İslam aləminin həmrəyliyi…

İran və Azərbaycan qonşu dövlətlərdir, xalqlarımız eyni tarixə və mədəniyyətə malikdir. Bu reallıqları nəzərə alan hər iki ölkənin prezidentləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm verirlər. Yaxın əlaqələrin qurulması xalqlarımızın maraqlarını əks etdirir. Dünyada baş verən siyasi proseslər İslam aləminin həmrəyliyini zərurətə çevirib. Tarix boyu birgə yaşamış Azərbaycan və İran xalqlarının yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir. Bu fikir Təbrizdə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşündə bildirilib. M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən göstərilən diqqət və qayğını göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri son vaxtlar cəbhə xəttində baş verən hadisələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu öz qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycan öz ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq. Qeyd olunub ki, erməni təcavüzünə məruz qalan Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib. Komitə sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar. Görüşdə iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət guşə yaradıla bilər. İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.xeber100.com

May 24, 2016 11:03

Gənc bəstəkarların plenumu işə başladı

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların plenumu işə başladı. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə giriş nitqində qeyd edib ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir. F.Əlizadə gənc bəstəkarların son plenumundan keçən dövr ərzində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, müvafiq dövr ərzində iri tədbirlər silsiləsi – dinləmələr, konsertlər keçirilib. Gənc bəstəkarların uğurları sevindiricidir. F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. Plenum “dəyirmi masa” ilə başa çatacaq. ABİ-nin katibi, bəstəkar Aliyə Məmmədova gənclərlə iş üzrə bölmənin fəaliyyətindən, yeni layihələrdən danışıb. Qeyd edilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. A.Məmmədova gənc bəstəkarlar Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Türkan Qasımzadənin fəaliyyətini xüsusilə qeyd edib. Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasov “Gənc bəstəkarların yaradıcılığında forma və janr xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Mayın 23-də ABİ-nin Üzeyir Hacıbəyli adına zalında, gənc bəstəkarların kamera əsərləri səsləndiriləcək. Plenum işini mayın 25-də başa çatdıracaq.xeber100.com

May 23, 2016 3:38

Meksikada Azərbaycan Kinosu Günləri…

Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu Günlərinin açılışı olub. Azərbaycanın Meksikadakı səfirliyindən Apa-ya verilən məlumata görə, tədbir Meksika Milli Film Arxivinin, Azərbaycanın Meksikadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mayın 26-dək davam edəcək kino günləri çərçivəsində ümumilikdə 7 film - “Arşın mal alan”, “O olmasın bu olsun”, “Yarasa”, “Özgə vaxt” “Çölçü” “Nabat” və “Axınla aşağı” bədii filmləri tamaşaçılara təqdim ediləcək. Meksika Milli Film Arxivinin Proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib. Bütün iştirakçılara minnətdarlığını bildirən səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova keçirilən kino günlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Həmçinin qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən, özünəməxsus adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayan xanım Səmədova müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından və bunun xalqımızın tarixində mühüm bir hadisə olmasından bəhs edib. Daha sonra “Arşın mal alan” filmi nümayiş olunub. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənildi və alqışlarla qarşılanıb. Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib. Xatırladaq ki, Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər Meksika Milli Film Arxivi tərəfindən ispan dilinə tərcümə edilib.xeber100.com

May 23, 2016 12:02

“Milli mədəni irsin qorunmasında memorial muzeylərin rolu”…

Abdulla Şaiqin mənzil-muzeyində “Muzeylər və mədəni landşaftlar” devizi altında “Milli mədəni irsin qorunmasında memorial muzeylərin rolu” mövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Ülkər Talıbzadə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, professor Minaxanım Əsədli və başqaları çıxış edərək mövzunun aktuallığından danışıblar. Bildirilib ki, muzeylər qeyri-maddi mədəni irsin qoruyucuları olmaqla yanaşı, mədəni landşaftın ayrılmaz tərkib hissəsinə çevrilib. Muzeylər tarixlə və təbiətlə qarşılıqlı əlaqədə olaraq ölkənin mənzərələrini sevdirməklə insanı təbiətin bir parçasına çevirir, torpağını onun qürur mənbəyi edir, soy-kökünə bağlılığını təmin edir. Qeyd olunub ki, şair, nasir, dramaturq, pedaqoq, ədəbiyyatşünas alim, tərcüməçi Abdulla Şaiq əsərlərində Azərbaycan təbiətinə, onun flora və fauna aləminə xüsusi yer verib. O, milli düşüncəyə sahib nəsil yetişdirməyə, Azərbaycan dilini, folklorunu, o cümlədən təbiətini sevdirməyə çalışıb. Daha sonra tədbirdə “Abdulla Şaiq yaradıcılığında təbiət hadisələrinin inikası”, “Abdulla Şaiq nəsrində Azərbaycan təbiəti”, “Abdulla Şaiq poeziyasında təbiət təsviri” mövzusunda məruzələr dinlənilib. Sonda tədbir iştirakçıları gənc rəssamların Abdulla Şaiqin Azərbaycanın təbiətini vəsf edən əsərlərindən ilhamlanaraq çəkdikləri əsərlərinə baxıblar.

May 21, 2016 10:57