“Kənd təsərrüfatı kooperasiyası haqqında”…

Mayın 18-də Milli Məclisin aqrar siyasət komitəsinin iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Azərtac xəbər verir ki, komitənin sədri Eldar İbrahimov qanun layihəsi üzərində artıq 2010-cu ildən işlənildiyini deyib. Bildirib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi, əsasən Almaniyanın bu sahədəki fəaliyyəti öyrənilib. Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək. Qeyd edilib ki, kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunların hamısı bir sistemdir. Milli Məclis Aparatının əməkdaşı Vilayət Əlizadə qanun layihəsi haqqında danışıb. O bildirib ki, qanun layihəsinə ikinci oxunuşda altı yeni maddə və 50-dən çox yeni müddəa əlavə olunub, bəzi redaktə xarakterli dəyişikliklər edilib. İkinci oxunuşda qanun layihəsində artıq kənd təsərrüfatı kooperativlərinin üç növü - istehsal, istehlak və istehsal-istehlak (qarışıq) kooperativləri əksini tapıb və onların fəaliyyət prinsiplərinə aydınlıq gətirilib. Kənd təsərrüfatı istehsalı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxsdir. İstehsal kooperativlərində işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30 faizindən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz. İstehsal kooperativinin işçisi, eyni zamanda, həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativlərinin üzvü ola bilməz. Qanun layihəsinin ikinci oxunuşunda dövlətin kənd təsərrüfatı kooperasiyası sahəsində vəzifələri də artırılıb. Bu vəzifələrə dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək, eyni zamanda, şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr qarşısında da yeni vəzifələr müəyyən edilib. Bələdiyyələr kənd təsərrüfatı bazarında rəqabəti genişləndirmək, kooperativlərin səmərəli fəaliyyətinə təkan vermək üçün kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi məqsədilə torpaq ayırmalı, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir. Qanun layihəsinə ikinci oxunuşda kooperativ bazarların təşkili barədə maddə əlavə edilib. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada kooperativ bazarlar təşkil ediləcək. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olacaq, istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərəcək. Kooperativ bazarların yaradılması və onlara torpaq ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirəcəklər. Kooperativ bazarlarda Azərbaycanda fəaliyyət göstərən kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullarından başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilməyəcək.xeber100.com  

May 18, 2016 1:49

“WorldFood Azerbaijan 2016” sərgisi keçiriləcək

Mayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq "Qida sənayesi" "WorldFood Azerbaijan 2016" sərgisi keçiriləcək. Sərgi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, "Iteca Caspian" və "ITE Group" şirkətlərinin təşkilatçılığı ilə keçirilir. "Iteca Caspian" şirkətindən Azərtac-a bildiriblər ki, hər il keçirilən "WorldFood Azerbaijan" sərgisində yerli və beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər. Bu il sərgidə Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcək. "WorldFood Azerbaijan 2016" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli "B2B" görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq. Eyni zamanda, həmin gün keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016" sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.xeber100.com  

May 16, 2016 2:19

Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn, Azərbaycan vətəndaşı olan 2 nəfər gömrük nəzarətindən keçən zaman onlardan birinə məxsus siqaret qutusunun içərisindən gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 1,16 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “Apa-Economics”ə verilən məlumata görə, faktla bağlı Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsində aparılan araşdırma zamanı həmin  şəxsin yaşadığı Sumqayıt şəhərindən 3 tanışı ilə birlikdə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna qədər gəldikləri, yolda narkotik vasitə sayılan marixuanadan istifadə etdikləri müəyyən edilib. Həmin şəxslər  gömrükçülərə Sumqayıtdan əldə etdikləri marixuananın müəyyən hissəsini isə Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postuna gəldikləri və postun  qarşısında yerləşən avtomobil dayanacağındakı avtomobildə saxladıqlarını  bildiriblər. Avtomobilə baxış keçirilmədən əvvəl sürücü gömrükçülərə sadəcə ayaqaltı rezinin altında 1 ədəd kağız  bükümdə narkotik maddə-marixuana olduğunu deyib.  Bundan sonra həmin  avtomobilə  Biləsuvar Gömrük İdarəsinin “Buç” ləqəbli xidməti itinin tətbiqi ilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun müxtəlif yerlərindən daha 6 ədəd kağız bükümdə  narkotik vasitə olan marixuana tapılıb. Ümumilikdə avtomobildən 7 bükümdə ümumi  xalis çəkisi 3,21 olan narkotik vasitə  qurudulmuş marixuana  aşkar edilərək götürülüb.xeber100.com

May 13, 2016 1:08