Kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

İyunun 28-də kənd təsərrüfatı naziri Heydər Əsədovun Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, nazir Heydər Əsədov Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, həmçinin cari ilin mayında Macarıstana səfəri çərçivəsində keçirilən görüşlərin aqrar sahədə əlaqələrin daha da inkişafı üçün əhəmiyyətini nəzərə çatdırıb. Macarıstanın xarici işlər və ticarət naziri Piter Siyarto ölkələrimiz arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb və Azərbaycan Prezidenti ilə Macarıstanın Baş naziri arasında imzalanmış müqavilələrin ölkələr arasında aqrar sahədə də əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. Piter Siyarto ikitərəfli əməkdaşlıq əlaqələrindən danışarkən, əsasən toxumçuluq sahəsində uğurlu tərəfdaşlığın olduğunu nəzərə alaraq birgə toxum fondunun yaradılması, qoyunçuluq sahəsində əməkdaşlığa dair Macarıstan tərəfindən texniki yardım göstərilməsi, iki ölkənin kənd təsərrüfatı sahəsi üzrə elm və təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın idxal edilməsi və qida təhlükəsizliyi sahələrində əməkdaşlığa önəm verildiyini diqqətə çatdırıb. Macarıstanın xarici işlər və ticarət naziri elm-təhsil sahəsində əlaqələrin daha inkişaf etdirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunu Macarıstana səfərə dəvət edib. Sadalanan sahələrdə əməkdaşlığın faydalı olacağını deyən Heydər Əsədov Azərbaycandan Macarıstana kənd təsərrüfatı və ərzaq məhsullarının, o cümlədən meyvə, nar şirələrinin ixracının artırılması üçün müzakirələrin aparılmasını, bu istiqamətdə əməkdaşlığın artıq praktiki müstəviyə keçirilməsini məqsədəuyğun hesab edib. Piter Siyarto qeyd olunan məsələlər, xüsusilə qida təhlükəsizliyi sahəsində texniki yardım göstərməyə hazır olduğunu və bundan sonra da ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.xeber100.com

İyun 28, 2016 9:58

“Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər”…

İyunun 21-də “ADA” Universitetində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin növbəti ictimai müzakirəsi baş tutub. Bu dəfə strateji yol xəritəsi üzrə ictimai müzakirələr “Kənd təsərrüfatına strateji baxış: Rəqabətlilik, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusuna həsr edilib. Tədbiri Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "ADA" Universiteti, Azərbaycan-Amerika Ticarət Palatası və KPMG birgə təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Azərtac-a bildirilib ki, "ADA" Universitetinin rektoru Hafiz Paşayev tədbiri açaraq milli iqtisadiyyatın strateji yol xəritəsinin əhəmiyyətini vurğulayıb. Plenar sessiyada daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin sektor müdiri Elxan Mikayılov, Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova, KPMG-nin partnyoru Vüqar Əliyev və "ADA" Universitetinin Sahibkarlıq, Ticarət və İnnovasiya Mərkəzinin icraçı direktoru Tariyel Mirzəyev çıxış ediblər. "ADA" Universitetinin prorektoru Emin Hüseynovun moderatorluğu ilə müzakirələr davam etdirilib.xeber100.com

İyun 21, 2016 12:38

Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub

Çində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivləri müzakirə olunub. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, müzakirələr Çin Xalq Respublikasının Şanxay şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişaf perspektivlərinə həsr olunmuş “dəyirmi masa”da aparılıb. “Dəyirmi masa”da iştirak edən Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Müşahidə Şurasının sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov bildirib ki, 2015-ci il avqustun 3-də bu marşrut üzrə Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə və Çin Xalq respublikaları arasında konteyner daşımalarına start verilib, daha sonra isə Ukrayna bu marşruta qoşulub. Konteyner daşımalarının daha da inkişaf etdirilməsinin vacibliyindən danışan natiq bu tədbirin Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna yüklərin cəlb olunması istiqamətində mühüm rol oynayacağını bildirib. Sonra “dəyirmi masa”da Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun və “Nomad Ekspress” nəqliyyat-logistika xidmətinin inkişaf perspektivləri, Çindən və əks istiqamətə yük daşımanın coğrafiyasının genişləndirilməsi, marşrutun cəlbediciliyi – yeni multimodal qərarlar, Avropa ilə Asiya arasında yük daşımalarının artırılması üçün yeni imkanlar mövzularında müzakirələr aparılıb. Tədbir çərçıvəsində Qazaxıstan, İran, Rusiya və Ukrayna dəmir yollarının, Almaniyanın logistik şirkəti olan DHL-in rəhbər işçiləri ilə ikitərəfli görüşlər keçirilib.xeber100.com

İyun 17, 2016 12:38

Azərbaycan-Latviya hökumətlərarası komissiyasının VI iclası keçirilib

İyunun 15-də Riqada iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyasının VI iclası keçirilib. İclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun və Latviyanın nəqliyyat naziri Uldis Augulisin başçılıq etdiyi nümayəndə heyətləri, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundov, Latviyanın respublikamızda səfiri Yuri Maklakov və media nümayəndələri iştirak ediblər. Komissiyanın gündəliyinə iki ölkə arasında nəqliyyat, iqtisadiyyat, informasiya texnologiyaları və kommunikasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və regional inkişaf, təhsil, elm, turizm, səhiyyə, bank sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Görüşdə nəqliyyat naziri Uldis Augulis bildirib ki, Azərbaycan Latviyanın mühüm iqtisadi tərəfdaşıdır. Prioritet sahələr ticarət dövriyyəsinin artırılması, birgə investisiya layihələri, beynəlxalq nəqliyyat dəhlizlərindən səmərəli istifadə, təhsil, kənd təsərrüfatı, tikinti, turizm, səhiyyə sahəsində əməkdaşlığı əhatə edir. Nazir bildirib ki, Latviya Azərbaycana ekoloji cəhətdən təmiz texnologiyalar, qida sənayesi, əczaçılıq, sağlamlıq turizmi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edir. U.Augulis vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda tranzit və logistika sahəsində Latviyanın mühüm tərəfdaşıdır. Latviya mühüm nəqliyyat qovşağı, habelə yeni İpək Yolu və Şimal-Cənub nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Nazir deyib: “Biz rəqib deyilik, tərəfdaşıq və qlobal tranzit marşrutları xəritəsində ümumi maraqlarımızı qoruyuruq”. Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov qeyd edib ki, ölkələrimiz arasında əlaqələr daha da genişlənir. Avropa İttifaqının üzvü olan Latviya ilə əməkdaşlıq respublikamız üçün çox əhəmiyyətlidir. Nazir son illərdə ölkələrimiz arasında əlaqələrin çoxşaxəli dərinləşməsini məmnunluqla qeyd edib. Z.Məmmədov bildirib ki, Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır, Latviyanın dövlət və özəl təşkilatları ilə əməkdaşlıq üçün geniş imkanlar açır. Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar dəyişməz mövqeyinə və Xocalı soyqırımı ilə bağlı Seymin qəbul etdiyi bəyanata görə Latviya hökumətinə təşəkkür edib. Latviyanın Azərbaycandakı səfiri Yuri Maklakov bildirib ki, bu il Latviya hökuməti üzvlərinin Azərbaycana bir neçə rəsmi səfəri olacaq. Bu səfərlər Azərbaycan ilə Latviya arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək. Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2015-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsinin 9 milyon dollar təşkil etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda ticarət, sənaye, tikinti, bank və xidmətlər kimi sahələrdə Latviya kapitalı ilə 20 şirkət fəaliyyət göstərir. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanıb. Sənəddə Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Dağlıq Qarabağda istehsal edilən mal və xidmətlərin Latviya bazarlarına idxalı, ixracı və satışı, eləcə də bu ərazilərdə Latviya şirkətlərinin hər hansı iqtisadi fəaliyyətinin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə əsasən qeyri-qanuni olduğu vurğulanır. Yekun protokolda, həmçinin qeyd olunur ki, Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsullar Azərbaycanın müvafiq strukturlarının sertifikatı olmadan Latviyaya buraxılmayacaq. Bununla yanaşı, sənəddə Azərbaycan ilə Latviya arasında ikitərəfli münasibətlərin bu dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə əsaslandığı ifadə olunub.xeber100.com

İyun 16, 2016 11:40