Mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır

Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan, mədəniyyət paytaxtı Şuşa şəhərinə turizm məqsədli səfərlərə başlanılır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsindən sonra işğaldan azad olunan ərazilərə ilk dəfə olaraq turist səfərləri təşkil ediləcək. Dövlət Turizm Agentliyindən bildirilib ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. İlk turist səfərləri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilərlər. 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarıbülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa Realnı Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur. Avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub.xeber100.com

Mart 3, 2023 2:01

Azərbaycan Bəstəkarlar İttifaqında Xocalıya həsr olunmuş tədbir keçirilib

Fevralın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bəstəkarlar İttifaqından bildirilib ki, əvvəlcə Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Xocalı soyqırımının xalqımızın tarixinin dəhşətli səhifələri kimi yaddaşlarda iz qoyduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı faciəsinə ən düzgün siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Bildirilib ki, hər il ölkəmizdə qanlı faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər, ümumxalq nümayişləri keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqında da müntəzəm olaraq Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirlər, yeni əsərlərin dinlənilməsi keçirilir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova qeyd edib ki, 31 il əvvəl baş vermiş bu dəhşətli hadisə bəstəkarlarımızı da çox sarsıdıb. Qarabağ münaqişəsini və Xocalı hadisələrini yüksək bədii səviyyədə təcəssüm etdirən ən görkəmli əsərlərdən biri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Azərbaycan xalqının qanlı tarixini, ağrı-acısını əks etdirən, ən yüksək milli-mənəvi dəyərləri özündə ehtiva edən bu opera ənənəvi olaraq, hüznlü günlərdə Opera və Balet Teatrının səhnəsində hər zaman nümayiş olunur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, Xocalı faciəsindən sonra bəstəkarlarımız bu mövzunu özündə əks etdirən müxtəlif janrlarda yeni əsərlər ərsəyə gətirib: “Məmməd Quliyevin “Simfoniya-rekviyemi”, Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay”, Oqtay Rəcəbovun çoxhissəli “Xocalı avazları” oratoriyası, Azər Dadaşovun “Xocalıya ədalət!” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı”, Elnarə Dadaşovanın “Xocalı laylası”, Yusif Mirişlinin “Xocalı – 613” simfonik poeması və s. musiqi əsərləri yazılıb”. Faciənin baş verməsindən 31 il ötməsinə baxmayaraq Xocalı mövzusu bəstəkarlarımızı həyəcanlandırmaqda davam edir. Bəstəkarlarımızın Xocalı faciəsi ilə bağlı yazılmış yeni əsərləri sırasında Rəna Qədımovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat”, orqan və xanəndə üçün “And”, Kəmalə Əlizadənin violonçel və kamera orkestri üçün “Vokaliz” və İlham Azmanlının kamera orkestri üçün “Ağı” əsərlərini qeyd etmək olar. ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, “Humay” mükafatı laureatı Cəlal Abbasov bəstəkarlarımızın öz yaradıcılığında Xocalı faciəsinə və ümumiyyətlə Vətənimizin tarixinə həsr olunmuş əsərlər üzərində daha fəal işləməyi, iri həcmli mükəmməl simfonik və vokal-simfonik musiqini ərsəyə gətirməyi, Bəstəkarlar İttifaqı tərəfindən isə bu yeni əsərlərin səslənməsinə yönəlmiş səylərini gücləndirməyi tövsiyə edib. Anım tədbirində bəstəkar, Əməkdar incəsənət xadimi Nazim Quliyevin “Xocalı” operasından “İgidlərin rəqsi” (fortepiano üçün köçürmədə) təqdim olunub (ifaçı – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının IV kurs tələbəsi Jalə İslamova). Bu operanın premyerası hələ gerçəkləşməsə də, operanın müxtəlif musiqi nömrələri artıq Bəstəkarlar İttifaqının tədbirlərində səsləndirilib. Həmçinin, gənc bəstəkar Tural Məmmədli fortepiano üçün “Xocalıya İthaf” kompozisiyasını ifa edib. Tədbirdə iştirak edən tanınmış bəstəkarlar, Xalq artisti Azər Dadaşov və Əməkdar incəsənət xadimi Elnarə Dadaşova Xocalı mövzusunda yazılmış əsərlər haqqında məlumat veriblər. Musiqişünaslar - Əməkdar incəsənət xadimi Həcər Babayeva və Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı dinlənilmiş əsərlər haqqında öz mülahizələrini bildiriblər.xeber100.com

Fevral 25, 2023 12:00

Bakı Bələdiyyə Teatrının təqdimatında “Xocalıya gedən yollar görünür” adlı rekviyem-tamaşa nümayiş olunub

Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində “Xocalıya gedən yollar görünür” adlı tədbir keçirilib. DSX-nin böyük akt zalında keçirilən tədbir Dövlət Sərhəd Xidməti Akademiyası və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir başlamadan öncə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəli sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Xocalı soyqırımının başvermə səbəbləri və nəticələri barədə tarixi faktlara əsaslanaraq fikirlərini çatdırıb və Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci qətiyyətli qayıdışından sonra bu soyqırımına siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən danışıb. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli Azərbaycan Ordusunun fədakarlığı, Azərbaycan Prezidentinin sərkərdə məharəti, hücum diplomatiyası və dəmir yumruğunun qətiyyəti ilə qazanılan möhtəşəm Qələbədən iftixar hissi ilə bəhs edən A.Qurbani əminliklə vurğulayıb ki, Xocalı həsrətinə də tezliklə son qoyulacaq, yolumuzu gözləyən tarixi torpaqlarımız da düşmən işğalından azad ediləcək. Bunun üçün də hər bir vətəndaşımız, o cümlədən hər bir Vətən müdafiəçisi Azərbaycan uğrunda hər an Ali Baş Komandanın əmrlərinə hazır olmalıdır. Akademiya rəisinin şəxsi heyət üzrə müavini polkovnik Tural Kərimli son 200 il ərzində Azərbaycan xalqına qarşı erməni millətçiləri və onların havadarları tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətindən ürək ağrısı ilə danışaraq erməni amilinin hər zaman çar Rusiyasının əlində siyasi alətə çevrildiyini xatırladıb. Diqqətə çatdırılıb ki, 19-cu əsrin əvvəllərindən başlayaraq erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülən “böyük Ermənistan” ideyasını reallaşdırmaq istiqamətində fəaliyyətini genişləndirərək öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından qovmaqla, etnik təmizləmə və soyqırımı siyasətini həyata keçiriblər. Bakı Bələdiyyə Teatrının aktyorlarının ifasında Abdulla Qurbaninin “Xocalıya gedən yollar görünür” adlı rekviyem-tamaşası sərhədçi zabitlər və kursantlar tərəfindən maraqla qarşılanıb. Əməkdar artistlərdən Səmayə Sadıxova, Hüsniyyə Mürvətova, Rafiq İbrahimov, Mahirə Yaqubova, Əfqan Sultanov, Aydın Əliyev, Şahzadə Babayeva, tanınmış aktyorlardan İlqar Musayev, İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Toğrul Rza, Ülviyyə Rza, Namiq Cavadov və başqalarının çıxışları tamaşaçılara duyğulu anlar yaşadaraq onların qələbə əzmini daha da artırıb. Sonda DSX Akademiyası rəisinin adından Bakı Bələdiyyə Teatrına şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin yüksəldilməsində xidmətlərinə görə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Sonda yaradıcı heyətlə akademiyanın müəllim, zabit və kursantları xatirə şəkilləri çəkdiriblər.xeber100.com    

Fevral 25, 2023 11:10

Görkəmli xanəndə Arif Babayevin yubileyinə həsr olunmuş konsert təşkil edilib

Fevralın 20-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, görkəmli xanəndə Arif Babayevin 85 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Musiqili gecədə xalq artistləri, ictimaiyyət nümayəndələri və sənətçinin yaxınları iştirak ediblər. Əməkdar incəsənət xadimi Hafiz Quliyev tədbirin əhəmiyyətini vurğulayaraq, görkəmli xanəndə Arif Babayevin yaradıcılığından danışıb: "Bu gün biz xanəndəlik sənətimizin ən görkəmli nümayəndələrindən olan ustad sənətkar Arif Babayevin sənət işığına yığışmışıq. Arif Babayev özünəməxsus ifası ilə çox insanların sevgisini qazana bilib. Bu səbəbdən də o şəxsiyyət kimi həmişə xalqına yaxın olub. A.Babayevin yaradıcılığı o qədər geniş şaxəlidir ki, haqqında bir çox kitablar, məqalələr yazılsa da hələ ki, tam olaraq onun sənəti araşdırılmayıb. Çox güman ki bu da gələcəkdə müasir musiqişünaslar tərəfindən geniş tədqiq olunacaq. Bu, Arif Babayev sənətinin həmişəyaşar olduğunun təsdiqidir". Diqqətə çatdırılıb ki, onun yaradıcılığında “Şur”, “Segah” muğam dəsgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir. Arif Babayev 1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Onun səhnə mədəniyyəti həm xanəndə, həm də artist üçün əsas amillərdən biridir. Arif müəllim öz səhnə mədəniyyəti ilə də seçilir. Bu, onun xasiyyətində, hərəkətində təbii xarakter daşıyır. Arif Babayev xoşbəxt sənətkardır, çünki tale ondan heç nəyi əsirgəməyib. Yaraşıqlı, boy-buxunlu, cüssəli – bu da səhnə üçün çox vacib olan amillərdəndir. Arif Babayevin yaradıcılığının inkişafında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının misilsiz rolu olub. O, uzun illər bu teatrın solisti kimi fəaliyyət göstərib, bu işdə yorulmadan çalışaraq bir-birindən gözəl obrazlar yaradıb. Burada çalışdığı müddətdə, qısa bir zaman ərzində teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Əsli və Kərəm” operaları), Aşıq Qərib (Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası), Camal (Şəfiqə Axundovanın “Gəlin qayası” operası), Şah İsmayil (Müslüm Maqomayevin “Şah İsmayıl” operası) kimi yaddaqalan obrazları yaradıb və dinləyici auditoriyasında böyük uğur qazanıb.xeber100.com    

Fevral 21, 2023 2:13