Ulu Öndər Heydər Əliyevin 100 illiyi möhtəşəm tədbirlərlə qeyd olunub

Daşkənddə Ümummilli Liderin anadan olmasının 100 illiyi ilə bağlı paytaxtdakı Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi önündə böyük mərasim keçirilib. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, ölkə Senatı sədrinin birinci müavini Sadık Səfayev, xarici işlər naziri Bəxtiyar Saidov, mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov, Millətlərarası Münasibətlər və Dostluq Əlaqələri Komitəsinin sədri Rüstəm Kurbanov, Özbəkistanda fəaliyyət göstərən səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin parkdakı abidəsi önünə çoxsaylı əklillər və gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla anıblar. Sonra Özbəkistan millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rüstam Kurbanov çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən danışıb. O qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev və Özbəkistanın birinci Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu gün də bu səmimi dostluq münasibətləri Azərbaycan və Özbəkistanın dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir. Səfir Hüseyn Quliyev 1960-cı illərdən başlayaraq Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni tərəqqisinin Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun ölkədə təhsil, infrastruktur, həmçinin neft və qaz sənayesinin inkişafına mühüm töhfələr verdiyini vurğulayıb. Səfir, eyni zamanda, Heydər Əliyevin 1993-cü ildə müstəqilliyinin itirilməsi təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni dərin böhrandan xilas etdiyini və dinamik inkişaf yoluna çıxardığını söyləyib. O, bu gün Azərbaycanın qazandığı uğurlarda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıb. Özbəkistan Yazıçılar İttifaqının sədri, Xalq şairi Siracəddin Səyyid Ulu Öndər Heydər Əliyevin hər zaman Özbəkistanla münasibətlərə xüsusi önəm verdiyini bildirib. O, Ümummilli Liderin Özbəkistana səfərləri, Uluqbəy adına Özbəkistan Milli Universitetinin fəxri doktoru adına layiq görülməsi haqqında söhbət açıb, bu böyük siyasətçinin mədəniyyətə, ədəbiyyata, şeirə, sənətə yüksək qiymət verdiyini diqqətə çatdırıb. Digər çıxışçılar Mirabad rayonu Məhəllə komitəsinin sədri Mehriban Rəhimova və Özbəkistanda yaşayan azərbaycanlı şair Əli Nəsirli çıxışlarında qeyd ediblər ki, Heydər Əliyev yalnız Azərbaycan xalqı deyil, bütün Türk dünyası üçün nadir şəxsiyyət idi, bu böyük siyasətçinin fövqəladə idarəçilik qabiliyyəti olub. Onlar Heydər Əliyevin Özbəkistanla əlaqələrə daim xüsusi diqqət ayırması, özbək liderlər Şərəf Rəşidov və İslam Kərimovla dostluq münasibətlərini, eyni zamanda, bugünkü gündə dövlətlərimiz arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsində Ulu Öndərin xüsusi xidmətlərini qeyd ediblər.xeber100.com    

May 11, 2023 4:13

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində

Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim edilib. Konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifalar dinlənilib. Konsertdə incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər. Möhtəşəm konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb. Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər. Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov deyib ki, hər zamankı kimi, budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da əsl musiqi bayramıdır: “Festival çox yüksək səviyyədə təşkil olunub. Burada gözəl ifalara qulaq asır, bir-birindən rəngarəng musiqiləri dinləyirik. Biz bu gün çox qürurluyuq. Ona görə ki, doğma Vətənimizə, gözəl Şuşamıza demək olar ki, bütün Türk dünyasının ən ünlü sənətkarları qonaq gəlib. Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qarşıda bizi bir-birindən maraqlı neçə-neçə konsert, tədbir gözləyir”. Sərdar Fərəcov xüsusi olaraq qeyd edib ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının belə yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: “Azərbaycan xalqı belə gözəl günlərə layiqdir. Çünki dünyada biz heç kimə pislik etməmişik və heç kimin torpağında gözümüz yoxdur. Biz gözəlliklər yaradan xalqıq və belə festivallar bunun əyani sübutudur”. Rusiya Federasiyasının Tıva Respublikasının “Edegey” Rəqs və Kostyum Teatrının direktoru Kima Donqak Azərbaycanda olmaqdan məmnunluğunu söyləyib. Ölkəmizə ilk dəfədir gəldiyini bildirən K.Donqak deyib: “Burada gördüyüm səmimiyyət, insanların qonaqpərvərliyi məni heyran etdi. Bu gözəl diyara indiyədək gəlməməyimə çox təəssüflənirəm. Hazırda Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Festival çox gözəl təşkil olunub. Burada olmağımızdan çox məmnunuq. Qismət olarsa, növbəti illərdə də bu musiqi festivalında iştirak edəcəyik”. Azərbaycan xalqına sonsuz sevgisini bildirən Qırğızıstanın Xalq artisti, Dövlət mükafatı laureatı Salamat Sadıqova 30 il bundan əvvəl Şuşada iştirak etdiyi “Xarıbülbül” festivalını bir daha xatırlayıb: “O günlər yaxşı yadımdadır. “Xarıbülbül” festivalı hələ ilk addımlarını atmağa başlayanda - 1990-cı illərin əvvəllərində biz bu musiqi bayramına qatılan ilk iştirakçılardan idik. Onda festival yeni beynəlxalq status almışdı. O vaxt festivalda dünyanın 16 ölkəsindən nümayəndələr iştirak edirdi. Ondan sonra Azərbaycana gəlmək imkanı olmadı. 30 ildən sonra yenidən Bakını görmək, Şuşaya gəlmək və belə bir festivala yenidən qatılmaq olduqca xoş hisslərdir. 33 il bundan əvvəl olduğu kimi, yenə də mən festivala öz doğma - “Kambarkan” folklor-etnoqrafik ansamblı ilə qatılmışam. Festival çox yüksək səviyyədə təşkil olunub. Bu gözəl imkanı bizə yaradanlara çox minnətdaram. Şuşa turizm baxımından da çox əlverişli bir yerdir. İnanıram ki, yaxın illərdə bu festivalın coğrafiyası daha da genişlənəcək”. Qeyd edək ki, üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur. Festival günlərində Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, film nümayişləri olacaq. Festival çərçivəsində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.xeber100.com

May 9, 2023 2:39

Aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir

Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Beynəlxalq Caz Günü münasibətilə dəyirmi masalar, caz improvizələrinə dair ustad dərsləri, habelə caz mövzusu ilə bağlı müxtəlif tədbirlər təşkil olunur. Bu tədbirlər cazın vətəni hesab edilən Yeni Orleanın Konqo meydanında xüsusi konsert proqramı ilə davam etdirilir. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanmışdır. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir. Böyük təməllər üzərində qurulmuş Azərbaycan cazı indi gənc ifaçıların timsalında daha da inkişaf edir. Beynəlxalq Montre Caz Festivalının qalibi İsfar Sarabskinin adını çəkmək yetərlidir ki, Azərbaycanda caz ənənəsinin necə yaşadığının şahidi olasan. Həmçinin Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli kimi tanınmış ifaçılar bu ənənələri uğurla davam etdirirlər.xeber100.com

Aprel 30, 2023 3:09

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində – “Ana tarla”  

Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası keçirildi. Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutan tamaşa, Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun “Ana Torpaq” əsərinin motivləri əsasında səhnələşdirilib. Ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim, türkçülüyün təbliğatçısı Çingiz Aytmatovun şəxsiyyətinə, yaradıcılığına və xidmətlərinə zamanında yüksək qiymət verərək demişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”. “Heydər Əliyev İli” çərçivəsində tamaşanın təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, o cümlədən görkəmli yazıçı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib. Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur. Çingiz Aytmatovun “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır. Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir. Ç.Aytmatov əsərdə ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir və tamaşadada rejissor Mərahim Fərzəlibəyov da yazıçının təxəyyül məhsulunu eynilə səhnəyə gətirməyə nail olub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən premyerada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv və müşahidəçi ölkələrin səfirləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbər və nümayəndələri, millətvəkilləri, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, eləcə də bir çox qonaqlar iştirak edirdilər. Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir. Tamaşada iştirak edirlər: Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist) Suvankul – Rəşad Kəsəmənli Qasım – Tural Əhməd Masılbek – Namiq Cavadov Caynaq – Elçin Muradov Aliman – Ülviyyə Rza Usanbay – İsmayıl Atakişiyev 1-ci sünbül – Zülfiyyə Məmmədova 2-ci sünbül – Günel Həmidova 3-cü sünbül – Aynur Abbasova 4-cü sünbül – Arzu Ağayeva Aişə - Səmayə Sadıqova(Əməkdar artist). Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.xeber100.com

Aprel 26, 2023 9:31