“Bakı Metropoliteni” QSC-nin məlumatı

“Bakı Metropoliteni” QSC  31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sərnişinlərə xüsusi layihələr təqdim edəcək. 2018-ci ilin son günlərində metronun stansiyalarında da bayram əhval-ruhiyyəsi hiss olunur. “İçərişəhər”, “28 May”, “Nizami”, “Elmlər Akademiyası”, “Koroğlu”, “Avtovağzal”, “Bakmil” və “Memar Əcəmi” (Bənövşəyi xətt) metro stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Bununla yanaşı, stansiyaların monitorlarında hər iki bayramla bağlı təbriklər yerləşdirilib.Metropolitendən Azərtac-a bildirilib ki, Bakı Metropoliteninin 50 illik yubiley tədbirlərində olduğu kimi, retro vaqonları bu dəfə də xəttə buraxılacaq. Yeni il rəmzləri ilə bəzədilmiş “A” və “Q” tipli 2 retro vaqonların qoşulduğu iki qatar dekabr ayının 29-dan 2019-cu il yanvar ayının 2-dək günün müəyyən saatlarında xüsusi qrafiklə xəttə buraxılacaq. Sərnişinlərin orta və yaşlı nəslinin nümayəndələri hər dəfə bu vaqonları xətdə görəndə nostalji hisslər keçirirlər. Zövqlə bəzədilərək bayram ovqatına köklənmiş retro vaqonlara uşaqlar da biganə qalmırlar.Yeni il bayramının əsas qəhrəmanları Şaxta baba və Qar qız yenə də kiçikyaşlı sərnişinlərin görüşünə gələcək. Üç gün - dekabr ayının 29-dan 31-nə qədər metronun retro vaqonların qoşulduğu qatarlarında Yeni ilin əsas personajları azyaşlı sərnişinlərə hədiyyələr paylayacaq.Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, bu il də metropolitenin şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarında konsert proqramı təşkil ediləcək. Dekabrın 30-dan yanvarın 2-dək milli muğam üçlüyü və instrumental kvartetin ifa etdiyi canlı musiqi “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarının sərnişinlərində əsl bayram ovqatı yaradacaq.xeber100.com

Dekabr 26, 2018 2:42

“Azərenerji” ASC-nin məlumatı əsasında…

“Azərenerji” ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işlərinə başlanılıb.ASC-dən Azərtac-a bildirilib ki, “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq aparılan təftişdən sonra aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması, istismar müddətini başa vuran hissələrin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilir. İlkin mərhələdə sistemtəşkiledici 110 kV-luq ikidövrəli “8-ci kilometr” hava xətlərinin 3-cü və 4-cü xətlərində istismara yararsız naqillər, izolyatorlar dəyişdirilib, hava xəttinin dayaqları təmir edilib. Eyni zamanda, 110 kV-luq 1-ci “Xırdalan”, 110 kV-luq 2-ci “Maştağa”, 220 kV-luq “Zabrat” hava xətlərində yenidənqurma işləri aparılıb.Respublikanın bölgələrində də işlər həyata keçirilməkdədir. Belə ki, 220 kV-luq 6-cı “Masallı”, 110 kV-luq 2-ci “Salyan”, 110 kV-luq 3-cü “Sabirabad” hava xəttlərində istismar müddətini başa vuran dayaq və naqillər dəyişdirilib.Elektrik verlişi xətləri ilə yanaşı, yarımstansiyaların da müasirləşdirilməsi sürətlə davam edir. Yarımstansiyalarda ifrat yüklənən transformatorların yeniləri ilə əvəz olunması məqsədilə sifariş edilən 13 ədəd transformatorun quraşdırılmasına başlanılıb. “Əhmədli”, “Zabrat”, “135 Saylı”, “Sumqayıt-2”, “Sulfanol” və “Kimyaçılar” yarımstansiyalarında quraşdırılan transformatorların hesabına 400 meqavata yaxın güc artımına nail olunacaq.Qeyd edək ki, davamlı şəkildə həyata keçirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerji sisteminin stabil, təhlükəsiz, dayanıqlı iş rejimində fəaliyyət göstərməsi və iyul ayında baş verən enerji böhranının təkrar olunmaması üçün vacib əhəmiyyət kəsb edir.xeber100.com

Dekabr 25, 2018 12:31

Əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Dekabrın 20-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP arasında kiçik və orta biznesin inkişafına dəstək tədbirləri çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. BP bu sənədi əməliyyatçısı olduğu “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları adından imzalayıb.Azərtac xəbər verir ki, anlaşma memorandumu çərçivəsində tərəflər birlikdə yeni biznesin inkişafına dəstək olmaq məqsədilə potensial əməkdaşlıq istiqamətlərini və sahələrini qiymətləndirmək üzərində işləyəcəklər.Tədbirdə çıxış edən BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli yerli biznes sektorunun inkişafına bundan sonra da dəstək vermək üçün KOBİA ilə sıx əməkdaşlıq etməyə imkan yaradan bu anlaşma memorandumunu imzalamaqdan məmnunluq duyduğunu bildirib.B.Aslanbəyli qeyd edib ki, Azərbaycanın ən böyük neft və qaz layihələrinin operatoru kimi BP öz tərəfdaşları ilə birgə 10 ildən artıqdır yerli biznesin inkişafına yönəlmiş təşəbbüslərə dəstək verir: “Bu, bizim Azərbaycandakı sosial sərmayə strategiyamızda prioritet sahədir və bundan sonra da prioritet olmaqda davam edəcək. Azərbaycandakı fəaliyyətimizin ilk illərində biz yerli şirkətlərin təcrübəli beynəlxalq şirkətlərlə rəqabət apara bilməsi və bu regionda BP-nin operatoru olduğu layihələrdə daha çox iştirak edə bilməsi üçün öz potensial və imkanlarını gücləndirməyə ehtiyac duyduğunu müşahidə edirdik. Biz bu təşəbbüsün reallaşdırılmasında çox uğurlu nəticələrə nail olmuşuq və yüzlərlə yerli şirkətin biznesimizə keyfiyyətli xidmət göstərməsini görməkdən qürur duyuruq. Biz Azərbaycan iqtisadiyyatının sürətli inkişafının bir hissəsi kimi yerli şirkətlərin inkişafına və böyüməsinə yardım etmək öhdəliyimizə sadiq qalırıq”.xeber100.com  

Dekabr 20, 2018 2:59

AZAL birbaşa reyslərin bərpa olunmasını planlaşdırır

“Azərbaycan Hava Yolları” (AZAL) Aviaşirkəti dördillik fasilədən sonra 2019-cu ilin baharında Bakıdan Həştərxana birbaşa reyslərin bərpa olunmasını planlaşdırır.Azərtac bildirir ki, bu barədə jurnalistlərə Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr nazirinin səhaliyyətlərini icra edən Denis Afanasyev məlumat verib.İlkin plana görə, uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.D.Afanasyev dekabrın 18-də və 19-da Həştərxan nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarını şərh edərək deyib: “AZAL şirkəti ilə söhbətimiz uğurlu oldu, aviareyslərin 2019-cu ilin baharında bərpa olunması planlaşdırılır. Hazırda texniki məsələlər və marketinq siyasəti müzakirə edilir. İlkin plana görə, reyslər həftədə iki dəfə həyata keçiriləcək, uçuş müddəti isə hava gəmisinin tipindən asılı olaraq 1 saat 15 dəqiqədən 1 saat 30 dəqiqəyə qədər olacaq”.Nazir qeyd edib ki, Həştərxan ilə Bakı arasında aviareyslərin bərpa olunması məsələsi regionun qubernatoru səlahiyyətlərini icra edən Sergey Morozovun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə müzakirə edilib. Azərbaycan Prezidenti bu təşəbbüsü dəstəkləyib və məsələnin ən qısa müddətdə həll edilməsi barədə tapşırıq verib.D.Afanasyev bir məqama diqqəti cəlb edib ki, xüsusən Həştərxan vilayəti ilə Azərbaycan arasında qarşılıqlı turizm əlaqələrinin gücləndirilməsi hesabına bu istiqamətin yaxşı perspektivləri var.D.Afanasyev daha sonra deyib: “Bakı aeroportu həm Şərqə, həm də Qərbə doğru yerdəyişmələr üçün əlaqələndirici liman rolu oynaya bilər. Qiymət siyasəti rəqabətqabiliyyətli, habelə Həştərxan vilayətindən və Rusiyanın digər regionlarından olan sərnişinlər üçün münasib olmalıdır. Biz Qazaxıstanın qərb regionlarından olan sərnişinləri də nəzərdə tuturuq”.xeber100.com  

Dekabr 20, 2018 2:55