Əməkdaşlıq haqqında Memorandum imzalanıb

“Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində “Azərpoçt” MMC ilə “Rusiya poçtu” arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərtac-a bildirilib ki, məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.“Azərpoçt” elektron ticarət məhsullarının poçtla göndərilməsi və çatdırılması sahəsində 2 ildir ki, beynəlxalq “HUB” layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsində “Rusiya Poçtu” “Azərpoçt”un əsas tərəfdaşlarından biridir. Sözügedən layihə çərçivəsində “Rusiya Poçtu” ilə daha öncə də beynəlxalq poçt xidmətləri sahəsində əməkdaşlıq haqqında ikitərəfli saziş bağlanıb. Hazırda isə imzalanan memorandumun məqsədi beynəlxalq daşımalar zamanı yaranan problemlərin hər iki ölkənin poçtdaşımalarının maraqlarına əsasən həll edilməsi istiqamətində yeni addımlar atmaqdır.Qeyd edək ki, “Azərpoçt”un tranzit mərkəzi vasitəsilə Azərbaycandan Rusiyaya 2018-ci ilin 9 ayı ərzində göndərilən poçt həcminin ümumi çəkisi 93 min 485 kiloqram təşkil edib.Memoranduma əsasən, Çin tərəfinin sadə kiçik paketləri üzrə terminal xərcləri üçün hər iki tərəfin maraqlarına cavab verən məqbul tariflər formalaşdırılacaq. “Rusiya Poçtu”nda həyata keçirilən sadələşdirilmiş, qeydiyyatdan keçmiş poçt xidməti üçün terminal xərclərinin vəziyyəti tənzimlənəcək, beynəlxalq elektron ticarət paketləri üçün daxil olan tarif güzəştində qarşılıqlı endirimlərin tətbiqi üzrə addımlar atılacaq və beləliklə, poçt göndərişlərinin qəbulu zamanı şərti ödənişlə bağlı mövcud problemlər aradan qaldırılacaq.xeber100.com

Dekabr 7, 2018 4:19

Neft İxrac Edən Ölkələr Təşkilatının 175-ci iclası keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda dünən keçirilən OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclasında nazirlər neft hasilatının azaldılmasına dair tövsiyəsi, bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, eləcə də iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər müzakirə olunacaq.Vyanada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov bir sıra ikitərəfli görüşlər keçirib. Nazir dekabrın 7-də OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə iştirak edəcək.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

Dekabr 6, 2018 1:32

OPEC ölkələri Monitorinq Komitəsinin XII iclası keçiriləcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək.Azərtac xəbər verir ki, toplantıda OPEC+ üzrə hasilatın azaldılması, həmçinin neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC arasında əməkdaşlıq müqaviləsinin imzalaması da planlaşdırılır.Toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.Dekabrın 6-da OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Nazir dekabrın 7-də isə OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq. Səfər çərçivəsində P.Şahbazovun bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.xeber100.com

Dekabr 5, 2018 1:16