Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019” müsabiqəsinə start verib.Azərtac xəbər verir ki, avqustun 28-də Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında təşkilatçılar jurnalistlərin suallarını cavablandırıb.Bildirilib ki, yarışma Azərbaycanda informasiya texnologiyaları (İT) sektorunda innovasiyaların yaranması, iştirakçıların öz aralarında iş şəbəkəsini qurması, eləcə də onların bilik və bacarıqlarını artırmaqla gələcək karyeraları üçün ilk addımlarını ataraq, maraqlı və gündəmdə olan iş təklifləri əldə etmək baxımından olduqca cəlbedicidir.Mətbuat konfransında qeyd olunub ki, bu ilki müsabiqəyə 58 komandanın tərkibində 244 nəfər müraciət edib. Onlardan yalnız 20 komanda “AZCLOUD Hackathon 2019”da yarışmaq şansı qazanıb. Qalib komanda 10 min AZN məbləğində pul mükafatı əldə edəcək.Mətbuat konfransından sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə “AZCLOUD Hackathon 2019" müsabiqəsinin açılışını elan edib.Nazir bildirib ki, ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsi xüsusilə vacibdir. “Bura toplanan əsasən gənclərdir. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə ehtiyac var”, - deyə R.Quluzadə əlavə edib.Tələbə və gənclərin informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynadığını deyən R.Quluzadə bunu sevindirici hal adlandırıb: “Bu gün ki, tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyaların reallaşdırılması üçün də istifadə edirlər”.xeber100.com