“Buta Airways” aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir

"Buta Airways" aşağıbüdcəli aviaşirkəti beynəlxalq uçuşların coğrafiyasını genişləndirir. Aviaşirkət Bakıdan Türkiyənin paytaxtı Ankaraya uçuşları bərpa edəcək. Bakı-Ankara-Bakı marşrutu üzrə xüsusi reyslərin mayın 17-dən etibarən həyata keçirilməsi nəzərdə tutulur.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, uçuş cədvəlinə əsasən aviaşirkət həftədə iki reys - həftənin birinci və dördüncü günləri uçuşlar yerinə yetirəcək.Azərbaycanın aşağıbüdcəli aviaşirkəti ötən il dekabrın 6-dan İzmir şəhərinə uçuşlar həyata keçirir, cari il martın 18-dən isə Bakıdan İstanbula hava əlaqəsini bərpa edib.Ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super". Hər iki tarifə ödənişsiz qaydada yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir. Qeyd edilən reyslərə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında (“Super” və “Standart” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız “Super” tarifi üzrə) mövcuddur.Aviabiletlərin qiyməti 55 avrodan başlayır. Pandemiya dövründə həmin reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək. Reyslərə mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan kateqoriyalı sərnişinlər qəbul olunacaq.xeber100.com

Aprel 28, 2021 11:18

Dövlət Statistika Komitəsinin məlumatı əsasında…

Aprelin 1-nə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu keçib.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (27,9 faiz), Aran (21,5 faiz), Gəncə-Qazax (13,8 faiz) və Lənkəran (9,7 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 78,7 faizini kişilər, 21,3 faizini isə qadınlar təşkil edib.Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 31 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 23,8 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,8 faizini təşkil edir. Sahibkar qadınların 30,7 faizi Bakıda, 17,9 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,4 faiz), Gəncə-Qazax (24,9 faiz), Naxçıvan Muxtar Respublikası (22,5 faiz) və Lənkəran (21,6 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.xeber100.com

Aprel 20, 2021 3:12