Azərbaycan Beynəlxalq Françayzinq Forumu öz işinə başlayıb

Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise” öz işinə başlayıb.Azərtac xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən forumun məqsədi kiçik və orta biznes (KOB) subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən forumun açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər.Forumun sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradır. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilir. Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim edirlər.xeber100.com  

Mart 4, 2020 12:39

Azərbaycan Beynəlxalq Françayzinq Forumu baş tutacaq

Martın 4-5-də Bakıda “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu baş tutacaq.“Caspian Event Organisers” şirkətindən Azərtac-a bildirilib ki, “Caspian Franchise” ölkədə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platformadır. “Biznesin yarandığı yer” olaraq tədbir françayzinq haqda hərtərəfli məlumat almaq, uğurlu investisiya tapmaq və yeni biznesə başlamaq üçün əvəzolunmaz imkan yaradır. “Caspian Franchise” franşiza sahiblərini, sərmayəçilər və sahibkarları, iri holdinq nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək.“Caspian Franchise”ın məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır. “Caspian Franchise” konfrans və sərgidən ibarət olacaq.Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. İştirakçılar "Niyə özəl biznes deyil françayzinq?" sualına cavab alacaq, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahiblərinin praktiki məsləhətləri müzakirə edəcəklər.Sərgiyə isə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər qatılacaq. Həmçinin daşınmaz əmlak agentliyi və franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı əsas məsələləri müzakirə edə biləcəklər.Tədbir Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilati dəstəyi və iştirakı ilə keçiriləcək.xeber100.com

Fevral 27, 2020 1:52