Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən Kino Forumu başa çatıb

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda keçirilən Kino Forumu aprelin 21-də başa çatıb. Forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak ediblər. İki gün davam edən Forum panel müzakirələrlə davam edib. Forumda ümumilikdə "İdeologiya. Milli Kino - dünən, bu gün və sabah" adlı ilk paneldə "Mədəniyyət siyasətində kinonun rolu", "Milli kinoda mövzu seçimi. Cəmiyyətin gözləntisi və dövlət sifarişi", "Kino sahəsində peşəkar kadr hazırlığının mexanizmləri", “Yaradıcılıq. Müasir Azərbaycan kinosunun perspektivləri” adlı ikinci paneldə “Müəllif kinosunda uğur meyarları”, “Kinofestivallar və kinofondlar – müştərək istehsal üçün zəruri platforma” və “Satış potensialı az olan filmlər üçün dəstək sistemi”, "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" adlı üçüncü paneldə "Kino sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi zamanı nələr nəzərə alınmalıdır?", "Tamaşaçının yerli filmlərə marağının artırılması necə tənzimlənməli?", "Azərbaycanfilm" kinostudiyasının 100 illik tarixi və gələcək perspektivləri" və Azərbaycan kinosunda beynəlxalq təcrübənin tətbiqi" adlı sonuncu dördüncü paneldə isə "Kino sahəsində planlı iqtisadiyyat modelindən bazar iqtisadiyyat modelinə keçid", "Beynəlxalq kino kontekstinə inteqrasiyanın mexanizmləri", Xarici sərmayənin kino sənayesinə cəlb olunması prinsipləri" mövzularında müzakirələr aparılıb. Xatırladaq ki, Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.

Aprel 21, 2023 8:34

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək. Elm və Təhsil Nazirliyindən bildirilib ki, konsertdə məktəblilər Ulu Öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər. Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri böyük səhnədə çıxış edəcəklər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunacaq. Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur.xeber100.com

Aprel 17, 2023 4:07

“Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumunun ikinci günündə

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə keçirilən “Azərbaycan teatrı–150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu davam edir. Əvvəlcə milli teatrın 150 illiyi ilə bağlı videoçarx nümayiş olunub. Forum ikinci günündə “Konsepsiya və strateji hədəflər” adlı üçüncü panel müzakirələrlə başlayıb. Moderatoru Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirova olan paneldə "Milli teatrın inkişaf strategiyası", "Auditoriya tələbinin formalaşdırılması və tamaşaçı axınının stimullaşdırılması", " Marketinq və reklam strategiyası", "Teatrların fəaliyyətində fandrayzinq alternativ maliyyə mənbələri və yeni maliyyələşdirmə mexanizmləri", “Prodüser institutunun milli teatr məkanında tətbiqi", "Çağdaş teatr prosesində müstəqil teatrların rolu" mövzuları müzakirə olunub. Müzakirələrdə Azərbaycan Dövlət Pantomima Teatrının rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, "M teatr"ın rəhbəri Xalq artisti Vidadi Həsənov, "dOM" teatrının rəhbəri Tərlan Rəsulov, YUĞ Teatrının baş rejissoru Gümrah Ömər və "ƏSA" teatrının rəhbəri Nihad Qulamzadə iştirak ediblər. Xatırladaq ki, iki gün davam edən Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.xeber100.com

Aprel 12, 2023 2:38

“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu işə başlayıb

Aprelin 11-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu işə başlayıb. Əvvəlcə 150 illik tarixi olan Azərbaycan peşəkar milli teatrının keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub. Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb, Azərbaycanda teatr sənətinin keçdiyi inkişaf yolu haqqında məlumat verib. Vurğulayıb ki, Birinci Teatr Forumunun Heydər Əliyev Mərkəzində keçirilməsi təsadüfi deyil, mühüm rəmzi məna daşıyır. Forumun “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illiyi ərəfəsində keçirildiyinə diqqət çəkən Adil Kərimli Ulu Öndərin mədəniyyətin inkişafına göstərdiyi dəstəkdən danışıb. “Heydər Əliyev mədəniyyətin inkişafında böyük xidmətləri olmuş dahi şəxsiyyət idi. Onun teatr və sənət haqqında ölməz fikirləri var. Ulu Öndər mədəniyyətin və sənətin estetikasını bilən adam idi. Bu gün də o ənənə yaşayır. Mədəniyyətin davamlı və dayanıqlı inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun qayğısı ilə tam əhatə olunub. Azərbaycan mədəniyyətinin dünyada tanıdılmasında, uğurlu inkişaf yolu keçməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Bu istiqamətdə Heydər Əliyev Fondu böyük işlər görür. Forumun əsas məqsədi teatr adamlarını bir araya gətirmək, bu sahənin daha da inkişafı üçün bu platformadan istifadə etməkdir. Uzun zaman idi peşəkarların bir araya gəlib problemləri sistemli və doğru-düzgün müzakirə etməsi üçün belə şərait yaranmamışdı. Biz bu fürsəti layiqli dəyərləndirməliyik. Forumun keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm”. Bu gün Mədəniyyət Nazirliyində “Mədəniyyət könüllüləri”nin fəaliyyətə başlamasını deyən Adil Kərimli söyləyib ki, bundan sonra könüllülər mədəniyyətin müxtəlif sahələrinə töhfələrini verə biləcəklər. O, diqqətə çatdırıb ki, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün xüsusi işlər görülməkdədir: “Teatr sənəti daim təkmilləşməlidir. Teatr sahəsində problemlərin sistemləşdirilməsi istiqamətində bu forumun rolu böyük olacaq. Ümid edirəm ki, Azərbaycan Teatr Forumu yaddaqalan mədəniyyət hadisəsinə çevriləcək”. Forum müddətində aparılan fikir mübadiləsi və müzakirələr əsasında toplanan təkliflər “Azərbaycan mədəniyyəti 2020-2040 dövlət strategiyası” ilə bağlı tərtib edilən tədbirlər planında nəzərə alınacaq.xeber100.com

Aprel 11, 2023 3:04