“Sən qayıdacaqsan” tamaşası Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit heyətinə təqdim olundu

Martın 31-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit heyətinə təqdim olundu. 31 mart 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan “Sən qayıdacaqsan” tamaşasının nümayişindən öncə Bakı Bələdiyyə Teatrının truppa müdiri, aktyor İsmayıl Atakişiyev çıxış edib. O, öncə Akademiyanın zabit heyəti teatrın adından salamladıqdan sonra bildirib ki, Azərbaycanın tarixində elə tarixi anlar var ki, həmin gün xalq tərəfindən müqəddəs hesab olunur. İstər teatrda, istər kinoda, təsviri sənətdə və s. sahələrdə həmin anlar öz əksini tapıb.  Bakı Bələdiyyə Teatrının repertuarında həmin tarixi anları yaşadan tamaşalar çoxluq təşkil edir. Belə tamaşalardan biri də bu gün sizlərə təqdim edəcəyimiz “Sən qayıdacaqsan” tamaşasıdır. Tamaşada müharibənin fəsadlarını yaşayan insanların hər birinin itirdiklərinin yolunu gözləməsi, müharibənin ağrı-acısı və sonda ümid dolu gözləntilər sabaha olan inamdan xəbər verir”. İ.Atakişiyev çıxışının sonunda bütün zabit heyətini soyqırımda həlak olanlar, eləcə də şəhidlərimiz üçün 1 dəqiqəlik sükuta dəvət etdi.   Daha sonra tamaşa təqdim olundu. Tamaşada qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar müharibənin törətdikləri fəsadlara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsi, əsərin əsas ideyasını təşkil edir. Əsərin müəllifi və quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu, ideya müəllifi, Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur. Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova. “Sən qayıdacaqsan” tamaşası Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit heyəti tərəfindən böyük maraqla qarşılandı. Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının fəaliyyətinin mühüm istiqamətlərindən biri də gənc nəslə vətənpərvərlik hissi aşılamaqdan ibarətdir. Bu baxımdan da teatrın repertuarında olan tamaşalar əsasən gənc nəsildə yüksək vətənpərvərlik şüurunun formalaşmasına xidmət edir.xeber100.com  

Aprel 1, 2023 3:15

Martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar. Yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir. Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur. Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır. Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. On illik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər.xeber100.com

Mart 27, 2023 2:57

Azərbaycan xalqı Novruzu üçüncü ildir Qələbə sevinci ilə qeyd edir

Bu gün Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu üçüncü ildir Qələbə sevinci ilə qeyd edir. Qeyd edək ki, bu il Azərbaycana yaz fəsli martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-də qədəm qoyacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsəcək və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində yaz fəsli, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq. Novruz bayramının təşəkkül tapmasında, inkişaf etməsində xalqımızın mühüm töhfəsi var. Sovet dövründə Novruz bayramının keçirilməsinə sərt qadağalar qoyulsa da, xalqımız onu həmişə qeyd etməyə can atıb. Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi keşməkeşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”. Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, türk mədəniyyətinin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır. Bayramınız mübarək olsun!

Mart 20, 2023 1:48

Aprelin 5-dən 8-dək “Rusiya kinosu günləri” keçiriləcək

Aprelin 5-dən 8-dək Bakıda “Rusiya kinosu günləri” keçiriləcək. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən verilən məlumata görə, tədbirin təşkilatçısı “ELS prodakşn” prodüser mərkəzidir. “Azərbaycanda Rusiya kinosu günləri” keçirilməsi ideyası Rusiya Prezidentinin mədəniyyətlərarası əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Sülh Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyi, Bakıdakı Rus Evi, Bank VTB (Azərbaycan), “Savalan “Savalan - ASPI Winery” şirkəti, “Hyatt Regency Baku” və Natalya Naftaliyevanın Moda Evi tərəfindən dəstəklənib. “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyada istehsal edilmiş dörd yeni tammetrajlı kinofilmin nümayişi, həmin filmlərin müzakirəsi və hər bir filmi təqdim edən bir artistlə yaradıcılıq görüşü daxildir. Filmlər Nizami Kino Mərkəzində və Beynəlxalq Muğam Mərkəzində nümayiş etdiriləcək. “Azərbaycanda Rusiya kinosu günləri”nin təntənəli açılış mərasimi aprelin 5-də Nizami Kino Mərkəzində keçiriləcək. Elə həmin gün “On bir susqun kişi” filmi nümayiş etdiriləcək (rejissor Aleksey Pimanovun bu filmini teatr və kino artisti Pavel Kraynov təqdim edəcək). Aprelin 6-da Beynəlxalq Muğam Mərkəzində “Suvorov: Böyük səyahət” filmi nümayiş etdiriləcək (rejissor Boris Çertkovun filmini Rusiyanın Xalq artisti, Yevgeni Vaxtanqov adına Dövlət Akademik Teatrının aktrisası Yuliya Rutberq təqdim edəcək). Elə həmin gün rejissor Qleb Orlovun “Libereya: Xəzinə ovçuları” filmi də nümayiş etdiriləcək. “Azərbaycanda Rusiya kinosu günləri” aprelin 8-də “1941. Berlin üzərində qanadlar” filminin nümayiş etdirilməsi ilə başa çatacaq (rejissor Konstantin Buslovun filmini teatr və kino artisti, “Dram sənəti məktəbi” teatrının aktyoru Andrey Xarenko təqdim edir). “Azərbaycanda Rusiya kinosu günləri” çərçivəsində aprelin 7-də Bakıda Rusiya Federasiyasının Xalq artisti Yuri Nazarov və teatr və kino artisti Polina Neçitaylo ilə yaradıcılıq görüşü keçiriləcək. Bakı “Azərbaycanda Rusiya kinosu günləri” ilə bağlı bütün tədbirlərin aparıcısı teatr və kino artisti, “Teatr na Taqanke”nin aktrisası Polina Neçitaylo olacaq. “Azərbaycanda Rusiya kinosu günləri” layihəsinin prodüseri Rusiyanın Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.xeber100.com

Mart 17, 2023 1:44