Azərbaycan Super Liqasının 2015/2016 mövsümünün simvolik yığması açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2015/2016 mövsümünün simvolik yığması açıqlanıb. Apasport.az saytının məlumatına görə, artıq tarixin yaddaşına qovuşan “Rabitə”nin 8 illik çempionluq seriyasını qıraraq, qızıl medallara yiyələnən “Azərreyl”in 5 oyunçusu bu komandada yer alıb. Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Madison Kinqdon qazanıb. O, bu titulu hazırda komanda yoldaşı, ötən il “Rabitə”də oynamış Nutsara Tomkomdan təhvil alıb. Tailandlı toppaylayıcı buna baxmayaraq, Super Liqada yenə ən güclü olduğunu ortaya qoyub və mövqeyində birinciliyi əldən verməyib. Həmçinin, Azərbaycan çempionatının bombardiri və müdafiəçisi də dəyişməz qalıb. Super Liqada bu dəfə bürünc medal qazanan Aneta Havlikova yenə ən çox xal topladığı halda, Brenda Kastillo ən yaxşı müdafiəçi nominasiyasında liderliyini qoruyub. Ümumilikdə “doqquzluğ”da “Azərreyl”in 5 oyunçusu ilə yanası, ikinci yeri tutan “Telekom”dan 1, “Lokomotiv”dən 2 oyunçu yer alıb. “Azəryol” isə 4-cü yerdə qərarlaşmasına baxmayaraq, simvolik komandada 2 oyunçu ilə təmsil olunub. 2015/2016 mövsümünün simvolik komandası Ən dəyərli voleybolçu – Madison Kinqdon (Azərreyl) Ən yaxşı bombardir – Anita Havlikova (Lokomotiv) Ən yaxşı hücumçular – Yelizaveta Səmədova (Telekom), Stefani Niemer (Azəryol) Ən yaxşı blokçu – Cessika Cons ((Susan), Azərreyl)) Ən yaxşı toppaylayıcı – Nutsara Tomkom (Azərreyl) Ən yaxşı topqəbuledici – Odina Bayramova (Azərreyl) Ən yaxşı müdafiəçi – Brenda Kastillo (Lokomotiv) Ən yaxşı libero – Valeriya Məmmədova (Azərreyl) Topu oyuna ən yaxşı daxil edən – Malika Kanzonq (Azəryol) Qeyd edək ki, Super Liqanın ən yaxşı topqəbuledicisi olan “Azərreyl”in kapitanı Odina Bayramova həmçinin final mərhələsinin ən dəyərli oyunçusu seçilib.  

Aprel 11, 2016 1:51

“Formula-1” Avropa Qran Prisi Bakıda

Azərbaycanın paytaxtında iyun ayında keçiriləcək "Formula-1" Avropa Qran Pri-sində Baku City Circuit trası dünyada bütün şəhər trasları arasında ən sürətlisi olacaq. Bunu German Tilke Baku City şirkətinin saytında yerləşdirilən müsahibəsində deyib. Qeyd edək ki, məhz onun layihələri əsasında "Formula-1"in əksər trasları qurulur. Layihəçinin sözlərinə görə Bakı şəhər trası digər traslardan bir çox amillərə görə fərqlənir: "Bu, dünyada ən sürətli şəhər trası olacaq. Bu trass şəhərin tarixi mərkəzi ətrafında qurulub ki, bu da istər tribunalarda əyləşən, istərsə də evlərində "Formula-1" i seyr edənlər və sevənlər üçün təkrarolunmaz maraqlı bir atmosfer yaradacaq". Tilkenin sözlərinə görə, Bakıdakı "Formula-1" trası nadirdir: "Bakı mərhələsi təqvimdə ən həyacanlı mərhələlərdən biri olacaq. Əlbəttə, Bakıdakı trası digər traslarla müqayisə etmək olmaz, çünki şəhərin içində qurulub. Bununla yanaşı, digər şəhər traslarından fərqlənir. Bizim hesablamalara görə, bir dairəni keçmə müddəti təxminən 1 dəqiqə 41 saniyə təşkil edəcək, lakin əlbəttə ki, bu, yarışçıların hazırlığından asılı olacaq. Trasda ən mürəkkəb döngələrdən biri 8-ci olacaq, burada maksimum sürət saatda 204 kilometr olacaq. 8-ci ilə 9-cu döngələr arasındakı məntəqədə minumum sürətin saatda 86 kilometr olacağı gözlənilir". Onun sözlərinə görə, bu tras tarixi və müasir Bakı arasında ahəngdarlığı nümayiş etdirmək üçün məxsusi qurulub. Xatırladaq ki, "Formula-1" Avropa Qran Prisi Bakıda 2016-cı il iyunun 17-19 da keçiriləcək.

Mart 28, 2016 4:47