“Bakcell” şirkəti əmək yarmarkasına qatılıb

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib.Şirkətdən Azərtac-a bildirilib ki, özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır. Bu fəaliyyətin davamı olaraq “Bakcell” martın 10-da Qərbi Kaspi Universitetinin təşkil etdiyi əmək yarmarkasında iştirak edib. Müxtəlif sahələri təmsil edən 50-dən artıq nüfuzlu şirkətin qatıldığı əmək yarmarkasında universitetin tələbə və məzunlarına “Bakcell” şirkətinin satış və marketinq departamentlərində mövcud vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Həmçinin gənclər “Bakcell” şirkətinin öz müştərilərinə və xidmətlərinə innovativ yanaşma üsulları barədə geniş məlumatla tanış olublar. Karyera sərgisindəki “Bakcell” stendi iştirakçıların böyük marağına səbəb olub.Qeyd edək ki, “Bakcell” və Qərbi Kaspi Universiteti arasında 2017-ci il dekabrın 14-də Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, tərəflər arasında elm, təhsil, kadr məsələləri və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın qurulması nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində görüləcək işlər ölkəmizdə təhsil və iqtisadiyyatın inkişafı üçün faydalı olmaqla yanaşı, Azərbaycan gənclərinin əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə töhfə verəcək.“Bakcell” şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərir və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verir.xeber100.com

Mart 12, 2018 3:29

“HOREX Caucasus 2018” keçiriləcək

Aprelin 5-dən 7-dək Bakı Ekspo Mərkəzində 12-ci Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimat sərgisi - “HOREX Caucasus 2018” keçiriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, Cənubi Qafqaz və Xəzəryanı regionun yeganə ixtisaslaşmış tədbiri olan “HOREX Caucasus” sərgisi məhsul və xidmətlərin təqdim olunması, aparıcı sənaye şirkətləri, eləcə də alıcı və tərəfdaşlarla səmərəli fikir və təcrübə mübadiləsi, bazarın rəqabət qabiliyyətinin təhlili və möhkəm işgüzar əlaqələrin qurulması üçün əla imkan yaradır. Sərgini hər il bir çox istehsalçı şirkətlər, məhsul təchizatçıları, ekspertlər, eləcə də geniş istehlakçı auditoriyası ziyarət edir.Sərgi Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları “Iteca Caspian” və onun Böyük Britaniyadan olan tərəfdaşı “ITE Group” şirkətləridir.Bu il sərgidə qəhvə, qəhvə maşınları, trüfel (göbələk növü) və trüfel məhsulları, yuyucu vasitələr, peşəkar təmizlik avadanlığı, qab-qacaq, habelə otel, restoran və kafe - HoReCa sektoru üçün havatəmizləyici filtrlər təqdim edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edəcək.Sərgi çərçivəsində tədbir iştirakçıları ilə yerli şirkətlər arasında ikitərəfli görüşlər, “Azerbaijan Coffee Days” (“Azərbaycanda qəhvə günləri”) mövzusunda seminar və ilk dəfə olaraq barista çempionatı keçiriləcək. Bu yarışmada qəhvə növlərini düzgün yanaşma əsasında hazırlamağı bacaran peşəkarlar öz məharətlərini nümayiş etdirəcəklər.Beləliklə, “HOREX Caucasus” sərgisi Azərbaycanda intensiv inkişaf edən otel biznesinin tələbatını əks etdirməklə yanaşı, Azərbaycanın otel və restoran sənayesinin peşəkarları üçün ideal işgüzar platformaya çevriləcək.xeber100.com

Mart 7, 2018 3:47