İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

2018-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 1600-dən çox müraciət olub.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu müraciətlərin 600-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 76 mindən çox müraciət daxil olub.Ötən ay daxil olmuş müraciətlər əsasən, lisenziyaların verilməsi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.Qeyd edək ki, “195-2” Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və “195-2” tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.xeber100.com

May 18, 2018 3:07

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (AXDG) donanmalarının müasir gəmilərlə yenilənməsinə hər zaman xüsusi diqqət yetirir. Məhz, bunun nəticəsidir ki, hazırda gəmiçilik Xəzərdə nəqliyyat və ixtisaslaşdırılmış ofşor donanmalarının tərkibindəki gəmilərinin sayına görə aparıcı mövqeyə malikdir.“Mərdəkan” və “Şüvəlan” adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyükhəcmli yük tanklarına malikdir.Hər iki gəminin uzunluğu 60 metr, eni 16 metr, sürəti 13 düyümdür. “Mərdəkan” gəmisinin dedveyti 1700, dartma qüvvəsi 81, “Şüvəlan” gəmisinin dedveyti 1810, dartma qüvvəsi 75 tondur. Onların texniki xüsusiyyətləri sərt hava şəraitində dənizdəki platformalara yan almadan yükləmə-boşaltma əməliyyatlarını təhlükəsiz şəraitdə yerinə yetirməyə imkan verir. Gəmilərdə quraşdırılan müasir yanğınsöndürmə avadanlığı isə dəniz obyektlərində yanğın baş verərsə bu zaman hadisəyə ilkin müdaxilə etməyə şərait yaradır.Qeyd edək ki, gəmiçilik donanmalarının müasirləşdirilməsi və böyüməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.xeber100.com

May 17, 2018 1:25

Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) aprel ayında neft hasilatının azaldılması üzrə Vyana sazişinə 172 faiz əməl edib.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Martda bu göstərici 165 faiz olub.Bildirilir ki, OPEC-in xam neft istehsalı apreldə gündəlik 130 min barrel azalaraq 31,65 milyon barrelə geriləyib. Bu, Venesuela və Afrikada neft hasilatının azalması ilə bağlıdır.Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu razılaşmasına Azərbaycan da qoşulub.xeber100.com

May 16, 2018 12:45