“Bakı Metropoliteni”: Bayram günlərində 2,3 milyondan çox sərnişin daşınıb

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gücləndirilmiş iş rejimində çalışan Bakı Metropoliteni beş gün ərzində 2 milyon 332 min 539 və yaxud gün ərzində orta statistik hesabla 466 min 508 sərnişin daşıyıb. Bayram günlərində hər hansı neqativ hadisə yaşanmayıb. Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilib ki, bu ilin yanvarın 1-nə keçən gecə Yeni ilin gəlişini şəhər gəzintisində qeyd edənlərin axını nəzərə alınaraq, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti 1 saat uzadılıb. Lakin tələbata uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi iş vaxtını daha bir saat artırıb. Gecə saat 02:00-a qədər stansiyalar sərnişinlərin girişinə açıq olub. İki saat ərzində metropolitendən 27 min 688 ödənişli sərnişin istifadə edib. Bu rəqəm 2022-ci ilin gəlişi ilə əlaqədar uzadılmış iş vaxtı ərzində (2022-ci il yanvarın 1-nə keçən gecə) daşınan sərnişin sayından 5156 nəfər çoxdur. 2023-cü il yanvarın 1-nə keçən gecə 2 saat ərzində sərnişinlərin ən çox daxil olduğu stansiyalar “28 May” (9363), “Sahil” (8627) və “İçərişəhər” (5225) olub. Bu, iş vaxtının uzadıldığı müddətdə metropolitendən istifadə edən sərnişinlərin 83,84 faizini təşkil edir. Ümumiyyətlə, 2022-ci ilin dekabr ayı ərzində Bakı Metropoliteni 21 milyon 293 min 624 sərnişinə daşıma xidməti göstərib. Orta statistik hesabla gün ərzində 686 min 891 nəfər metropolitendən istifadə edib. Bu, pandemiya dövründə bir ay ərzində ən yüksək göstərici hesab olunur. İlin sonuncu ayının yalnız iş günləri nəzərə alınarsa, metropoliten 22 gün ərzində orta hesabla 760 min 185 nəfər sərnişin daşıyıb.xeber100.com

Yanvar 6, 2023 12:03

“Bakı Metropoliteni” QSC: “Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir

“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir. “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, “Xocəsən” stansiyası “Bakımetrolayihə” İnstitutunun mütəxəssisləri tərəfindən layihələndirilib. Stansiyanın istismara verilməsi ilə “Bənövşəyi xətt”in sərnişinləri artıq 7 vaqondan ibarət qatarlardan istifadə edə biləcək. Bakı metrosunun sayca 27-ci stansiyası olan “Xocəsən” “Bakmil”dən fərqli olaraq sərnişindaşımalarına daha intensiv cəlb ediləcək. Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov isə qatarların intervalı ilə bağlı məsələyə toxunub. Qeyd edib ki, “Bənövşəyi xətt”də qatarlar “Avtovağzal” stansiyasından 8 dəqiqəlik intervalla hərəkət edir. Həmin stansiyadan sərnişinlər bir qatardan bir “Xocəsən” stansiyasına gələ biləcək: “Avtovağzaldan hərəkət edən qatarlar bir dəfə “8 Noyabr”, növbəti dəfə “Xocəsən” stansiyasına daxil olacaq və bunun nəticəsində də “Xocəsən”dən yola düşən qatarların intervalı 16 dəqiqə təşkil edəcək. Gələcəkdə sərnişinlərin sıxlığı və bir sıra məsələlər nəzərə alınaraq qatarların intervalı dəyişdirilə bilər”. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və “Xocəsən” stansiyasının açılışı olub.xeber100.com

Dekabr 23, 2022 11:40