“TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək

İyunun 11-13-də Bakı Expo Mərkəzində XVII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2018” sərgisi keçiriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, sənaye müəssisələrinin yeni məhsul və nailiyyətlərini nümayiş etdirən və mahiyyət etibarı ilə bir çox cəhətdən nəqliyyat sektorunun gələcək inkişaf vektorunu müəyyənləşdirən bu sərgi Xəzər regionunda aparıcı nəqliyyat tədbirlərindən biridir. Sərgidə əsas dövlət nəqliyyat qurumları, eləcə də dəmiryol sektoru, dəniz sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat, daşınma və logistika xidmətləri sahəsində fəaliyyət göstərən kommersiya şirkətləri bir arada toplanır.Sərgi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.Azərbaycan, Avstriya, Belarus, Litva, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Yunanıstan və digər ölkələri təmsil edən şirkətlər nəqliyyat sahəsinin geniş məhsul və xidmətlər çeşidini (yükdaşımalar, lokomotiv, sərnişin və yük vaqonlarının istehsalı, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün komplektləşdirici hissələr, gəmiqayırma və gəmi təmiri, liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün ehtiyat hissələri və sair) təqdim edir. Bu il Türkmənbaşı Beynəlxalq Dəniz Limanı sərgidə debüt edəcək.Sərgidə ticarət şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi kimi dövlət nəqliyyat qurumları da iştirak edəcəklər. Sərginin işgüzar proqramı çərçivəsində iştirakçılar və iri yerli şirkətlər arasında ikitərəfli görüşlər keçiriləcək.xeber100.com

Aprel 10, 2018 4:29

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən mayın 8-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 178 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 22-si səhmdar cəmiyyət, 93-ü kiçik dövlət müəssisə və obyekti, 60-ı istifadəsiz qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir.ƏMDK-dan Azərtac-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Sumqayıt, Cəlilabad, Sabirabad, Şəmkir, Şirvan və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 14 kvadratmetr ilə 5000 kvadratmetr arasında dəyişir.Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investor sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.xeber100.com    

Aprel 9, 2018 2:40

“Hestourex” sərgisi çərçivəsində seçim toplantısı təşkil olunub

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti seçilib.Apa-nın məlumatına görə, Antalyada keçirilən “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçim toplantısı təşkil olunub. Seçimdə 22 ölkədən 48 nümayəndə iştirak edib.Tədbirdə səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvü Ceyhun Aşurov ÜSTT-nin baş katibinin müavini seçilib.Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və gələcək perspektivlər barədə məlumat verib, təşkilatın platformasını elan edib.O, jurnalistlərə açıqlamasında bildirib ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialın tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. 22 ölkədən 48 nümayəndənin qatıldığı belə bir möhtəşəm tədbirdə Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.xeber100.com

Aprel 8, 2018 11:38