“Trans-Adriatik” layihəsinə 84,8 milyon avro vəsait xərclənib

İspaniyanın “Enagás” enerji şirkəti bu ilin birinci yarısında Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinə 84,8 milyon avro vəsait xərcləyib.Azərtac şirkətə istinadla xəbər verir ki, TAP-ın səhmdarı olan “Enagás”ın yarım ildəki ümumi investisiyalarının həcmi isə 202 milyon avro təşkil edib.Qeyd edək ki, TAP qaz boru kəmərinin təməli ötən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. “Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir.TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçəcək. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.TAP-ın səhmdarları belədir: BP (20 faiz), “Cənub Qaz Dəhlizi” QSC (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).xeber100.com

Avqust 7, 2017 12:10

Mərkəzi Bankın məlumatına görə…

Yanvar-iyun aylarında inflyasiya amillərini nəzərə alaraq pul bazasının artım kanalları idarəetməyə götürülüb, pul bazası pul siyasətinin başlıca əməliyyat lövbəri olub.Azərtac Mərkəzi Bankın 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, hesabat dövründə bank özünün likvidlik əməliyyatlarının aparılması zamanı, məhz pul bazası üzrə hədəfə əsaslanıb. Əsas məqsəd pul təklifi kanallarını tənzimləmək və bu yolla inflyasiyanın yüksəlməsinin qarşısını almaq olub.Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da, ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 5,3 faiz artıb və birinci yarımilliyin sonuna 8274.5 milyon manat təşkil edib. Bu, ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir.Dövr ərzində dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənar nağd pul və bankların kassalarındakı nağd pul) 5,6 faiz, manatla müxbir hesablar isə 1,6 faiz artıb. Dövrün sonuna manatla pul multiplikatoru 1,38 təşkil edib. Birinci yarımillikdə manatla geniş pul kütləsi (M2) 1 faiz azalaraq dövrün sonuna 11435.9 milyon manat təşkil edib.Manatla pul kütləsinin (M2) strukturunda nağd pul kütləsi, fiziki şəxslərin əmanətləri və hüquqi şəxslərin depozitləri fərqli dinamika nümayiş etdiriblər. Belə ki, dövr ərzində nağd pul kütləsi 6,2 faiz, fiziki şəxslərin manat əmanətləri 21,2 faiz artıb, hüquqi şəxslərin manat depozitləri isə 21,9 faiz azalıb. Manatla müddətli depozitlər dövr ərzində 16 faiz, tələb olunanadək depozitlər isə 3,7 faiz azalıb.Hesabat dövrü ərzində geniş pul kütləsi (M3) 0,4 faiz artıb və dövrün sonuna 20973 milyon manat təşkil edib. Cari ildə bank depozitlərinin dollarlaşması səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməyib. Belə ki, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi ilin əvvəli ilə müqayisədə 0,9 faiz bəndi artaraq birinci yarımilliyin sonuna 45,6 faiz təşkil edib. Xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 64,4 faiz təşkil etdiyi halda yarımilliyin sonuna 67,2 faiz təşkil edib.Hesabat dövründə fiziki şəxslərin manatla əmanətləri 21,2 faiz artıb, xarici valyutada əmanətləri isə 19,5 faiz azalıb. Nəticədə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 79,6 faizdən 73,4 faizə enib.xeber100.com

Avqust 5, 2017 5:31