TAP qaz boru kəmərinin tikintisinə 800 milyon avro sərmayə qoyulacaq

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin tikintisinə dair konsorsium 2017-2018-ci illərdə Albaniyaya 800 milyon avro sərmayə qoymağı planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo deyib.“Ümumilikdə TAP layihəsi üzrə Albaniyaya təxminən 1,5 milyard dollar sərmayə yatırılması gözlənilir”, - deyə o əlavə edib.Qeyd edək ki, TAP qaz boru kəməri layihəsinin 57 faizi icra edilib. Boru kəmərinin tikintisi işlərinə başlanılandan ötən təxminən 16 ay ərzində layihə üzrə 16 milyon adam/saat iş görülüb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boru kəməri marşrutunun təxminən 539 kilometri, yəni 70 faizi təmizlənib. Qaynaq edilən boruların 45 faizdən çoxu döşənib.Boru kəmərinin tikintisində istifadə olunacaq 55 min borunun təxminən 95 faizi Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. TAP-ın dəniz hissəsində istifadə olunacaq boruların sonuncu partiyası isə sentyabrın 3-6-da İtaliyanın Brindisi bölgəsində boşaldılıb. TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 nəfər işçi çalışır.Avqustun əvvəlinə Yunanıstanda TAP kəməri marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 133 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.Ötən ayın əvvəlinə Albaniyada TAP-ın inşası üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpağın altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.xeber100.com  

Oktyabr 3, 2017 1:30

“WorldBuild Baku 2017” sərgisi işə başlayacaq

Oktyabrın 18-21-də Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş irimiqyaslı tədbir - XXIII Azərbaycan Beynəlxalq İnşaat “WorldBuild Baku 2017” sərgisi işə başlayacaq və beləliklə də, Xəzər İnşaat Həftəsinə start veriləcək.“Iteca Caspian” şirkətindən Azərtac-a bildirilib ki, müxtəlif ölkələri təmsil edən mütəxəssislərin uzun müddət səbirsizliklə gözlədikləri “WorldBuild Baku” sərgisi tikinti və memarlıq, eləcə də layihələndirmə və təmir işləri sahəsində təşkil olunan mühüm peşəkar tədbirdir.Builki sərgidə dünyanın 23 ölkəsindən 200-dən artıq şirkət iştirak edir. Almaniya, Birləşmiş Ərəb Əmirlikləri və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Bu ilin debütantı isə milli stendi ilə çıxış edən Polşadır. “WorldBuild Baku 2017” sərgisində ilk dəfə iştirak edən debütantlar ilə yanaşı, yerli şirkətlər də “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullarını nümayiş etdirəcəklər.“WorldBuild Baku” sərgisi innovasiyalı məhsul və xidmətlərin yerli tikinti bazarına cəlb olunması üçün ən effektiv və səmərəli vasitələrdən biridir. Belə ki, təşkilatçılar əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və digər strukturların sərgi ilə sıx əməkdaşlığı Azərbaycanda tikinti sektorunun inkişafına öz töhfəsini verəcək.xeber100.com

Oktyabr 2, 2017 12:07