“Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar öz işinə başlayıb

Sentyabrın 26-dan 30-dək İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyası və Avropa Statistika Bürosunun (“Avrostat”) təşkilatçılığı ilə “Əhali və mənzil fondu siyahıyaalmalarına” dair seminar və ekspertlər qrupunun iclası öz işinə başlayıb. Seminar və ekspertlər qrupunun iclasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əhali statistikası şöbəsinin müdiri Rza Allahverdiyev və sosial statistika şöbəsinin müdiri Elçin Hacı iştirak edirlər. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, məqsəd Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrini təmsil edən ekspert və mütəxəssislərlə əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə yeni tövsiyələrin yerinə yetirilməsi ilə əlaqədar mövcud problemlərin müzakirə olunmasıdır. Ümumilikdə seminarda əhalinin siyahıyaalınmasına dair məlumatların toplanmasını dəstəkləmək üçün inzibati mənbələrin mövcudluğu və tətbiqinə baxış, əhali siyahıyaalınması üzrə texnoloji innovasiyalar, eləcə də əhali və mənzil fondu siyahıyaalınmasının 2020-ci il mərhələsi üzrə Avropa İqtisadi Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi kimi məsələlərə baxılacaq. Ekspert qrupunun iclasında isə son əhali və mənzil fondu siyahıyaalınması zamanı ölkələrin əldə etdikləri təcrübələr və növbəti siyahıyaalma üzrə planlar ətrafında müzakirələrin aparılması nəzərdə tutulub.xeber100.com

Sentyabr 27, 2016 2:39

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli Fərmanına və bu sahədəki digər tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən açıq hərracların keçirilməsi davam etdirilir. Hərraclar tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə keçirilir. Komitədən Azərtac-a bildirilib ki, daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti açıq hərrac sentyabrın 27-də keçirilib. Əvvəlki hərraclarda olduğu kimi, bu dəfə də dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında keçirilən hərracları da canlı şəkildə izləyə biliblər. Növbəti hərracda, ümumilikdə, 16 dövlət obyekti özəlləşdirilib. Bu obyektlərdən 3-ü səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30 faizlik hissəsi, 13-ü isə kiçik dövlət müəssisə və obyektidir. Özəlləşdirilən səhmdar cəmiyyətləri məişət, pambıqçılıq və kənd təsərrüfatı mallarının emalı sahələrinə aiddir. Özəlləşdirilmiş 13 kiçik dövlət müəssisə və obyektinin 4-ü Bakıda, 9-u isə respublikanın digər şəhər və rayonlarında (Qəbələ, Xaçmaz, Daşkəsən, Kürdəmir, Oğuz və Qax) yerləşən obyektlərdir. Bu əmlakların 7-si ticarət sahəsinə, 2-si ictimai iaşə, 3-ü xidmət, 1-i isə qeyri-yaşayış sahəsinə aiddir. Dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərin səhmlərinin satışı göstərir ki, investorlar özəlləşdirmə sahəsində yaradılan imkanlardan və sərfəli investisiya şərtlərindən faydalanmağa çalışırlar.xeber100.com  

Sentyabr 27, 2016 1:36