Əmanətlərin Sığortalanması Fondu yeni müqavilə imzalayıb

Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv prosesində olan bankların ləğvedicisi kimi "Azərbaycan Kredit Bürosu" MMC ilə müqavilə imzalayıb.ADIF-dan Azərtac-a bildiriblər ki, ləğv prosesində olan banklar kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi ilə bağlı "Azərbaycan Kredit Bürosu" ilə məlumat mübadiləsini həyata keçirəcəklər.Büro fiziki və hüquqi şəxslərə öz maliyyə öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsinə dəstək vermək məqsədini daşıyır.Belə ki, ləğv prosesində olan banklar öz müştərilərinin digər banklardakı kredit tarixçəsi ilə tanış olmaq imkanı olacaq və hər hansı müştəri ilə kredit öhdəliyinin restrukturizasiya edilməsi barədə qərar qəbul edilərkən müştərinin kredit tarixçəsi nəzərə alınacaq.Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Texnikabank" ASC, "Atrabank" ASC, "Kredobank" ASC, "Gəncəbank" ASC, "Zaminbank" ASC, "Dəmirbank" ASC, "Royalbank" ASC, QSC "Bank Standard", "Bank of Azerbaijan" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC və "Qafqaz İnkşaf Bankı" ASC-nin ləğvedicisidir.xeber100.com

Aprel 4, 2018 3:22

“Azərişıq” ASC-yə 232 sahibkar müraciət edib

Mart ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 232 sahibkar müraciət edib.ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, prosedurların azaldılması sahibkarların işini asanlaşdırıb. “Azərişıq” ASC tərəfindən sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsinin bölgələrdəki bütün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərini əhatə etməsi, vahid pəncərə sistemi üzrə prosedurların 7-dən 3-ə salınması və şəbəkəyə qoşulma müddətinin 69 gündən 24 günə endirilməsi mart ayı ərzində müsbət mənada öz təsirini göstərib. Belə ki, mart ayında bayram günlərinin sayının çoxluğuna, daha dəqiq cəmi 19 gün iş günü olmasına baxmayaraq, 318 sahibkar elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN xidmət” və “ASAN Kommunal” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib.Mart ayı ərzində sahibkarlarla yanaşı, əhali abonentlər də bütün bölgələri əhatə edən asanlaşma prosesindən, o cümlədən prosedurların sadələşdirilməsindən faydalanıblar. Belə ki, mart ayının 19 iş günü ərzində 2972 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə müraciət edib.Ümumilikdə isə ay ərzində “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 11 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb bu sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart-kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart-karta ödənişin yüklənməsi və məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu) 13 minə yaxın müraciət olunub.xeber100.com

Aprel 4, 2018 3:19

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti və “Microsoft Azərbaycan” arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Hazırda dünyada kiberinsidentlərin sayı surətlə artır. Həyata keçirilən monitorinq tədbirləri və aparılan təhlillər nəticəsində müəyyən olunub ki, ziyanverici proqramlar, fişinq hücumları, istifadəçilərin elektron poçt və sosial şəbəkə hesablarının ələ keçirilməsi, DoS/DDoS hücumlar ölkəmizdə də internet istifadəçilərinin qarşılaşdığı əsas təhlükələrdir.Nazirlikdən Azərtac-a bildirilib ki, Anlaşma Memorandumu bu təhdidlərin və təhlükələrin qarşısının alınması, kiberhücumlarla effektiv mübarizə aparılması istiqamətində kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsini həyata keçirmək, əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə imzalanıb.Memorandum kibertəhlükəsizlik sahəsində “Microsoft”un xidmət və texnologiyalarından istifadə, bilik və təcrübə mübadiləsi, tədqiqatların aparılması üzrə əməkdaşlıq əlaqələrinin qurulması dövlət sektorunda lisenziyalı proqram təminatının təbliği kimi məsələləri əhatə edir.Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti kibertəhlükəsizlik sahəsində informasiya infrastrukturu subyektlərinin fəaliyyətinin koordinasiyasını, mövcud və yarana biləcək elektron təhlükələr barədə ölkə səviyyəsində məlumatlandırmanı, əhalinin, özəl qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsini, onlara metodiki kömək göstərilməsini təmin edən əlaqələndirici dövlət qurumudur.Xidmət “FİRST”, “Tİ”, “CERT CC”, “CAMP”, “Anti-phishing Working Group (APWG)” kimi beynəlxalq qurumlarla sıx əməkdaşlıq edir."Kiberhücumlar nəinki təşkilat və şirkətlərə maddi zərər vurur, eyni zamanda, ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Tərəflər arasında imzalanan bu sənəd Azərbaycanda kiberməkanın təhlükəsizliyinin təmin edilməsində və ümumiyyətlə, ölkədə informasiya texnologiyaları sahəsinin inkişafında olduqca vacib addımdır və mühüm rol oynayacaq. Kibertəhlükəsizlik sahəsində “Microsoft”un kifayət qədər təcrübəsi, həlləri və xidmətləri mövcuddur ki, Elektron Təhlükəsizlik Xidməti ilə onları bölüşməyə hazırıq", - deyə "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.xeber100.com

Aprel 2, 2018 3:13