“Ekologiya və yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi”…

Noyabrın 21-22-də Bakıda “Ekologiya və yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Böyük Britaniyanın “Confidence Capital” şirkətidir. Tədbirin media tərəfdaşı olan Azərtac xəbər verir ki, bu, Xəzər regionunda neft-qaz sənayesində texnoloji və ekoloji təhlükəsizlik məsələlərinə diqqəti yönəldən yeganə konfransdır. Konfransda əməliyyat şirkətləri, texnologiya, avadanlıq və servis tədarükçüləri və dövlət orqanları arasında Xəzər regionunda fövqəladə vəziyyət və neft sızmalarının nəticələrinin aradan qaldırılması məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı əlaqələrin səmərəli müzakirəsi keçiriləcək. Konfrans çərçivəsində, həmçinin texnologiya və xidmətlərin mini sərgisi təşkil ediləcək. Sərgidə aparıcı istehsalçılar öz avadanlıq və texnologiyalarını nümayiş etdirəcək və innovasiya həllərindən söhbət açacaqlar. Həmçinin neft sızmasının qarşısının alınması və aradan qaldırılması üzrə geniş xidmət spektri və problemlərin həlli yolları təqdim ediləcək, ətraf mühitin monitorinqi, sızmaların nəticələrinin aradan qaldırılması, torpaqların rekultivasiyası, neft tullantılarının utilizasiyası və digər məsələlərin monitorinqi üzrə aparıcı xarici texnologiyaların nümayişi keçiriləcək.xeber100.com

Sentyabr 16, 2016 1:51

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərraclar elan edilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı oktyabrın 11-də keçiriləcək yeni hərrac elan edilib. Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, budəfəki hərraca 85 dövlət müəssisə və obyekti çıxarılıb. Hərraca çıxarılan dövlət əmlaklarının 30-u özəlləşdirmə prosesi çərçivəsində yaradılmış kapitalın nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Bunlar Bakı, Gəncə, Sumqayıt şəhərləri, habelə Salyan, Ucar, Beyləqan, Ağdaş, Yevlax və digər rayonlarda yerləşən səhmdar cəmiyyətləridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri kəndkimya, təmir-tikinti, avtonəqliyyat, quşçuluq, dəmir beton, sənaye, emal və digər sahələri əhatə edir. Bundan əlavə, oktyabrın 11-də keçiriləcək hərraca 30 kiçik dövlət müəssisə və obyekti də çıxarılıb. Bu obyektlər sırasında Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən qeyri-yaşayış sahələri, habelə ictimai iaşə və ticarət müəssisələri var. Eyni zamanda, hərraca çıxarılan dövlət obyektlərinin siyahısında 25 nəqliyyat vasitəsi də yer alıb. Komitənin özəlləşdirmə portalı, habelə rəsmi internet saytı vasitəsilə satışa çıxarılan əmlaklar barədə ətraflı məlumat əldə edərək istənilən şəxs hərracda iştirak edə və əmlak sahibi ola bilər. Hərracda iştirak etmək üçün komitənin elektron xidmətlər portalı vasitəsilə elektron qaydada, habelə Hərracların Təşkili üzrə Auksion Mərkəzi və onun regionla bölmələrində sifariş verib əmlakın satış qiymətinin 10 faizi məbləğində beh ödəyərək iştirakçı hüququnu əldə etmək kifayətdir.xeber100.com  

Sentyabr 12, 2016 10:46