“Rio-2016”ya hazırlıq davam edir

Güləş üzrə Azərbaycan yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn yarışlara hazırlıqları davam etdirirlər. Azərtac xəbər verir ki, Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə, yunan-Roma və sərbəst güləş üzrə yığma komandalar məşqlərini Göygöl Olimpiya İdman Kompleksində, qadın güləşçilər isə Bolqarıstanın Belmeken təlim-məşq bazasında davam etdirirlər. Mayın 13-dən Bolqarıstana yollanan qadın güləşçilərimiz ayın 29-dək bu ölkənin yığma komandası ilə birgə hazırlıq keçəcəklər. Təlim-məşq toplanışına həmçinin, Türkiyə, Belarus və Macarıstan yığmasının üzvləri də qatılıblar. Sərbəst və yunan-Roma güləşi komandalarının təlim-məşq toplanışı isə mayın 15-dən başlayıb və ayın 30-dək davam edəcək. Yunan-Roma güləşi yığmamızın təlim-məşq toplanışında Kuba, İran və Gürcüstan güləşçiləri də iştirak edirlər. Kuba yığmasının heyətində ikiqat Olimpiya, beşqat dünya və səkkizqat Pan-Amerika çempionu Mijain Lopez (130 kq), dünya və üçqat Pan-Amerika çempionu İsmael Borrero Molina (59 kq) ilə yanaşı Pan-Amerika çempionatının qalib və mükafatçıları da yer alıblar. Sərbəst güləşçilərimiz də hazırlıqları Kuba komandasının üzvləri ilə birgə davam etdirirlər. Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 13 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək baş tutacaq.xeber100.com

May 17, 2016 3:18

Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının illik toplantıları keçiriləcək

Mayın 14-16-da Bakıda Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) rəhbər orqanları olan İdarəetmə Şurasının və İcraiyyə Komitəsinin görüşləri, həmçinin Federasiyanın Dağ Mədəniyyətlərinin Qorunması və Dağların Ekoloji Mühafizəsi komissiyalarının illik toplantısı keçiriləcək. Tədbir Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) və Qərb Universitetinin birgə təşkilatçılığı ilə reallaşacaq. FAİREX-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə UİAA-nın prezidenti Frits Vrijlant, UİAA-nın Dağların Mühafizəsi Komissiyasının prezidenti Linda Mak-Millan, UİAA-nın icraçı katibi Helen Denis və komissiyanın müxtəlif ölkələrdən olan 50-dən çox nümayəndəsi qatılacaq. Tədbir ərəfəsində qonaqlar Azərbaycanın görməli yerləri, füsunkar təbiəti və dağçılıq imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcək. Xatırladaq ki, Bakı UİAA-nın Dağların Mühafizəsi Komissiyasının görüşünə, “Qafqazda ekoturizmin perspektivləri və digər ölkələrin təcrübələri” mövzusunda konfransa, eyni zamanda, beynəlxalq gənclər düşərgəsinə və s. tədbirlərə ev sahibliyi edib. Tədbirlərin yüksək səviyyədə təşkili Azərbaycanın bu mötəbər qurumdakı mövqeyini daha da gücləndirib. Əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsi nəticəsində beynəlxalq federasiya bu il də mühüm toplantılarının Bakıda keçirilməsini qərara alıb. FAİREX 2010-cu ildən Beynəlxalq Dağçılıq və Dırmanma Federasiyasının (UİAA) tamhüquqlu və ən fəal üzvlərindən biridir.xeber100.com

May 14, 2016 12:50