“Azəriqaz” yeni layihənin həyata keçirilməsini planlaşdırır

“Azəriqaz” İstehsalat Birliyi təbii qaz sayğaclarının idarə olunmasında işin səmərəliliyini təmin etmək üçün yeni layihənin həyata keçirilməsini planlaşdırır.Birlikdən Azərtac-a bildirilib ki, hazırda həm istismar müddəti başa çatan, həm də dövri yoxlama müddəti yaxınlaşan (əhali abonent qrupu üçün 5 ildən bir) sayğaclar smart-kart tipli və ya mexaniki-elektron tipli olmasından asılı olmayaraq, bəzi istisnalar edilməklə əksər hallarda mexaniki-elektron tipli sayğaclarla əvəzlənir. Quraşdırılan bu sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki-elektron tipli sayğaclara əlavə onlayn nəzarət qurğuları yerləşdirilsin. Radio dalğa ötürücüləri ilə çalışan qurğular imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki-elektron tipli sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki-elektron tipli sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir. Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada qurğunun qeydiyyatına düşür. Bu qurğuların bir neçə modeli mövcuddur. Onlardan bəziləri fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki-elektron tipli sayğacının klapanının bağlanmasına da şərait yaradır.Beləliklə, çox sayda işçi sayğac göstəricilərinin oxunmasına cəlb edilməyəcək, onlar digər mühüm işlərdə səmərəli istifadə olunacaq. Eyni zamanda, nəzərə alsaq ki, çoxmərtəbəli binalarda da smart-kart tipli sayğaclar dövri yoxlanış müddəti bitdiyi zamanı mexaniki-elektron tipli sayğaclarla əvəz edilə bilər, bu halda da, abonentin hər dəfə qapısı döyülərək narahat edilməsi minimuma enəcək.Başqa bir halda, onlayn nəzarət qurğuları mexaniki-elektron tipli sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Bununla da güzəştli limit həddinin hesablanması ilə bağlı hər yeni ilin yanvar ayının birinci on günlüyündə oxunma aparıldığı üçün abonentlərin narazılığına son qoyula bilər. Yəni, limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki-elektron tipli sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.Hazırda müvafiq sənədləşmə işləri aparılır və bu qurğuların istehsalçı şirkətləri ilə danışıqlara başlanılıb. İlkin mərhələdə yeni qurğuların Mənzil Tikinti Kooperativlərinin inşa etdiyi çoxmərtəbəli binalarda sınaqdan keçirilməsi planlaşdırılıb.xeber100.com

Sentyabr 9, 2020 11:48

Maliyyə-bank sektorunun mövcud vəziyyəti müzakirə edilib

ABA-dan Azərtac-a bildirilib ki, assosiasiyanın Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər sırasında özünüməşğulluq proqramı ilə əlaqədar ABA-dan köçürüləcək vəsait hesabına banklar tərəfindən əlavə 400 vətəndaşa aktivlərin təqdim edilməsi işinin təşkili, Dövlət Sosial Müdafiə Fondunun “Özünüməşğulluq” layihəsində biznes-planların Qiymətləndirmə Komissiyasının tərkibinə Bakı və regionlar üzrə nümayəndələrin ayrılması, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”nun sədrliyinə “Kapital Bank” ASC-nin Xəzinə departamentinin direktoru Fərid Əliyevin namizədliyinin müzakirəsi, Mərkəzi Bankdan Banklar Assosiasiyasına daxil olmuş Dövlət Turizm Agentliyinin müraciətinin müzakirəsi yer alıb.İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti, həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib.Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.xeber100.com

Sentyabr 9, 2020 11:34

Bakı Nəqliyyat Agentliyinin məlumatı əsasında…

Taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda videokonfrans formatında görüş keçirilib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, Agentliyin təşəbbüsü ilə keçirilən görüşdə İqtisadiyyat, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndələri, Azərbaycan Texniki Universitetinin mütəxəssisləri, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak edib.Diqqətə çatdırılıb ki, ötən dövrdə Bakı Nəqliyyat Agentliyi səlahiyyətləri çərçivəsində taksi fəaliyyətinin tənzimlənməsinə dair bir sıra tədbirlər həyata keçirib. Taksi minik avtomobilləri və onların sürücülərinə dair tələblər təsdiq edilib. Tələbat olan ərazilərdə taksi duracaqları təşkil olunub. Görülən işlərə baxmayaraq, bu xidmət sahəsi üzrə bır sıra çatışmazlıqlar mövcuddur. Bunlar əsasən qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi, hüquqi və fiziki şəxslərin, çağrı mərkəzi-operatorların statusunun olmaması ilə bağlıdır.Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb. Konsepsiyanın icrası nizamlı, qanuni, sərnişinlər üçün təhlükəsiz və rahat, eyni zamanda sürücülər üçün zəmanətli taksi xidmətinin təşkilinə imkan verəcək.Konsepsiyanın əhəmiyyətini qeyd edən görüş iştirakçıları bu görüşün taksi xidmətinin təkmilləşdirilməsi istiqamətində görülən işlərin koordinasiyası baxımından önəmini də vurğulayıb. Görüşdə konsepsiya ilə bağlı müxtəlif rəy və təkliflər irəli sürülüb. Bildirilib ki, səslənən fikirlər konsepsiyanın daha da təkmilləşdirilməsi zamanı nəzərə alınacaq.xeber100.com

Avqust 31, 2020 12:47