkibində yer alan Niko Rosberq və Luis Hamilton daxil olmaqla 9 pilot vaxtilə GP2 seriyasında çıxış edib və bəziləri çempion olub. Gənc və istedadlı pilotların idarə etdiyi GP2 seriyası maşının görünüşü Formula-1 bolidini xatırlatsa da, diqqətlə baxdıqdan sonra arada böyük fərq olduğu ortaya çıxır. GP2 bolidləri kiçikdir və antiqanadlar, ümumi aerodinamik elementlər daha sadədir. Onlar saatda 100 kilometr sürəti cəmi 2,9 saniyəyə yığmağa imkan verən 650 at gücündə 8 silindrli mühərriklə təchiz edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, GP2 monoseriyadır. Yəni, bütün komanda və sürücülərin bolidləri eynidir, yalnız sazlamalar hər bir komanda tərəfindən ayrıca həyata keçirilir. Bu prinsip seriyanın yarışlarını daha maraqlı edir. 2016-cı ilin GP2 təqvimi 11 yarışdan ibarətdir. Onların hamısı Formula-1 həftəsonu çərçivəsində keçirilir. Mövsüm İspaniyanın Barselona trekində start götürür və Abu-Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi Avropa Qran-prisinin dəstək yarışı kimi Bakı şəhər halqasında keçirilir. Çempionatda hər birində 2 pilot olmaqla 12 kollektiv təmsil olunur. Bu il pelotonun tərkibinə çox güclü və istedadlı pilotlar - Pyer Qasli (“Red Bull”un gənc pilotlar proqramının iştirakçısı), Aleks Linn (“Wiliams” komandasının Formula 1-də inkişaf üzrə pilotu), Serqey Sirotkin (“Renault” komandasının Formula 1-də test pilotu), təcrübəli Mitç Evans, Artyom Markelov və başqaları daxildir. Hazırda GP2 seriyasının 45 dəqiqəlik sərbəst yürüşlərdən ibarət ilk mərhələsi keçirilir. Daha sonra 30 dəqiqəlik sıralama turu olacaq. Nəticədən asılı olaraq, iyunun 18-də keçiriləcək ilk yarışın start düzülüşü müəyyənləşəcək (yarış 60 dəqiqə və ya 170 kilometr təşkil edir). İlk yarışın nəticəsinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanırlar. İyunun 19-da isə ikinci yarış keçiriləcək. Yarışda bolidlərin start düzülüşü aşağıdakı qaydada müəyyənləşəcək: İyunun 18-də keçiriləcək yarışda 1-8-ci pillələrdə yer alan sürücülər, növbəti gün tam əks qaydada start götürəcəklər. Digərləri isə birinci yarışın nəticələrinə uyğun olaraq düzüləcəklər. İkinci yarışda xallar ilk 8 pilota verilir: 15, 12, 10, 8, 6, 4, 2, 1. Yarışın vaxtı 45 dəqiqəyə və ya 120 kilometrə qədər endirilir. Bundan əlavə, poul vəziyyəti qazanan pilot əlavə olaraq 4 xal, hər iki yarışda sürətli dövrə vuran pilotlar isə 2 xal qazanırlar.xeber100.com

İyun 17, 2016 11:42

İyunun 17-də “Formula-1” Avropa Qran-pri yarışlarına start veriləcək

Sabah – iyunun 17-də Bakıda “Formula-1” üzrə dünya çempionatının səkkizinci – Avropa Qran-pri yarışlarına start veriləcək. Azərtac xəbər verir ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görəcəklər. Layihənin müəllifi bütün müasir “Formula-1” treklərinin memarı olan Herman Tilkedir. Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub. Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də “Formula-1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.xeber100.com

İyun 16, 2016 12:03

Marşal Klubunun təntənəli açılış mərasimi olub

İyunun 14-də “Formula-1” Avropa Qran-prisinin Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub. Azərtac xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra klubda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, klubda marşalların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Mərasimdə çıxış edən Azad Rəhimov ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Yarışda marşalların rolunun məsuliyyətli olduğunu diqqətə çatdıran nazir bu vacib peşə sahiblərinə işlərində müvəffəqiyyətlər arzu edib. Nazir deyib: “Avropa Qran-pri yarışlarına 1200 marşal cəlb olunub. Bunların mini yerli, iki yüzü isə əcnəbi marşallardır. Onlar arasında Bəhreyn, Rusiya, ABŞ, Avstraliya, İngiltərə və digər ölkələrdən olan marşallar var. Marşallar “Bakı-2015” ilk Avropa Oyunlarının Atletlər Kəndində yerləşdiriliblər”. Bəhreyn Marşal Klubunun rəhbəri Faez Rəmzi yarışa hazırlığın yüksək səviyyədə getdiyini, Bakının Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirdiyini və iki ölkə marşallarının arasında sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar şöbəsinin və Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev və əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov marşalları salamlayıb və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Tədbir konsert proqramı ilə davam edib.xeber100.com

İyun 15, 2016 12:02