“TransCaspian” və “Road & Traffic”…

Bakıda 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika ("TransCaspian 2016") və 6-cı Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road & Traffic 2016") sərgiləri işinə başlayıb. "Apa-Economics"in xəbərinə görə, sərginin açılışında çıxış edən nəqliyyat naziri Z.Məmmədov deyib ki, son illər ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturu sürətlə inkişaf edib: "Bu sahə yeni bir mərhələyə qədəm qoyub. Yol-nəqliyyat infrastrukturunun inkişafında "İpək yolu" layihəsinin rolu böyükdür. İnkişaf prosesi bu gün də sürətlə gedir. Təbii ki, yeni, müasir texnologiyaların inkişafı olmadan yol-nəqliyyat infrastrukturunun inkişafını təsəvvür etmək mümkün deyil. Açılışını etdiyimiz sərgidə də bu cür texnologiyalar iştirakçılara təqdim olunacaq. Bu cür sərginin ölkəmizdə keçirilməsi olduqca vacibdir. Sərgiyə maraq olduqca böyükdür". Nazir qeyd edib ki, sərgidə 75-ə yaxın şirkət iştirak edir ki, onlardan təxminən 40-ı xarici şirkətlərdir. Qeyd edək ki, hər iki sərgi 11-13 may tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək.Bu il özünün 15 illik yubileyini qeyd edən "TransCaspian" sərgisi keçirildiyi illər ərzində regionda nəqliyyat sənayesi üçün innovativ texnologiya və avadanlıqların nümayişinə, yeni nümayəndəliklərin açılmasına və birgə müəssisələrin təsis olunmasına kömək edən mühüm nəqliyyat forumuna çevrilib. Ənənəvi olaraq, bu sənaye sahəsi üçün "TransCaspian" sərgisi nəqliyyat bazarı haqqında düzgün təsəvvür yaradan ilin əsas hadisəsi sayılır. 15 il ərzində "TransCaspian" sərgisində təxminən 700 şirkət iştirak edib.Sərgi ilk gündən etibarən Nəqliyyat Nazirliyi tərəfindən dəstəklənir. "TransCaspian 2016" sərgisinin təşkilatçıları qismində isə “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc.” şirkətləri çıxış edilər.Bu il sərgidə nəqliyyat sənayesinin nailiyyətləri, eləcə də yerli və xarici şirkətlərin ən yaxşı texnologiya və avadanlıqları təqdim olunacaq. Yubiley sərginin sektorları arasında hərəkət heyəti və dəmir yolu infrastrukturu, dənizçilik sənayesi, aviasiya, “Kommersiya nəqliyyatı və nəqliyyat-logistika xidmətləri kimi sektorları qeyd etmək olar. "Road&Traffic 2016" sərgisi yol-tunel layihələndirilməsi və inşası, eləcə də yol təhlükəsizliyi və ictimai nəqliyyat üzrə peşəkarları bir arada toplayan regionun aparıcı ixtisaslaşdırılmış tədbiridir. Sərgidə iştirak edən xarici və yerli şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi, yol-tikinti avadanlıqları və materialları, yollarda təhlükəsizliyin təmin edilməsi üçün vasitələr, yol işarələmə avadanlıqları, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri (İİS), avtobuslar və s. üzrə xidmətlər təklif edəcək. "Road & Traffic 2016" sərgisi regionun aparıcı yol-tikinti şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşmək üçün ideal şəraiti təmin etməklə yanaşı, təcrübə mübadiləsi və bazarın qiymətləndirilməsi, eləcə də perspektiv müqavilələrin imzalanması və ölkənin yol-tikinti bazarına investisiya yatırılmasına imkan yaradacaq.xeber100.com

May 11, 2016 11:50

Ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 90-cı filialını açıb

“Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşən “Gənclik Mall” ticarət-əyləncə mərkəzində sayca 90-cı filialını istifadəyə verib. Bankdan “Apa-Economics”ə verilən xəbərə görə, müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. “Kapital Bank”ın yeni “Gənclik Mall” filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi, hesabların açılması və sair bank xidmətləri təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün zəruri şəraitə və imkanlara malikdir. Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin optimallaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2016-cı il ərzində bankın 3 şöbəsi filiallara yönəldilib. Bu il ərzində ümumilikdə 4 şəhər və 6 regional filial binası yeni konsepsiyaya uyğun əsaslı təmir olunacaq. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam edir. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.xeber100.com

May 11, 2016 11:39

“Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlandı

Bu günlərdə Azərbaycanın hər yerində Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü təntənə ilə qeyd edilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır. Mayın 10-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 93 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir. Tədbiri giriş sözü ilə açan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov müasir Azərbaycanın memarı Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər ölkəni xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, ölkədə siyasi sabitlik yaratdı. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilmişdir. Ümummilli Liderin davamlı və dayanıqlı, sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması istiqamətində həyata keçirdiyi strategiya, o cümlədən neft, aqrar islahatlar, özəlləşdirmə, regionların tarazlı inkişafı siyasəti, sahibkarlığın inkişafı, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması, nüfuzlu beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması kimi kompleks tədbirlər sonrakı illərdə ölkə iqtisadiyyatının dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır. Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir, dünyada layiqli yerini tutmuş və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan daha işıqlı gələcəyə doğru inamla irəliləyir. Sonra Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar İqtisadiyyat Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV nümayəndələri arasında təşkil etdiyi “Heydər Əliyev və sahibkarlığın inkişafı” mövzusunda yaradıcılıq müsabiqəsinin nəticələri açıqlanmışdır. Qeyd edək ki, müsabiqəyə 48 KİV tərəfindən 69 material təqdim edilmişdir. Təqdim olunmuş süjet və məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış və Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən qiymətləndirilmiş və qaliblər müəyyən edilmişdir. Tədbirdə qaliblər elan olunmuş, onlara diplomlar və mükafatlar təqdim olunmuşdur. Ümumiyyətlə isə, bütün müsabiqə iştirakçıları diplomlarla təltif olunmuş, onlara mükafatlar verilmişdir. Sonda Ümummilli Liderimizin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş İqtisadiyyat Nazirliyinin əməkdaşlarına YAP-ın partiya vəsiqələri təqdim olunmuşdur.xeber100.com    

May 11, 2016 11:14

“Formula-1” Avropa Qran-prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti dayandırılacaq

Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-prisi ərəfəsində Bakı Şəhər Halqasının keçdiyi küçələrdə və trekin əhatə etdiyi ərazilərdə nəqliyyatın hərəkəti dayandırılacaq. Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətindən (BHŞ) “APA-Economics”ə verilən məlumata görə, tamaşaçılar üçün obyektlərin ətrafında təhlükəsiz hərəkət edə biləcəkləri bir sahə yaratmaq, yarış obyektinin ətrafında yaşayan sakinləri qorumaq, bu ərazidə fəaliyyətin və Bakıdakı yollarda hərəkətin davam etməsini təmin etmək məqsədilə Nəqliyyatın İdarə Olunması Planı hazırlanıb. Plana əsasən, BŞH-nin keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər iyunun 14-ü gecə saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət iyunun 21-i səhər saat 06:00-da aradan qaldırılacaq. “Formula-1” Şəhərciyinin olduğu Dənizkənarı Park ərazisi iyunun 15-i gecə saat 01:00-dan etibarən bağlı olacaq. Burada əhalinin girişinə qoyulmuş məhdudiyyət iyunun 20-i günorta saat 12:00-da aradan qaldırılacaq. Yarışa bileti olan azarkeşlər Dənizkənarı Park ərazisinə iyunun 16-ı günorta saat 12:00-dan etibarən daxil ola biləcəklər. Qeyd edək ki, nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ərazilər 3 zonaya ayrılır. Birinci zonaya trekin əhatə etdiyi İçərişəhər və onun ətrafındakı digər ərazilər (1), ikinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı vəyaxınlığında yerləşən digər ərazilər (2)aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini (3) əhatə edir. Bu ərazilərdə yaşayan sakinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara həmin zonalara müvafiq rəqəmlərlə ifadə olunan və yaşayış yerinə giriş icazəsini göstərən nişanlar əlaqədar qurumlar tərəfindən mayın 30-dan başlayaraq iyunun 13-dək təqdim olunacaq. Verilən nişanlar götürülərək avtomobillərin ön şüşələrinə yapışdırılmalıdır. Nişan sahibləri ancaq nişanın aid olduğu zonaya daxil ola biləcəklər.xeber100.com

May 8, 2016 8:56

Elmi-praktik konfrans keçirilib

Mayın 7-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Azərbaycan turizmi: Bu gün və sabah” mövzusunda gənc tədqiqatçıların ənənəvi respublika elmi-praktik konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda ATMU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, mayın ilk günlərindən başlayaraq, ATMU-da müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə idman yarışları, “açıq dərs”lər, elmi-praktik konfranslar keçirilir. Silsilə tədbirlər çərçivəsində keçirilən növbəti konfransda ölkəmizin müxtəlif universitetlərinin bakalavriat və magistratura pilləsində təhsil alan gənc tədqiqatçıları da iştirak edirlər. Rektor vurğulayıb ki, görkəmli dövlət xadimi Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun dinamik inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib. Ölkəmiz qlobal məkanda gedən proseslərin istiqamətverici subyekti kimi tanınıb. C.Cəfərov, həmçinin müstəqilliyin ilk illərində Azərbaycan turizminin vəziyyəti, ulu öndər Heydər Əliyevin turizmin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətdən danışıb, konfransın işinə uğurlar arzulayıb. Universitetin turizm kafedrasının müdiri, dosent Bahadur Bilalov konfransın gedişatı barədə məlumat verib. Bildirilib ki, konfrans işini “Azərbaycan turizminin inkişaf xüsusiyyətləri”, “Regionların turizm ehtiyatları”, “Turizm menecmenti və marketinqi” bölmələri üzrə davam etdirəcək, ümumilikdə, gənc tədqiqatçıların 50-dən çox məruzəsi dinləniləcək. Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda ATMU ilə yanaşı, Azərbaycan Dövlət İqtisad, Qafqaz, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Naxçıvan Dövlət və Azərbaycan Texniki universitetlərindən olan gənc tədqiqatçıların “Azərbaycanda daxili turizmin inkişaf istiqamətləri”, “Azərbaycanın tarixi abidələri və onların turizmdə istifadəsi problemləri”, “Azərbaycanın Xəzər sahili zonalarında turizmin inkişaf istiqamətləri və müasir problemləri”, “Mehmanxana təsərrüfatında animasiya xidmətlərinin rolu”, “Bakı-Astara turizm marşrutu boyu Masallı-Lənkəran zonasının turizm imkanları”, “Şahbuz rayonunun Ağbulaq Turizm Mərkəzi və gənclərin asudə vaxtının təşkili”, “Azərbaycan regionlarında turizm ehtiyatları və turizmin inkişaf xüsusiyyətləri”, “Turizmin sosial-mədəni inkişafda rolu”, “Şəki şəhər mədəniyyətinin turizmdə mövqeyi”, “Turizm marketinqindən istifadə imkanları” və digər mövzularda məruzələri dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.xeber100.com

May 7, 2016 3:04