Kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Respublikasının Kosmik Agentlik (Azərkosmos) və Braziliya Kosmik Agentliyi arasında kosmos sahəsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. “Azərkosmos”dan bildirilib ki, sənəd iki ölkə arasında kosmik elm, texnologiya və tətbiq sahələrinə dair əməkdaşlığı nəzərdə tutur və kosmik sahədə gələcək əməkdaşlıq üçün çərçivə yaratmaqda alət rolunu oynayacaq. Memorandum çərçivəsində tərəflər kənd təsərrüfatı, su ehtiyatları, şəhər və regional planlaşdırma, ətraf mühitin qiymətləndirilməsi, torpaq örtüyünün xəritəsi, fəlakətlərin monitorinqi, təbii ehtiyatların xəritələşdirilməsi, dəniz və yerüstü monitorinqi, geoməkan sistemləri, yerüstü peyk stansiyalarında kommunikasiyaya aid peyk görüntülərinin emalının nəticəsi olaraq, hər iki ölkədə sosial-iqtisadi inkişafı dəstəkləmək istiqamətlərini genişləndirəcək. Həmçinin kosmik elm, texnologiyalar və tətbiqlər sahələrində hər iki ölkənin peşəkarları üçün akademik və təlim imkanları araşdırılacaq. “Azərkosmos”un sədri Saməddin Əsədov kosmos sahəsində Braziliya ilə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, bu Memorandum və daha sıx tərəfdaşlıq nəticəsində Azərbaycanın kosmik sənayesi inkişaf etdiriləcək və kosmosla bağlı fəaliyyət genişləndiriləcək. Braziliya Kosmik Agentliyinin rəhbəri Marko Antonio Şamon bildirib ki, Azərbaycanın kosmik sektorda böyük potensialı var və ondan müxtəlif sahələrin, o cümlədən elmi tədqiqatlar, texnoloji innovasiyalar, təhsil və iqtisadiyyatın inkişafı üçün uğurla istifadə edilə bilər.xeber100.com

Noyabr 22, 2023 2:12

Avropa İttifaqı ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar

Uzun müddət yüksək enerji xərcləri ilə üzləşəcək Avropa İttifaqı (Aİ) ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaqlar. Xarici KİV-lər xəbər verir ki, Avropa İttifaqına üzv ölkələrin keçən il enerji böhranı ilə əlaqədar həyata keçirdikləri təbii qaz istehlakının azaldılması, işıqların müəyyən vaxtlarda söndürülməsi və binalarda temperaturun aşağı salınması kimi müxtəlif qənaət tədbirlərini davam etdirmələri, həmçinin yeni tədbirlər görmələri gözlənilir. Keçən il başlayan Rusiya-Ukrayna müharibəsi ilə Rusiya Avropaya təbii qaz nəqlini dayandırdı, Aİ ölkələri isə enerji, xüsusilə təbii qaz və elektrik sahəsində böyük problemlər yaşadı. Avropa ölkələri xüsusilə ötən ilin əvvəlindən sürətlə artan təbii qaz və elektrik enerjisi qiymətləri ilə qarşılaşıb. Bu halda Aİ-nin enerji sahəsində Rusiyaya alternativi tez tapması mümkün olmadığından, yüksək enerji xərclərinin daha uzun müddət davam edəcəyi gözlənilir. Enerji qiymətlərinin qısa müddətdə azalmayacağı səbəbindən Aİ ölkələri qaz və elektrik enerjisinə qənaət etməyə davam etməli olacaq. Aİ ölkələri hər il təxminən 400 milyard kubmetr təbii qaz istehlak edir ki, bunun da 40 faizi Rusiyadan gəlir. Rusiyadan gələn axının kəsilməsi ilə Aİ ölkələri təcili olaraq təbii qaz istehlaklarını azaltmaq planını həyata keçirdilər. Bu çərçivədə Aİ ölkələri təbii qaz istehlaklarını son 5 ildə orta hesabla 15 faiz azaltmağa razılaşıblar. Bu plana fövqəladə hallarda istehlakın azaldılmasını məcburi edəcək maddələr də daxil edilib. Avropanın qaza tələbatın azaldılması planı qazdan alternativ yanacağa keçidin sürətləndirilməsi, istehlakın azaldılmasının təşviq edilməsi, isitmə və soyutmanın azaldılması kimi əsas elementləri əhatə edir. Qənaət tədbiri ilə yanaşı, təbii qaz çənlərinin qış mövsümünə qədər doldurulması üçün də hazırlıq işləri görülüb. Aİ ölkələrinin 110 milyard kubmetrə qədər təbii qaz anbarı tutumu var. Müharibənin başlaması ilə Aİ ölkələri yeraltı təbii qaz çənlərinin qış aylarına qədər doldurulmasını məcburi edəcək qanuni tənzimləmələr hazırladılar. Bu çərçivədə qaz çənlərindəki doluluğun qış dövrünə qədər 90 faizə çatdırılması planlaşdırılıb və həyata keçirilib. Bu məqamda boru kəməri qazından qat-qat baha başa gələn mayeləşdirilmiş təbii qazın (LNG) daşınması sürət qazanıb. Aİ-yə üzv ölkələrdə elektrik istehlakının 10 faiz azaldılmasını və pik saatlarda istehlakın məcburi olaraq 5 faiz azaldılmasını ehtiva edən fərqli bir plan hazırlandı. Bu çərçivədə Avropa ölkələri enerji qənaətini sürətləndirdi. Vətəndaşlardan və dövlət qurumlarından enerji qənaətinə diqqət yetirmələri istənilib. Avropa ölkələrində vətəndaşlara evlərində temperaturun aşağı salınması və işıqların söndürülməsi də daxil olmaqla enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsi çağırışları edilib. Aİ ölkələrində ictimai binalarda qış temperaturu azaldılıb və yayda soyutma səviyyəsi məhdudlaşdırılıb. Bəzi ölkələrdə iş yerlərində istilik sisteminin maksimum 19 dərəcə istilikdə işlədilməsi qərara alınıb. Gecələr mağaza vitrinlərinin işıqlarını yandırmaq qadağan olunub. Mağazanın işıqlandırılmasına yalnız müəyyən saatlarda icazə verilib. Bundan əlavə, ev təsərrüfatlarını enerjiyə qənaət etməyə təşviq etmək üçün ictimai xidmət elanları hazırlanıb. İctimai binalarda işıqlandırma saat 22:00-dan etibarən söndürülüb. Müəyyən dərəcədə uğurlu olan bu tədbirlərin əhəmiyyətli hissəsinin bu qış mövsümündə də davam etdirilməsi nəzərdə tutulur.xeber100.com

Oktyabr 30, 2023 3:28

Dünya Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə Dünya Bankının enerji və infrastruktur üzrə regional direktoru Çarlz Cozef Kormier arasında görüş olub. Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycanın təbii qaz və bərpa olunan enerji sahələrinin inkişafına dair siyasətinin hazırkı vəziyyəti və planları çərçivəsində Dünya Bankı ilə əməkdaşlığın inkişafı müzakirə edilib. Xüsusilə Dünya Bankının apardığı təhlillər əsasında qaz tədarükünə tələbat və bu sahəyə investisiya cəlb olunmasının perspektivi, eləcə də Azərbaycanın enerji keçidi istiqamətində fəaliyyəti və bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırılması hədəfinin reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Enerji təhlükəsizliyinin təminatında sabitlik aspektində diversifikasiya layihəsi Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və bu xüsusda maliyyə institutları ilə əməkdaşlıq nəzərdən keçirilib. Həmçinin bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində Dünya Bankı ilə birgə icra edilən layihələrdən danışılıb. Bildirilib ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə dənizdə külək enerjisindən istifadə üzrə Yol Xəritəsi çərçivəsində, eləcə də “Azərbaycan üçün Çevik Texniki Yardım Proqramının (AZTAF) enerji səmərəliliyi komponenti üzrə məsləhətçi xidmətlərinin göstərilməsi”, “Azərbaycanın enerji sistemində bərpa olunan enerji güclərinin genişləndirməsinə dəstək” layihələri üzrə əməkdaşlıq edilir. Eyni zamanda, qeyd edilib ki, 1862 MVt gücündə bərpa olunan enerji stansiyalarının şəbəkəyə inteqrasiyası məqsədilə elektrik enerjisi şəbəkəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı hazırlanır. Söhbət zamanı “Gürcüstan-Rumıniya Qara dəniz sualtı enerji və rəqəmsal qoşulma xətti” layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesində iştirak edən Dünya Bankı ilə “yaşıl enerji”nin “Xəzər-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi” və Naxçıvan üzərindən Türkiyə-Avropa xətti ilə ötürülməsi, həmçinin digər potensial istiqamətlər üzrə də əməkdaşlıq imkanları dəyərləndirilib.xeber100.com  

Oktyabr 30, 2023 2:53