“Recexpo III” sərgisi çərçivəsində

Noyabrın 29-da “Recexpo III” sərgisi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən "Daşınnaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda beynəlxalq konfrans keçirilir.Azərtac xəbər verir ki, Bakı Ekspo Mərkəzində təşkil olunan konfransda Almaniya, Yunanıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Portuqaliya, İspaniya və digər ölkələrin dövlət qurumlarının, eləcə də xarici ölkələrin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi iştirak edir.Konfransın məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investor kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir.Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə aparılan iqtisadi islahatlar son nəticədə makroiqtisadi göstəricilərin, habelə ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Bu məqsədlə genişmiqyaslı islahatlar həyata keçirilir. Nəticədə investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilib.xeber100.com

Noyabr 29, 2017 2:48

“AtaHolding”in məlumatı əsasında…

Dekabrın 5-də "Excelsior Hotel & Spa Baku" otelində "Otelçilikdə PR-in təşkili" mövzusunda seminar keçiriləcək."AtaHolding"dən Azərtac-a bildiriblər ki, seminarda "AtaHolding" korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, "Azərbaycan Public Relation Association" idarə heyətinin üzvü, "Əlibəyov Consulting" şirkətinin rəhbəri Vəli Əlibəyov adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər. Seminarda otel sahəsində çalışan iştirakçı PR mütəxəssisləri bu sahədə öz təcrübələrini bölüşəcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.D.Zamanova bildirib ki, tədbirin keçirilməsində məqsəd otel sahəsində çalışan PR mütəxəssislər arasında təcrübə mübadiləsi aparmaq və gələcəkdə bu sahədə keçiriləcək təlimlər sahəsində əməkdaşlıq imkanlarının müzakirəsidir: "Bu gün turizmin əsas sahələrindən biri olan və Azərbaycanda da çoxsaylı otellərin tikilib istifadəyə verilməsi ilə sürətlə inkişaf edən otelçilik turizmi ilə bağlı PR, otelin təklif etdiyi məhsul və ya xidmətin müştəridə xoş və müsbət münasibət, bu sahədə qarşılıqlı anlaşma formalaşdırılmasını ehtiva edir. Otelçilik turizmi üzrə PR bacarıqlarının artırılması hazırda olduqca önəmlidir. Bu seminarın təşkili də bu məqsədə, eləcə də ümumilikdə Azərbaycanda turizmin inkişafına xidmət etmiş olur".xeber100.com

Noyabr 27, 2017 2:25