“Hestourex” sərgisi çərçivəsində seçim toplantısı təşkil olunub

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın sədri Ruslan Quliyev Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti seçilib.Apa-nın məlumatına görə, Antalyada keçirilən “Hestourex” (Səhiyyə, idman və alternativ turizm) sərgisi çərçivəsində beynəlxalq təşkilatın seçim toplantısı təşkil olunub. Seçimdə 22 ölkədən 48 nümayəndə iştirak edib.Tədbirdə səsvermə ilə təşkilatın altı vitse-prezidenti və prezidenti elan olunub. Təşkilata rəhbərlik Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana keçib. Eyni zamanda, Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyanın idarə heyətinin üzvü Ceyhun Aşurov ÜSTT-nin baş katibinin müavini seçilib.Toplantıda çıxış edən Ruslan Quliyev Azərbaycan sağlamlıq turizminin imkanları və gələcək perspektivlər barədə məlumat verib, təşkilatın platformasını elan edib.O, jurnalistlərə açıqlamasında bildirib ki, bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq: “Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialın tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. 22 ölkədən 48 nümayəndənin qatıldığı belə bir möhtəşəm tədbirdə Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.Qeyd edək ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.xeber100.com

Aprel 8, 2018 11:38

İqtisadiyyat Nazirliyinin məlumatı əsasında…

Azərbaycan Dünya Turizm Təşkilatı ilə əlaqələrini genişləndirəcək.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşündə vurğulanıb. Nazir Şahin Mustafayev Azərbaycanda son illərdə turizmin sürətlə inkişaf etdiyini, ölkəmizdə bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyini, Azərbaycana gələn turistlərin və xarici qonaqların sayının artdığını, Bakıda və regionlarda turizmin inkişafı üçün müasir infrastrukturun yaradıldığını diqqətə çatdırıb, bu sahənin inkişafı üçün nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, turizmin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir və ölkəmizin bu sahədə böyük potensialı var. Azərbaycanda turizm üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi – Azərbaycan Turizm Universiteti fəaliyyət göstərir. Viza rejiminin sadələşdirilməsi turizmin inkişafında önəmli göstəricilərdəndir və hazırda Azərbaycanda tətbiq olunan "ASAN Viza" sistemi vasitəsilə turistlərə qeyri-iş günlərindən asılı olmayaraq 3 saat ərzində viza verilir. Bu isə ölkəmizə gələn turistlərin sayının artmasına böyük təkan verir. Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq imkanlarından danışan iqtisadiyyat naziri ölkəmizdə sənayenin müxtəlif sahələri üzrə ixtisaslaşmış parkların fəaliyyət göstərdiyini və turizm sahəsində də belə bir parkın yaradılması imkanlarını diqqətə çatdırıb. Bundan başqa, Azərbaycanın turizm potensialına dair birgə təqdimatlar təşkil edilə bilər və bu sahədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıq məqsədəuyğundur.Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ölkəmizə səfərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsindən və aparılan müzakirələrdən məmnunluğunu ifadə edib. Azərbaycanın turizm sahəsində böyük potensialının olduğunu qeyd edən Zurab Pololikaşvili ölkəmizdə turizmin inkişafına, təmsil etdiyi təşkilatla əməkdaşlığa dair fikirlərini bildirib, Azərbaycanda Beynəlxalq Təhsil Mərkəzinin yaradılmasına, ixtisaslı kadrların hazırlanmasına, regional turizmin inkişafına, bu sahəyə investisiya qoyuluşuna dair layihələrə, təbliğat-təşviqat kampaniyalarına və müxtəlif həvəsləndirici tədbirlərlə bağlı təkliflər səsləndirib.xeber100.com

Aprel 6, 2018 4:27

Xəzər Dəniz Gəmiçiliyinin məlumatı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Dağıstan” gəmi-bərəsinin modernləşdirilməsi yekunlaşıb.Gəmiçiliyin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, uzunluğu 154,5 metr, eni 18,3 metr olan “Dağıstan” gəmisi 1984-cü ildə keçmiş Yuqoslaviyanın (indiki Xorvatiya) Pula şəhərində tikilib. Beş il əvvəl istismardan çıxarılan “Dağıstan” bərəsinin yenidən təmir və modernləşdirilməsi barədə qərar qəbul edilib. Öz dövrü üçün unikal gəmilərdən hesab edilən bərənin modernləşdirilməsi bir il müddətində tam olaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mühəndis-texniki personalı tərəfindən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda reallaşdırılıb. Gəmiçilik tarixində ilk bu cür modernləşdirmə layihəsi də elə qurumun adıçəkilən heyəti tərəfindən hazırlanıb.Gəmi-bərənin bütün idarəetmə sistemləri modernləşdirilib. Əsas işlərdən biri isə bərənin maşın şöbəsində reallaşdırılıb.“Dağıstan” bərəsinin istifadəetmə müddəti bitmiş iki köməkçi mühərriki “Hyundai” markalı mühərriklərlə əvəzlənib. Yeni quraşdırılan və 1000 kilovat gücündə olan mühərriklər əvvəlkilərlə müqayisədə daha qənaətcil, effektiv və avadanlığa göstəriləcək xidməti asanlaşdırmaq baxımından sərfəlidir.Modernləşdirilmiş “Dağıstan” gəmisi Xəzərdə yeganə bərə operatoru olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin bərə donanmasında özünəməxsus yer alıb. Gəminin artıq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə istismarına start verilib.“Dağıstan” gəmi-bərəsi Azərbaycanın tranzit cəlbediciliyinin artırılması və regionun ən iri nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində aparılan dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayacaq.xeber100.com  

Aprel 5, 2018 4:24

İşçi Qrupun XI toplantısı keçirilib

Hesablama Palatasının icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) təşkilatçılığı ilə Roma şəhərində Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun XI toplantısında iştirak edib.Palatanın mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclasda İtaliya, ABŞ, Çin, İndoneziya, Braziliya, Səudiyyə Ərəbistanı, Slovakiya, Avstriya, Finlandiya, Bolqarıstan, Qazaxıstan, Rusiya, Belarus Ali Audit Qurumlarının əməkdaşları, həmçinin INTOSAI Peşəkar müraciətlər forumu, INTOSAI İnkişaf Təşəbbüsü (IDI), Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GIZ) ekspertləri, İtaliya Büdcə ofisinin rəhbəri və Roma Universitetinin akademik heyəti təmsil olunublar.İclasda Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun 2017-ci ilin aprel ayından 2018-ci ilin mart ayına qədər fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanan Əsas Milli Göstəricilərin və makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən ABŞ, İtaliya, Avstriya, İndoneziya və Səudiyyə Ərəbistanı ali audit qurumlarının Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət auditi ilə bağlılığı mövzusunda təqdimatları dinlənilib.xeber100.com

Aprel 5, 2018 4:20