“Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq

“Azəriqaz” İstehsalat Birliyi (İB) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.İB-dən Azərtac-a verilən məlumata görə, abonentlərin nəzərinə çatdırılır ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa, daim aktiv rejimdə çalışan (+99477) 3104104 vatçap nömrəsinə də mesajlarını göndərə bilərlər.Bayram günlərində birliyin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Müştəri xidməti şöbəsi dekabrın 31-i və 2022-ci il yanvarın 1, 2, 3, 4 tarixlərində şənbə-bazar günləri saat 10:00-dan 14:00-dək, digər bayram günləri isə saat 10:00-dan 15:00-dək fəaliyyət göstərəcək. Xidmət Abşeron, Mərdəkan, Qaradağ və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.Bundan başqa, “Azəriqaz” İB-in Təmir-Tikinti İdarəsinin Qəza təmir bərpa sahəsi, 104 Çağrı sahəsinin əməkdaşları da sutkanın 24 saatı ərzində abonentlərin xidmətində olacaq. Bakı şəhəri və ətraf ərazilərdə baş verəcək qəzalar, qaz sızmaları, qaz sayğacları ilə bağlı nasazlıqlar operativ şəkildə aradan qaldırılacaq.xeber100.com

Dekabr 30, 2021 11:56

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunlaşdırılıb.“Bakı Metropoliteni” QSC-dən Azərtac-a bildirilib ki, hər bir hava şəraiti yeraltı yolların özünəməxsus iqlim mühitinə və qatarların normal işinə təsirsiz ötüşmür. Bu səbəbdən “Qışa yaydan hazırlaş” prinsipinə uyğun olaraq, metropolitendə ilin qarlı-şaxtalı günlərinə hazırlığa hər il iyun ayından gec olmayaraq başlanılır. “Bakı Metropoliteni” QSC sədrinin əmri ilə təsdiq edilmiş plana uyğun bütün xidmət sahələrinin yerinə yetirməli olduğu tədbirlər, işlərin miqyası, məzmunu tam əhatəli olmaqla konkret göstərilir. Hər bir sahə üzrə vəzifələr müəyyənləşdirilir və tapşırıqların icra müddəti qeyd olunur. Metropolitenin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə xüsusi komissiya ay ərzində ən azı bir dəfə olmaqla çatışmazlıqları, qarşıya qoyulan vəzifələri təhlil edir və hesabatlar hazırlayır.Qış fəslinin əsasən, qarlı-çovğunlu günləri qatarların hərəkətinin təşkilində, sərnişinlərin rahatlığının təmin edilməsində böyük problemlər yarada bilər. Hazırlıq tədbirləri isə daha çox “Nərimanov” elektrik deposunun yolları ilə bağlı olur. Qışın qarlı günlərində qatarların hərəkəti üçün maneələr açıq hava şəraitində olan park yollarında yaranır. Çoxsaylı yoldəyişdirici qurğuların qar altında qalması nasazlıqlara gətirib çıxara bilər. Nəticədə, depodan yeraltı yollara qatar vermək mümkünsüz olar.Yol təsərrüfatında qışa hazırlıq payızın ilk ayında başa vurulub. Əvvəlcə qarla mübarizə işinin operativ planı hazırlanıb. Yol sahələrinin ştatda nəzərdə tutulmuş sayda işçilərlə komplektləşdirilməsi yekunlaşdırılıb. Sahələrdə birinci dəfə işləyən və belə hallarla rastlaşmayan işçilərlə müvafiq məşğələlər keçirilib, təlimatlar verilib.Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub. İşçilər üçün xüsusi geyimlər, ayaqqabılar və digər fərdi mühafizə vasitələri alınıb. Yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib. Qarın yığılması üçün tələb olunan alətlər sazlanıb.Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim nəzərdən keçirilir, qüsurlu elementləri dəyişdirilir.Qarın yağması barədə məlumatlardan asılı olmayaraq, profilaktik tədbirlər plan üzrə müntəzəm yerinə yetirilir.Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb. Pilləkənlərin buzlaşmasına qarşı hər stansiyanın ehtiyatında duz saxlanılır. Stansiya heyətinə əlverişsiz hava şəraitində, xüsusən qarın yağacağı müddətdə görüləcək işlərlə bağlı təlimatlar verilib. Bu zaman stansiya pilləkənləri nəzarətdə saxlanılacaq, sərnişinlərin hərəkəti üçün təhlükə yarada biləcək maneələr aradan qaldırılacaq. Şiddətli qar yağıntısı zamanı Qarla mübarizə qərargahından zərurət yaranan stansiyaya təhkim olunmuş işçilər dəvət ediləcək.Görülən işlərə əsasən, metropoliten qarlı-şaxtalı günlərdə iş ahəngini qorumağa hazırdır.xeber100.com

Dekabr 23, 2021 3:11

Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcək

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nadzın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi də iştirak edib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Azərtac-a verilən məlumata görə, Azərbaycanla Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayan S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində qazandığı tarixi Zəfəri qeyd edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə böyük quruculuq işləri aparıldığını, Macarıstan şirkətlərinin həmin işlərdə iştirak etməyə maraq göstərməsinin məmnunluq doğurduğunu bildirib.Ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nailiyyətləri barədə məlumat verən S.Babayev iki ölkə arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu qeyd edib. Bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan Kənd Təsərrüfatı Biznes Forumunun iki ölkənin kənd təsərrüfatı üzrə şirkətləri arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb.2005-2021-ci illərdə Bakı və Budapeştdə 10-dan artıq biznes forum, işgüzar görüş və digər tədbirlərin keçirildiyi, 2019-cu ildə Budapeştdə Azərbaycan Evinin açıldığı, ölkəmizdə xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı üzrə 20-dək Macarıstan şirkətinin fəaliyyət göstərdiyi bildirilib.Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən bəhs olunub. 2022-ci ilin fevralında Bakıda Komissiyanın 8-ci iclasının, iclas çərçivəsində Azərbaycan-Macarıstan Biznes Forumunun keçirilməsinin nəzərdə tutulduğu qeyd edilib.xeber100.com  

Dekabr 16, 2021 8:35