Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib

Azərbaycanın Almaniyadakı səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib. Sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib. Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən məlumat verilib. Açılışda çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Azərbaycanda xalçaçılıq sənətinin qədim tarixə malik olduğunu, usta xalçaçıların bu sənətin incəliklərini gənc nəsilə uğurla ötürdüyünü, ölkə rəhbərliyinin bu sənətin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri, əməkdar incəsənət xadimi Emin Məmmədov tədbirdə çıxış edərək, təmsil etdiyi təşkilatın tarixindən söz açıb. Sədr "Azərxalça" ASC-nin əsas məqsədinin xalçaçılıq ənənəsinin qorunub saxlanması və bu sənətin daha da inkişaf etdirilməsindən ibarət olduğunu söyləyib. O, Azərbaycan xalq-tətbiqi sənəti və onun bir qolu olan xalçaçılığın xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayıb. E.Məmmədov sərgidə nümayiş olunan, Qarabağ, Qazax, Naxçıvan, Şirvan xalçaçılıq məktəblərinə aid olan xalçalardan bəhs edib.xeber100.com  

Sentyabr 7, 2023 3:01

Bakı Bələdiyyə Teatrının 31-ci teatr mövsümü başladı

Bakı Bələdiyyə Teatrı növbəti 31-ci teatr mövsümünə start verib. Teatrın mətbuat xidmətinin verdiyi məlumata görə, Bakı Bələdiyyə Teatrının 30-cu mövsümü bir çox əlamətdar hadisələrlə yanaşı, eyni zamanda böyük ruh yüksəkliyilə yola salınan qaynar xarakterli iş sistemi ilə yadda qaldı. Ötən mövsümdə teatrda müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti ölkədə keçirilən tədbirlərin əksəriyyətində iştirak edib. 30 illik hesabat xarakterli yubiley mərasimi, bir çox yeni tamaşaların nümayişi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyi münasibətilə Türkiyənin Bursa şəhərində keçirilən Şuşa Günləri çərçivəsində uğurlu səfəri, Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq ənənələrini yaşadırıq!” devizi ilə keçirilən mədəni-kütləvi tədbirlərdə olan iştirakı, Ulu öndərin 100 illiyi çərçivəsində keçirilən tədbirlər planına öz töhfəsini verərək, yeni səhnə əsərlərilə tamaşaçıların görüşünə gəlmək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlıq və s. məqamlar ötən mövsümün uğurlarına daxildir. 31-ci mövsümdə nələr olacaq, hansı layihələr həyata keçiriləcək, bu mövsümdə premyeraları nəzərdə tutulan tamaşalar hansılardır,  repertuar planı necə qurulacaq və s. haqqında geniş məlumat yaxın günlərdə təqdim olunacaq. Xatırladaq ki, 1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılan, yarandığı gündən saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən, fəaliyyətilə “Döyüşən teatr” adını qazanan, bu illər saysız tamaşalar hazırlayan, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Mirzə Fətəli Axundov, Nazim Hikmət, Əziz Nesin, Cəfər Cabbarlı, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirən Bakı Bələdiyyə Teatrı çətin şəraitdə tamaşalar hazırlamasına baxmayaraq daima uğurlu tamaşaları ilə böyük tamaşaçı auditoriyasının qəlbini fəth etməyi bacardı. Və 31-ci mövsümdə öz tamaşaçılarına ən dəyərli sənət nümunələrini təqdim etməyi planalaşdırıb.xeber100.com

Sentyabr 7, 2023 2:24

VI Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb

Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyətinin Çinə səfəri davam edir. Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Qansu vilayətinin Dunhuan şəhərində 6-cı Beynəlxalq İpək Yolu Sərgisinin açılış mərasimində iştirak edib. Nümayəndə heyəti əvvəlcə mədəni turizm sərgisi ilə tanış olub. Burada Çinin İpək yolu boyunca yerləşən bölgələrinin tarixinə, mədəni irsinə, İpək yolunun tarixən mədəni əlaqələrdəki roluna, “Bir kəmər, bir yol” ölkələrinin mədəni əməkdaşlığına dair eksponatlar, mədəniyyət abidələrləri, fotolar, kitablar, təsviri incəsənət nümunələri numayiş olunur. Beynəlxalq İpək Yolu Sərgisininin açılış mərasimində çıxış edən Çin Kommunist Partiyasi (ÇKP) mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley, partiyanın Qansu vilayəti komitəsinin katibi Hu Çanşen, Çin Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun və digərləri çıxış edərək, tədbirin tarixi İpək yolu üzərində yerləşən ölkələr və xalqlar arasında mədəni mübadilənin və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələrdən söz açıblar. Qeyd edək ki, İpək Yolu Beynəlxalq Mədəniyyət Sərgisi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin və Dövlət Şurasının (Nazirlər Kabineti) ortaq qərarı ilə 2016-cı ildən hər il ənənəvi olaraq tarixi Dunhuan şəhərində keçirilir. Sərginin təşkilatçıları Qansu vilayətinin Xalq Hökuməti, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mətbuat, Nəşr, Radio, Film və Televiziya İdarəsi, Milli Turizm Administrasiyası və Çin Beynəlxalq Ticarətin Təşviqi Şurasıdır. Builki sərgidə dövlət rəsmiləri, ictimai xadimlər, incəsənət adamları da daxil olmaqla 1200-dən çox yerli və əcnəbi nümayəndə iştirak edir. İki gün davam edəcək sərgi çərçivəsində müxəlif forum, konfrans, seminar, simpozium, konsert proqramları təşkil olunacaq. Çin hökuməti tərəfindən “Bir kəmər, bir yol” ölkələri arasında mədəni mübadiləni təşviq etmək üçün yaradılan Beynəlxalq İpək Yolu Sərgisi müvafiq sahələrdə insanlar arasında əlaqələr, qarşılıqlı etimad və ticarət əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Beynəlxalq platformaya çevrilən bu sərgi həm ölkə daxilində, həm də xaricdə böyük rəğbətlə qarşılanır, mühüm nailiyyətlər əldə edir. Nazir Adil Kərimli Çin Kommunist Partiyasi Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Li Şuley və Milli Mədəni İrs Adminstrasiyasının rəhbəri Li Çun ilə görüşüb.xeber100.com

Sentyabr 6, 2023 10:37

Sentyabrın 18-dən 28-dək XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Sentyabrın 18-dən 28-dək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur. 2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq. Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.xeber100.com

Sentyabr 6, 2023 10:32

“Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib

Misirin paytaxtı Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində “Heydər Əliyev İli” çərçivəsində yeni layihəyə – xalçaçılıq sənətinin tədrisinə start verilib. Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov bildirib ki, Azərbaycan xalçaçılıq sənətinin təbliğ olunması məqsədilə yaradılan kursda xalça ustası 57 yaşlı Camal Məhəmmədin rəhbərliyi ilə müxtəlif ölkələrdən 52 tələbə bu qədim sənətin sirlərinə yiyələnəcək. Misirdə xalçaçılıq sənətinə böyük marağı nəzərə alaraq, gələcəkdə kursun fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Hazırda 120-dən çox tələbə gələcək kurslarda iştirak etmək üçün öz növbəsini gözləyir. Cəmiyyətin sədri, tədqiqatçı-alim S.Nəsirov xalçaçılıq kursunun iştirakçıları ilə görüşdə bildirib ki, təmsil etdiyi təşkilat xalqlar arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verir və uzun illərdir müxtəlif millətlərdən olan tələbələrə xidmət edən fəaliyyətləri həyata keçirir. Bu baxımdan, qədim xalçaçılıq sənətini öyrənmək istəyən gənclərin çoxsaylı müraciətlərini nəzərə alan cəmiyyətin rəhbərliyi yeni layihəyə başlamaq qərarına gəlib.xeber100.com  

Avqust 28, 2023 6:03