Oktyabrın 15-dən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürüb. Budəfəki Şopinq Festivalı birincidən çox fərqli və daha yeni imkanlar vəd edir.Azərbaycan Konqreslər Bürosundan Azərtac-a bildirilib ki, noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır. Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və AzərTürk Bankdır.Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar. Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir. Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün “Park Bulvar Mall”da isə “Şopomania” oyunu, “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət “Uğurlu çarx” əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.xeber100.com