“Caspian Energy Forum Kvemo Kartli”yə qeydiyyat başlayıb

2018-ci il noyabrın 14-15-də Tbilisidə keçiriləcək VIII Beynəlxalq “Caspian Energy Forum Kvemo Kartli”yə qeydiyyat başlayıb.Bu barədə Azərtac-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.Forum Kvemo Kartli regionunun qubernatorunun, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və “Caspian European Club”un dəstəyilə keçiriləcək. Təşkilatçı “Caspian Energy Georgia” şirkətidir.“Caspian Energy Forum Kvemo Kartli”də sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin nəhəng beynəlxalq şirkətlərin və maliyyə institutlarının başçılarının yer aldığı 100-dən artıq nümayəndə iştirak edəcək.Proqrama əsasən, tədbirin ilk günündə Gürcüstan hökumətinin üzvlərinin və biznesmenlərin iştirakı ilə plenar sessiya keçiriləcək. İkinci gün sahibkarları regionun investisiya imkanları və artıq fəaliyyətdə olan müəssisələr ilə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq. “Caspian Energy Forum Kvemo Kartli”nin əsas mövzusu kənd təsərrüfatı, qida və içki məhsullarının istehsalı, turizm və iqtisadiyyatın digər sahələrini əhatə edir.xeber100.com

Oktyabr 24, 2018 3:11

AZAL və “Belavia” aviaşirkəti saziş imzalayıb

“Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) 2018-ci il oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (kod-şerinq) haqqında ikitərəfli saziş imzalayıb.“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sazişə əsasən “Belavia Aviaşirkəti” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, “Azərbaycan Hava Yolları” isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.“Belavia Aviaşirkəti” bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olub. Əminəm ki, AZAL və “Belavia”nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq”, - deyə “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd edib.Minsk-Bakı-Minsk reysinin birgə istismarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.“Biz çoxdankı tərəfdaşımız “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək”, - deyə “Belavia Aviaşirkəti” ASC-nin baş direktoru Anatoli Qusarov bildirib.Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında – “Belavia.by” və “azal.az” saytlarında əldə etmək mümkün olacaq.xeber100.com

Oktyabr 19, 2018 2:07

“SOCAR Capital” şirkətinin məlumatı əsasında…

Oktyabrın 17-də SOCAR istiqrazlarının 8-ci faiz ödənişi həyata keçirilib.“SOCAR Capital” şirkətindən Azərtac-a bildirilib ki, SOCAR istiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla ümumilikdə 1 milyon 250 min dollar vəsait ödənilib. Bu, istiqrazlar üzrə 8-ci faiz ödənişidir. Bununla da 5 illik dövriyyə müddəti olan SOCAR istiqrazlarının 2 ili geridə qalır. 100 milyon dollar həcmində buraxılan, illik 5 faiz gəlirliliyi və hər 3 aydan bir faiz ödənişi olan SOCAR istiqrazları 2 il ərzində ölkənin qiymətli kağızlar bazarında ən çox alınıb-satılan alətə çevrilib.2016-cı ildə buraxılan SOCAR istiqrazlarına ilkin bazarda tələb emissiya həcmindən 2 dəfə artıq olub, təkrar bazarda isə alqı-satqı həcmi artıq 170 milyon dollara yaxınlaşır. Beləliklə bu göstəricilərdən məlum olur ki, buraxıldığı ilk gündən bəri istiqrazlara qarşı həm fiziki, həm də hüquqi şəxslər tərəfindən maraq böyükdür.Likvidliyi, yəni dərhal pula çevrilmək imkanı, yüksək gəlirliliyi, SOCAR-ın geri alma zəmanəti, eləcə də faizlərin qrafik üzrə vaxtında ödənilməsi istiqrazları cəlbedici yatırım vasitəsinə çevirib.Ötən ilin noyabr ayından etibarən istiqrazlarla REPO əməliyyatları da həyata keçirmək mümkündür. REPO əməliyyatları SOCAR istiqrazları sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq, aşağı faizlə qısamüddətli kredit götürmək imkanı verir. Hazırda SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi 28 milyon dollar təşkil edir.Qeyd edək ki, SOCAR istiqrazlarının sahibləri uzunmüddətli kredit götürmək imkanına da malikdirlər. Onlar öz istiqrazlarını razılıq əldə olunmuş banklarda girov qoymaqla, illik 15-16 faizlə manat krediti əldə edə bilərlər. SOCAR istiqrazları girovdaykən belə, dollarda illik 5 faiz gəlir gətirməyə davam etdiyi üçün, manatla götürülən kreditin illik faizi realda 9 faizə qədər enir.Xatırladaq ki, hazırda ölkə vətəndaşları, eləcə də, yerli və xarici fiziki, hüquqi şəxslər, SOCAR istiqrazlarını “ASAN xidmət”in 1 və 5 saylı mərkəzlərinə müraciət etməklə təkrar bazardan əldə edə bilərlər.xeber100.com

Oktyabr 17, 2018 3:10