Preferensial Ticarət Sazişi bu il imzalanacaq

"Azərbaycan və Türkiyə Preferensial Ticarət Sazişinin imzalanması üçün birgə çalışır və biz sürətlə istədiyimiz nəticəyə doğru irəliləyirik".Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında bu ölkənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib."Bu ilin sonunadək sazişi imzalamağa çalışacağıq", - deyə nazir vurğulayıb.N. Zeybekçi xatırladıb ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib: "Bu, örnək kimi dəyərləndirilə biləcək bir addım idi. Türkiyənin Naxçıvana ixrac etdiyi mallardan vergi tutulmayacaq, eyni zamanda Naxçıvanda istehsal edilib Türkiyəyə göndərilən mallar da rüsumdan azad olunub. Eyni zamanda, bunu da qeyd edim ki, hər iki tərəf mallarını milli valyutalarda satacaq. Bu isə ortaq türk bazarının yaradılması üçün bir mesajdır. Özbəkistanın bu sahədə atdığı addımları da yaxından təqib edirik. Bu ölkə Türkiyə ilə sürətlə yaxınlaşır və bunun davam edəcəyinə inanırıq".Qurum rəhbərinin fikrincə, viza rejiminin ləğv olunması Azərbaycanda turizm sektorunun daha da inkişafına səbəb olacaq: "Qardaşlar arasında viza olarmı? Vizaları ləğv etdiyiniz anda turizmin necə inkişaf etdiyini görəcəksiniz. Milyonlarla Türkiyə vətəndaşı sizin ölkələrə axacaq. Turizm böyük iqtisadiyyat, böyük inkişaf deməkdir, pul deməkdir. Bu sahələrdə də razılığa gələcəyik, şübhəm yoxdur. Bir az səbrlə işləmək, addım-addım irəliləmək lazımdır".xeber100.com

Dekabr 2, 2017 4:37

Statistika Komitəsində təlim təşkil edilib

Noyabrın 29-u dekabrın 1-i tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin bir qrup mütəxəssisi üçün biznes reyestrin yenilənməsi üsulları və keyfiyyətin idarə edilməsi sisteminə dair təlim keçirilib.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, təlimdə Dövlət Statistika Komitəsinin əməkdaşları tərəfindən tacikistanlı statistiklərə Azərbaycan Respublikasının milli statistika sistemi, onun strukturu, statistik vahidlərin Dövlət reyestrinin strukturu, məlumatların mənbəyi, reyestrin aktuallaşdırılması prosesi və dövriliyi, rəsmi statistika məqsədləri üçün inzibati məlumatlardan istifadə, iqtisadi və sosial təsnifatlar, statistikada keyfiyyətin idarə edilməsi sisteminin yaradılması və inkişaf etdirilməsi, sistemin yaradılmasında qarşıya çıxan çətinliklər, sertifikatlaşma prosesi, statistik biznes-prosesin ümumi modelinin metodoloji konsepsiyası, metaməlumatların strukturu və sair məsələlərlə bağlı təqdimatlar edilib, ölkə təcrübəsi haqqında ətraflı məlumat verilib.Təlimdə təqdimatlarla yanaşı, biznes reyestrin aparılması üsullarına dair praktiki məşğələlər keçirilib, Tacikistan Respublikasının Prezidenti yanında Statistika Agentliyinin mütəxəssislərini maraqlandıran suallar cavablandırılıb.xeber100.com

Dekabr 1, 2017 1:32

İkitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin üçüncü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla OPEC Konfransının prezidenti və Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih arasında görüş keçirilib. Görüşdə neft hasilatının azaldılmasına dair sazişin nəticələri, neft bazarında mövcud vəziyyət, eləcə də Azərbaycanla OPEC+ çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.Xalid Əbdüləziz Əl Falih OPEC və kartelə daxil olmayan ölkələrin əməkdaşlığının ardıcıl nailiyyətlərlə müşayiət olunduğunu deyərək, neftin qiymətinin sabitləşməsi istiqamətində müsbət meyilləri birgə fəaliyyətin bəhrələri kimi qiymətləndirib. O, Azərbaycanın bu prosesə davamlı dəstəyinin və öhdəliyə əməl etməsinin ümumi məqsəd naminə vacibliyini qeyd edib. Görüşdə neftin dünya enerji balansında mövqeyinə də toxunulub. Bildirilib ki, enerji sektorunda yeni tendensiyaların güclənməsinə baxmayaraq, neft yanacaq növü kimi hələ uzun müddət aktuallığını saxlayacaq.Müzakirələr Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini də əhatə edib. Səudiyyə Ərəbistanının Azərbaycanın neft-kimya və neft emalı sənayesinə maraq göstərdiyi qeyd edilib və bu istiqamətdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.xeber100.com

Dekabr 1, 2017 1:22

OPEC ölkələrin nazirlərinin 3-cü iclası keçiriləcək

Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Nazirlər Şurasının 173-cü, OPEC və qeyri-OPEC ölkələrin nazirlərinin 3-cü iclası keçiriləcək.Azərtac xəbər verir ki, OPEC+ ölkələrin nazirlərinin 3-cü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı, Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları olacaq, həmçinin neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflər müzakirə ediləcək. Azərbaycanı energetika naziri Pərviz Şahbazovun təmsil edəcəyi nazirlərin toplantısında OPEC+ sazişinə daha 10-nadək ölkənin qoşulması nəzərdən keçiriləcək.OPEC Nazirlər Şurasının 173-cü iclasında isə hasilat kvotasının artırılması və ya mövcud OPEC+ sazişinin müddətinin 6, 9, həmçinin də 1 ilədək uzadılması əsas müzakirə mövzusu olacaq.Qeyd edək ki, Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində bu ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib.Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunmuşdu. Mövcud OPEC+ sazişinin müddəti gələn il martın 31-də sona çatır.xeber100.com  

Noyabr 30, 2017 2:33