Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb

Azərbaycan prezidentinin paytaxt və iri şəhərlərin şəhərsalma kadastrının hazırlanması ilə bağlı müvafiq göstərişinə uyğun olaraq Şirvan şəhərində keçirilmiş pilot layihə başa çatdırılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “Apa-Economics”ə verilən məlumata görə, Şirvan şəhərinin şəhərsalma kadastrını komitənin keçirdiyi tenderin qalibi olmuş Litvanın “Hnit Baltic” şirkəti və onun ölkəmizdəki tərəfdaşı “İntegris” MMC aparıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov layihə barədə ətraflı məlumat verib, gələcəkdə şəhərsalma kadastrı məlumatlarından istifadə perspektivlərindən bəhs edib. Bunun ölkəmizdə şəhərsalma kadastrının yaradılması sahəsində ilk belə layihə olduğunu diqqətə çatdıran D.Dövlətxanov Şirvan şəhərinin pilot layihə ərazisi kimi təsadüfi seçilmədiyini qeyd edib. Şirvan Azərbaycanın əhali sayına görə 5-ci şəhəridir. Bura ölkəmizin mühüm iqtisadi mərkəzlərindən sayılır. Ona görə də pilot layihə ərazisi kimi ilk məhz bu şəhər seçilib. Şirvanın şəhərsalma kadastrının hazırlanması üzrə işlər bir neçə il çəkib. Bu pilot layihə əsasında növbəti belə tədbirlər üçün də lazımi təcrübə toplanıb. Qeyd edək ki, növbəti illərdə  Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərinin də elektron şəhərsalma kadastrının hazırlanması nəzərdə tutulur. Layihə rəhbəri Raivaras Klypsas də şəhərsalma kadastrının müasir tələblərə uyğun olduğunu bildirib. Onun sözlərinə görə, layihənin icrasında kartoqrafiya, coğrafiya kadastr, coğrafi informasiya sistemləri və informasiya texnologiyaları sahəsində 80-dən artıq yüksək ixtisaslı işçi heyəti iştirak edib. Burada əsas diqqət Avropa modellərinə yönəlib. Şəhərsalma kadastrı güclü informasiya sistemlərinə tam inteqrasiya edilərək tam avtomatlaşdırılıb. “İntegris” MMC-nin direktoru Ceyhun Zeynalov isə bildirib ki? layihənin hazırlanmasında 3 əsas prinsip qarşıya qoyulub: coğrafi informasiya sistemi əsasında Şirvan şəhərinin baş planının hazırlanması, şəhər ərazisinin zonalaşdırma sxeminin tərtibi və şəhərin baş planı əsasında müəyyən edilmiş 50 hektar ərazinin müfəssəl planının hazırlanması.xeber100.com  

May 6, 2016 3:47

Gömrük rəsmiləşdirilməsi elektron qaydada aparılacaq

Bu gündən etibarən gömrük rəsmiləşdirilməsi elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilir. Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, komitə sahibkarların nəzərinə çatdırır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılması məqsədilə malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi bu gündən etibarən elektron bəyanetmə sistemi vasitəsilə həyata keçirilir. Xüsusilə diqqətə çatdırılır ki, bəyannaməçi təqdim etdiyi sənədlərin və təqdim olunmuş sənədlər əsasında gömrük bəyannaməsinin düzgün tərtib olunmasına görə gömrük qanunvericiliyinə əsasən birbaşa məsuliyyət daşıyır. Elektron bəyannamə “Elektron imza” ilə imzalanıb gömrük orqanına göndərilərək gömrük orqanları tərəfindən qəbul edilməsi təsdiq olunduqdan sonra hüquqi əhəmiyyətə malik sənəd sayılır və həmin bəyannamələrdə hər hansı bir məlumatın dəyişdirilməsi yolverilməzdir. Bu səbəbdən təqdim edilmiş bəyannamədə buraxılmış hər hansı bir səhv gömrük orqanları tərəfindən ciddi tədqiq olunaraq, gömrük işi sahəsində hüquqpozma faktının müəyyən edilməsi məqsədilə xüsusi araşdırmalara göndəriləcək.  

May 4, 2016 12:15

6 nömrəli stasionar dəniz özülü istismara verilib

Mayın 2-də SOCAR-ın "Bulla-dəniz" yatağındakı 6 nömrəli stasionar dəniz özülü istismara verilib. Azərtac xəbər verir ki, özülün istifadəyə verilməsi mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbərliyinin nümayəndələri iştirak ediblər. R.Abdullayev əvvəlcə özüldə çalışan neftçilərlə görüşüb, onları bu əlamətdar hadisə münasibətilə təbrik edib və uğurlar arzulayıb. Özülə baxış keçirən SOCAR-ın prezidentinə məlumat verilib ki, şirkətin daxili imkanları ilə 2014-cü ildən inşasına başlanılan özülün layihəsi "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən verilib, istismara hazır vəziyyətdə olan birinci buraxılış kompleksi üzrə tikinti işləri "Neftqaztikinti" Tresti tərəfindən həyata keçirilib. Bir ədəd axtarış və 3 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 19-20 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 11 metrdir. Bildirilib ki, özüldə bir ədəd helikopter, 10 gəmi yanalma və 4 minik-düşmə meydançası quraşdırılıb. İşçi personalın rahat və təhlükəsiz çalışması üçün 88 nəfərlik vaqon tipli yaşayış evi və digər zəruri evciklər inşa edilib. Özül yükqaldırma qabiliyyəti 4-28 ton olan 3 stasionar qaldırıcı kran, 3 ədəd 42 nəfərlik xilasedici qayıq və 9 ədəd 10 nəfərlik xilasedici sal ilə təchiz edilib. Qeyd olunub ki, özüldə 5900-6300 metr dərinliyə qazılacaq quyularım hər birindən sutkada 150 ton kondensat və 500 min kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması planlaşdırılır. İstismar işləri N.Nərimanov adına neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçiriləcək. İnşaat işlərinin müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirildiyini deyən SOCAR-ın prezidenti R.Abdullayev görülən işlərdən razı qaldığını bildirib, özüldə qazılacaq ilk axtarış quyusunda qazma dəzgahını işə salıb. "Bulla-dəniz" yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayan R.Abdullayev obyektin vaxtında və keyfiyyətlə istismara buraxılmasını yüksək qiymətləndirib. Qeyd edib ki, ölkənin neft-qaz təsərrüfatının yaxşılaşdırılması, durmadan artan hasilat və nəql infrastrukturunun genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək. Bildirilib ki, layihə dərinliyi 5900 metr olan 78 nömrəli şaquli quyu məhsuldar qatın VIII horizontunun neft-qazlılığını öyrənmək, sahənin tektonikasını və litoloji-stratiqrafik kəsilişini dəqiqləşdirmək məqsədilə SOCAR-AQŞ birgə müəssisəsi tərəfindən qazılacaq.xeber100.com

May 2, 2016 12:20