“YAP K-2016”

İyunun 17-19-da Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dəstək məqsədilə Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən Bakı, Sumqayıt şəhər və Abşeron rayon YAP təşkilatlarının Gənclər birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışı keçirilib. Tədbiri YAP Gənclər Birliyinin sədri Seymur Orucov açaraq deyib ki, Monako və Sinqapur Qran-priləri kimi, biz də Bakıda ənənəvi şəhər yarışına ev sahibliyi edəcəyik. İyirmi ölkənin ev sahibliyi etdiyi “Formula 1” yarışı təqviminin tam mərkəzində yer almış, sayca 10-cu Qran-pri olan Bakı Avropa Qran-prisi öz unikallığı ilə seçilir. Belə ki, bu yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək paytaxtımızın ən qədim hissəsi olan və UNESCO Ümumdünya İrs Siyahısına daxil edilən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun ətrafında dövr edəcək. “Formula 1” yarışlarının 500 milyondan çox televiziya tamaşaçısı var və yarış zamanı dünyadakı “Formula 1” fanatlarının diqqəti Bakıda olacaq. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin tam simasını görə biləcəklər. YAP təşkilatlarının Gənclər Birlikləri arasında “YAP K-2016” adlı kartinq yarışının sonunda qaliblər kubok və diplomlarla təltif ediliblər. Yarışda birinci yeri YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyi tutub.

Aprel 30, 2016 6:16

İtaliya yığması Azərbaycana gəlir

Mayın 5-dən 21-dək Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışına start verən İtaliya yığmasına 25 oyunçu dəvət edilib. Baş məşqçi Alessandro dal Kanto mayın 1-nə qədər futbolçuların hazırlıq durumu ilə tanış olacaq. Məhz həmin gün 18 nəfərlik yekun heyət müəyyənləşəcək və mayın 3-də komanda Azərbaycana yola düşəcək. “Skuadra Adzurra” 18 oyunçu, məşqçi və texniki heyət daxil olmaqla, ümumilikdə 28 nümayəndə ilə Bakıya gələcək. İtaliya yığmasının ilkin heyəti: Qapıçı: Domeniko Koppola (“Torino”), Qabriel Manuel Meli (“Empoli”), Alessandro Plitsari (“Milan”) Müdafiəçilər: Alessandro Bastoni (“Atalanta”), Raoul Bellanova, Matteo Qabbia (hər ikisi “Milan”), Edoardo Byanki, Alessandro Tripaldelli, Cianmaria Zanandrea (hamısı “Yuventus”), Luka Pelleqrini (“Roma”), Karmine Setola (“Çesena”), Federiko Valietti (“İnter”) Yarımmüdafiəçilər: Fabritsio Kaliyara (“Yuventus”), Kristian Kapone, Alessandro Mallamo, Filippo Meleqoni (hamısı “Atalanta”), Davide Frattesi, Andrea Markukki (hər ikisi “Roma”), Alessio Militari (“Fiorentina”), Marko Olivieri (“Empoli”) Hücumçular: Qabriele Qori (“Fiorentina”), Bioti Moyse Kin (“Yuventus”), Pietro Pelleqri (“Cenoa”), Andrea Pinamonti (“İnter”), Canluka Skamakka (“PSV Eyndhoven”, Hollandiya). Qeyd edək ki, D qrupunda yer alan İtaliya millisi mayın 6-da Serbiya, 9-da Hollandiya və 12-də İspaniya ilə qarşılaşacaq. İtalyanların hər 3 görüşü “Qarabağ” stadionunda baş tutacaq.xeber100.com  

Aprel 27, 2016 2:40

Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib

Aprel ayının 23-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş 11-ci ənənəvi şahmat turnirinə start verilib. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumatda bildirilir ki, turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil olunub. Vergilər Nazirliyi Aparatının rəhbəri Əli Həsənov turnir iştirakçılarını salamlayaraq, Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışıb və uzun illərdən bəri ölkəmizdə böyük şahmatçıların yetişdiyini bildirib. Qeyd olunub ki, şahmatın daha sürətlə inkişaf etməsi, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət alıb. Prezident İlham Əliyevin hazırda şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran Ə.Həsənov, bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında xüsusi sərəncamlar imzalandığını da vurğulayıb. Qeyd olunub ki, şahmatçılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərin sayı gündən-günə artır, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızın gəncləri arasında şahmata marağı daha da artırır. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəblərində və klublarda 40 mindən çox uşaq və yeniyetmə məşğul olur. Bildirilib ki, iki dəfə ardıcıl olaraq Avropa çempionu olmuş Azərbaycan artıq nüfuzlu beynəlxalq şahmat yarışlarına da ev sahibliyi etməyə başlayıb. Artıq 2 ildir ki, ardıcıl olaraq Şəmkir şəhərində keçirilən, Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirində FİDE reytinqində yüksək pillələrdə olan beynəlxalq şahmatçılar iştirak edirlər. 2016-cı ilin sentyabr ayında Beynəlxalq Şahmat Olimpiadasının ilk dəfə olaraq Bakıda keçirilməsi planlaşdırılır. Nazirliyin müxtəlif struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi, Olimpiya sistemi üzrə keçirilən turnir may ayının 7-də başa çatacaqdır.xeber100.com

Aprel 24, 2016 2:17

“İlin ən yaxşı inşaat və dizayn layihələri” müsabiqəsində Bakı Olimpiya Stadionu qalib gəlib

Bakı Olimpiya Stadionu dünyanın ən möhtəşəm idman qurğularından biri kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yüksək standartlara uyğun şəkildə tikilmiş və dizayn edilmiş stadion ən müasir texnologiyalarla və infrastrukturla təchiz olunub. Trend SOCAR-ın saytına istinadən məlumat verjr ki, layihə bir sıra parametrlərinə görə artıq iki ildir nüfuzlu beynəlxalq müsabiqələrin qalibi seçilir. Ötən il inşaat sahəsində böyük nüfuza malik "Engineering News Record" jurnalının (ENR) "İlin ən yaxşı inşaat və dizayn layihələri" müsabiqəsində "İdman və əyləncə qurğuları" nominasiyasında qalib gəlmiş Bakı Olimpiya Stadionunun nailiyyətləri sırasına yeniləri əlavə olunub. Stadion bu ilin mart ayında Amerika Mühəndislik Şirkətləri Şurası (ACEC) tərəfindən struktur üzrə ən yaxşı layihə elan olunub. Amerikada mühəndislik xidmətləri şirkətlərini bir araya gətirən bu nüfuzlu təşkilat hər il birləşdirdiyi şirkətlərin iri layihələri arasında müsabiqə keçirir. Bakı Olimpiya Stadionu bu layihədə struktur üzrə mühəndislik xidmətlərini yerinə yetirmiş "Thornton Tomasetti" şirkətinin müraciəti əsasında iştirak edib. Mükafatlar martın 19-da Nyu Yorkda keçirilən təntənəli mərasimdə təqdim olunub. Mərasimdə Bakı Olimpiya Stadionu layihəsi "Thornton Tomasetti" şirkəti tərəfindən təmsil edilib. Aprelin 19-da isə Amerika üzrə keçirilən tədbirdə Bakı Olimpiya Stadionunun struktur üzrə özünəməxsus nailiyyət əldə etmiş layihə kimi təqdimatı keçirilib.xeber100.com    

Aprel 22, 2016 11:55