"Ünvanlı sosial yardım verilən zaman istehlak kreditləri olanlara tətbiq olan məhdudiyyətlər aradan götürüləcək". Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazir Səlim Müslümov qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən ünvanlı sosial yardımın təkmilləşdirilməsi istiqamətində işləri davam etdiririk: "Hazırda bu prosesin avtomatlaşdırılması istiqamətində işlər görülür. Proqram təminatları hazırdır, yaxın vaxtlarda Bakının 2 rayonunda test işlərinə start veriləcək və Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunacaq. Ünvanlı sosial yardımın təyin olunması və bunun üçün müraciət edilməsi və yaxud imtina edilməsi qaydaları yeni avtomatlaşdırılmış qaydalarla aparılacaq. Qaydalara əsasən, kredit öhdəliyinə görə olan məhdudiyyət aradan qaldırılacaq. Yeni qaydalar yaxın vaxtlarda Nazirlər Kabinetitərəfindən təsdiqlənəcək. Bu, onunla bağlıdır ki, müəyyən qrup insanlar var ki, zamanında banklardan istehlak kreditləri götürüblər, bu gün isə həmin kreditləri qaytara bilmirlər. Eyni zamanda ailənin gəlirləri çox aşağı olduğu üçün onların kredit öhdəlikləri həmin ailənin gəlirinin 50%-dən yuxarı çıxır. Nəticədə onlar nə krediti ödəyə bilir, nə də ünvanlı sosial yardımı ala bilmirlər. Bu da onların müəyyən qədər yaşam şəraitlərini xeyli çətinləşdirir. Ona görə, ölkə prezidentinin tapşırığına əsasən, bu məhdudiyyətlər götürüləcək. Bununla, həqiqətən gəlirləri aşağı olan və yaşam şəraitində problemləri olan ailələr belə istehlak kreditləri olmalarına baxmayaraq ünvanlı sosial yardım sisteminin üstünlüklərindən istifadə edə biləcəklər".