“Yeni İpək Yolu”: İmkanlar və qlobal təsirlər” mövzusunda brifinq keçirilib

Aprelin 29-da Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə ABŞ Konqresinin binalarından birində “Şərqi Asiya və Qərbi Avropanı birləşdirən “Yeni İpək Yolu”: İmkanlar və qlobal təsirlər” mövzusunda brifinq keçirilib. Vaşinqton şəhərində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının moderatorluğu ilə keçirilmiş brifinqdə Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin dövlət qurumlarından olan nümayəndələr çıxış ediblər. Brifinq zamanı Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin strateji əhəmiyyəti və rəqabətliliyi vurğulanmaqla yanaşı, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları barədə tədbir iştirakçılarına məlumat verilib. Xatırladaq ki, aprelin 28-də Vaşinqtondakı məşhur təhsil ocaqlarından olan Cons Hopkins Universitetində Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin əhəmiyyətinə həsr olunmuş geniş tərkibli forum keçirilib. Bu forum çərçivəsində aparılmış müzakirələr və ölkəmizin Gürcüstan, Türkiyə və Qazaxıstanla birgə regional əməkdaşlığı böyük maraqla qarşılanıb. Bu xüsusda, səfir Elin Süleymanovun ABŞ-ın “The Washington Times” qəzetində “Müasir İpək Yolunun izi ilə” məqaləsi dərc edilib. Forumun davamı olaraq ABŞ Konqresində təşkil edilmiş brifinq də böyük diqqətə səbəb olub və orada Konqres üzvlərinin köməkçiləri, ABŞ federal dövlət strukturlarının, akademik dairələrin təmsilçiləri, habelə bir sıra mütəxəssislər də daxil olmaqla, ümumilikdə 50-yə yaxın nümayəndə iştirak edibxeber100.com

Aprel 30, 2016 6:36

“Koroğlu” metro stansiyasının yaxınlığında Nəqliyyatın Mübadilə Mərkəzi fəaliyyətə başlayıb

Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığında Nəqliyyatın Mübadilə Mərkəzi fəaliyyətə başlayıb. AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova gələcəkdə belə mərkəzlərin “Koroğlu” metro stansiyasının digər çıxışında, “Qara Qarayev” metro stansiyasının, “28 May” metro stansiyasının çıxışında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində də yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi yarandığı gündən Bakının nəqliyyat sistemində, təhlükəsiz sərnişindaşıma sahəsində, ümumilikdə nəqliyyat şəbəkəsində təkmilləşdirmə və optimallaşdırma işləri həyata keçirilir. Bu həm sərnişinlər arasında qanunvericilikdən irəli gələn maddələrin maarifləndirmə yolu ilə çatdırılması, həm də məsələlərin öhdəlik kimi qarşıya şərt qoyulmasından ibarətdir. Nəqliyyatın Mübadilə Mərkəzi isə sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkəti üçün yaradılıb. N.Allahyarova bildirib ki, bəzi ərazilərdə nəqliyyatın sıx hərəkəti müşahidə olunur və bu təhlükəsizlik baxımından ciddi problemlər yaradırdı. “Koroğlu” metro stansiyası ətrafında nəqliyyatın və sərnişinlərin xaotik hərəkətini aradan qaldırmaq və eyni dayanacaqda taksilərin, avtomobillərin, avtobusların dayanmasının qarşısını almaq məqsədilə Nəqliyyatın Mübadilə Mərkəzi yaradılıb. Artıq “Koroğlu” metro stansiyasının önündə sıxlıq aradan qalxıb və avtobuslar mərkəzə toplanıb. Avtobuslar və sərnişinlər üçün dünəndən məlumatlandırıcı lövhələr yerləşdirilib və sərnişinlər getmək istədikləri məkanı, marşrut xətlərini həmin lövhələrdə görə bilərlər”, - deyə N.Allahyarova vurğulayıb.xeber100.com

Aprel 30, 2016 6:32

Dövlət Gömrük Komitəsi media qurumlarını ölkə qanunlarına hörmət etməyə çağırır…

Bu gün bəzi kütləvi informasiya vasitələrində "Azərbaycan gömrüyündə şok hadisə" başlıqlı yalan, böhtan xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yer alıb. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir: "Məlumatda qeyd olunur ki, Türkiyədən Azərbaycana gətirilən 10 tonluq, 200 min dollarlıq qadın ayaqqabısı saxta sənədlərlə Rusiyaya aparılmaq adı altında guya Bakıda rəsmiləşdirilir. Xatırladaq ki, 30 mart 2016-cı il tarixdə “Samur” gömrük postunda, Gürcüstandan Rusiyaya tranzit gömrük proseduru altında gedən “Mersedes Benz Atgeo” markalı, 99-XA-965 dövlət nömrə nişanlı yük avtomobilinə keçirilmiş gömrük baxışı zamanı, 10,150 kq çəkidə rezin tərliklər yükünün Türkiyə Respublikasında istehsal olduğu müəyyən edilib. Lakin müşayiət sənədlərində yükün Gürcüstan istehsalı olduğu qeyd edilib. Xaçmaz Gömrük İdarəsində sorğu-sual olunan sürücü Hüseynov Niyaməddin Əliheydər oğlu bildirmişdir ki, o, idarə etdiyi “Mersedes Benz Atgeo” markalı, 99 XA 965 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsilə Gürcüstan Respublikasının Tiflis şəhərindən rezin tərliklər yükü götürərək, 30 mart 2016-cı il tarixdə “Sınıq Körpü” gömrük postundan keçməklə “tranzit” gömrük prosedurunda Azərbaycana daxil olub. Həmin gün təyinatı üzrə Rusiyaya getmək üçün “Samur” gömrük postuna gəlib. Burada yükə aid müşayiətedici sənədləri gömrük işçisinə təqdim etdikdən sonra yükə keçirilən baxış zamanı, rezin tərliklər yükünün Gürcüstan istehsalı deyil, Türkiyə istehsalı olduğunu müəyyən edilib. Hüseynov Niyaməddin Əliheydər oğlu yükü qəbul edərkən yanında olduğunu, lakin tərliklər olan bağlamaların üzərindəki yazılara fikir vermədiyini və bu səbəbdən də Türkiyə istehsalı olduğunu bilməyib. Beləliklə də, Hüseynov Niyaməddin Əliheydər oğlu tranzit gömrük proseduru altında apardığı yüklə bağlı düzgün olmayan məlumatlar verib. Bununla da, Hüseynov Niyaməddin Əliheydər oğlu İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verib. Yuxarıda göstərilənlər nəzərə alınaraq Azərbaycan vətəndaşı Hüseynov Niyaməddin Əliheydər oğlu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 300 manat məbləğində cərimə edilib, yük sənədlərində düzəliş edilməsi üçün geri qaytarılması qərara alınıb. Məlumatda həmçinin qeyd olunub ki, guya həmin yük təcili olaraq Bakıya aparılaraq Bakı Baş Gömrük İdarəsinin həyətində gömrük yoxlamasından keçirilib. Onu da qeyd edək ki, müvafiq qanunvericiliyə uyğun olaraq cərimə ödənildikdən sonra yük maşını “Samur” gömrük postunun terminalına yönləndirilib və hal-hazırda da o terminaldadır və görünən də odur ki, yük sahibi avtomobili hələ də terminaldan çıxarmaq fikrində deyil. O ki qaldı məsələ ilə bağlı DGK Mətbuat Xidmətinə verilən sorğuya, bəzi “qələm sahibləri”nin diqqətinə çatdırırıq ki, “İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanunu”nun 24.1 maddəsinə əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin qanunun 24.5 maddəsinə görə isə informasiya sorğusunun bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. Dövlət Gömrük Komitəsinə bu barədə sorğu aprel ayının 26-da saat 17:00 radələrində, iş gününün sonunda 195 çağrı mərkəzinin xətti ilə daxil olub. Sorğu araşdırma tələb etdiyindən onu göndərən şəxsə də bu barədə ətraflı izahat verilib, aprelin 27-də günün birinci yarısında sorğunun cavablındırılacağı bildirilib. Lakin sorğunu göndərən şəxs qanunun tələblərini nəzərə almadan, qarşı tərəfin mövqeyini dəqiqləşdirmədən məlumatı yaymaqla ictimailəşdirib və dolayısı ilə qanunvericiliyin tələblərini pozub. Yalan və böhtan xarakterli məlumat yayan bu informasiya portalı qanun qarşısında cavab verəcək. Dövlət Gömrük Komitəsi bir daha bütün media qurumlarını və onların əməkdaşlarını fəaliyyətləri zamanı qərəzsizliyə, peşəkarlığa, ölkə qanunlarına hörmət etməyə çağırır".xeber100.com  

Aprel 27, 2016 3:26