Meksikada Azərbaycan Kinosu Günləri…

Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu Günlərinin açılışı olub. Azərbaycanın Meksikadakı səfirliyindən Apa-ya verilən məlumata görə, tədbir Meksika Milli Film Arxivinin, Azərbaycanın Meksikadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mayın 26-dək davam edəcək kino günləri çərçivəsində ümumilikdə 7 film - “Arşın mal alan”, “O olmasın bu olsun”, “Yarasa”, “Özgə vaxt” “Çölçü” “Nabat” və “Axınla aşağı” bədii filmləri tamaşaçılara təqdim ediləcək. Meksika Milli Film Arxivinin Proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib. Bütün iştirakçılara minnətdarlığını bildirən səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova keçirilən kino günlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Həmçinin qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən, özünəməxsus adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayan xanım Səmədova müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından və bunun xalqımızın tarixində mühüm bir hadisə olmasından bəhs edib. Daha sonra “Arşın mal alan” filmi nümayiş olunub. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənildi və alqışlarla qarşılanıb. Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib. Xatırladaq ki, Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər Meksika Milli Film Arxivi tərəfindən ispan dilinə tərcümə edilib.xeber100.com

May 23, 2016 12:02

“Milli mədəni irsin qorunmasında memorial muzeylərin rolu”…

Abdulla Şaiqin mənzil-muzeyində “Muzeylər və mədəni landşaftlar” devizi altında “Milli mədəni irsin qorunmasında memorial muzeylərin rolu” mövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Ülkər Talıbzadə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, professor Minaxanım Əsədli və başqaları çıxış edərək mövzunun aktuallığından danışıblar. Bildirilib ki, muzeylər qeyri-maddi mədəni irsin qoruyucuları olmaqla yanaşı, mədəni landşaftın ayrılmaz tərkib hissəsinə çevrilib. Muzeylər tarixlə və təbiətlə qarşılıqlı əlaqədə olaraq ölkənin mənzərələrini sevdirməklə insanı təbiətin bir parçasına çevirir, torpağını onun qürur mənbəyi edir, soy-kökünə bağlılığını təmin edir. Qeyd olunub ki, şair, nasir, dramaturq, pedaqoq, ədəbiyyatşünas alim, tərcüməçi Abdulla Şaiq əsərlərində Azərbaycan təbiətinə, onun flora və fauna aləminə xüsusi yer verib. O, milli düşüncəyə sahib nəsil yetişdirməyə, Azərbaycan dilini, folklorunu, o cümlədən təbiətini sevdirməyə çalışıb. Daha sonra tədbirdə “Abdulla Şaiq yaradıcılığında təbiət hadisələrinin inikası”, “Abdulla Şaiq nəsrində Azərbaycan təbiəti”, “Abdulla Şaiq poeziyasında təbiət təsviri” mövzusunda məruzələr dinlənilib. Sonda tədbir iştirakçıları gənc rəssamların Abdulla Şaiqin Azərbaycanın təbiətini vəsf edən əsərlərindən ilhamlanaraq çəkdikləri əsərlərinə baxıblar.

May 21, 2016 10:57

Moda həftəsi keçiriləcək…

Mayın 23-dən 26-dək Mədəniyyət və Turizm Nazirliyinin və Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə “Boulevard Hotel Baku”da (Autograph Collection) “Azerbaijan Fashion Week” keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən  Azərtac-a bildirilib ki, mononümayişlərdə qonaqları “LIBAS” (Azərbaycan), “ALLA Couture” (Rusiya), “SS by Sergey Shabunin” (Qazaxıstan) və “JITROIS” (Fransa), gürcü brendlərinin, eləcə də Qazaxıstan dizaynerlərinin və Ukrayna moda evlərinin kolleksiyaları nümayiş etdiriləcək. Azərbaycanı dizaynerlər Nərgiz Şahbazi, Fidan Osman, habelə “K Fabuel” “SH Couture” dəb evləri təmsil edəcək. Moda həftəsində fəaliyyət göstərəcək şou-rumlardan həm nümayiş etdirilən, həm də digər brendlərin geyimlərini almaq mümkün olacaq. Ənənəyə uyğun olaraq, “Azerbaijan Fashion Week” çərçivəsində ödənişsiz təcrübə seminarları, “IED Milan” institutunun nümayəndəsi ilə seminar, söhbətlər, KİV nümayəndələri ilə “dəyirmi masa” keçiriləcək. İldə iki dəfə keçirilən “Azerbaijan Fashion Week” ölkəmizdə moda sənayesinin populyarlaşdırılmasına və istedadlı dizaynerlərin işlərinin nümayişi üçün şəraitin yaradılmasına yönəlib. Tədbirdə moda sənayesinin beynəlxalq ekspertləri, ən böyük satış şəbəkələrinin və mağazaların bayerləri, yerli və beynəlxalq jurnalların, beynəlxalq PR agentliklərinin nümayəndələri iştirak edirlər.xeber100.com

May 21, 2016 9:00

“Azərbaycan Şekspir xalçası”…

“British Council” Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450 illik yubileyi münasibətilə “Azərbaycan Şekspir xalçası” müsabiqəsini elan edir. Müsabiqə Azərbaycan xalqının xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin əsərlərini bir araya gətirir. Azərtac xəbər verir ki, bu fikirlər mayın 18-də Xalça Muzeyində “Azərbaycan Şekspir xalçası” müsabiqəsinə həsr olunmuş mətbuat konfransında səslənib. Muzeyin direktoru Şirin Məlikova bu müsabiqənin xalçaçılıq sənətində ilk dəfə keçirildiyini bildirib: “Müsabiqə Qərbin lirikası ilə Şərqin estetikasını bir araya gətirməkdə mühüm əhəmiyyətə malikdir. Bildiyimiz kimi, süjetli xalçaçılıq Azərbaycanda geniş yayılmış sənət növlərindəndir. Müsabiqəyə təqdim ediləcək süjetli xalçada Şekspirin əsərlərinin ölməz qəhrəmanları təsvir ediləcək”. Direktor qeyd edib ki, müsabiqə peşəkar dizaynerlər, uşaqlar və digər kateqoriyalar da daxil olmaqla, Azərbaycandan olan hər kəs üçün açıqdır. Dizaynlar onlayn formada təqdim edilir. Xüsusi texniki xalça dizaynı olmasına ehtiyac yoxdur, onlar boya və ya kompyuter vasitəsilə hazırlana bilər. Ən yaxşı dizaynlar sərgidə nümayiş etdiriləcək və mükafat qazanmış əsər əsasında xalçalar toxunacaq. “British Council Azərbaycan”ın direktoru Elizabet Uayt Azərbaycanın qədim xalçaçılıq ənənələrinə malik olduğunu bildirib. Diqqətə çatdırıb ki, müsabiqə ölkələr arasında mədəniyyət mübadiləsinə xidmət edir. O deyib: ““Azərbaycan Şekspir xalçası” yazıçının pyeslərindəki səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər. Əsas məsələ xalçanın Şekspirin adını və Azərbaycan xalça ənənələrini təcəssüm etdirməsidir”. Elizabet Uayt bildirib ki, müsabiqənin qalibi Londona səyahət, Viktoriya və Albert muzeyinə və Şekspir Qlobus teatrına giriş biletləri qazanacaq. Habelə qalib olan dizayn əsasında hazırlanan xalça Viktoriya və Albert muzeyinin eksponatları sırasında yer alacaq. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu vurğulayan “British Council” təşkilatının regional direktoru Endi Uilyams Azərbaycanın xalça sənətinin tarixindən də danışıb: “Dünyanın ən böyük və tarixi baxımdan əhəmiyyətli, gözəl xalçalarından biri Ərdəbil (Şeyx Səfi) xalçasıdır. O, Uliyam Şekspirin dünyaya gəlməsindən 25 il öncə toxunub və hazırda Londonun Viktoriya və Albert Muzeyində nümayiş olunur. Ümid edirəm ki, belə zəngin tarixə malik xalçaçılıq sənəti ilə görkəmli yazıçının yaradıcılığını əlaqələndirmək uğurlu nəticələr verəcək”. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov layihənin Azərbaycan xalçaçılıq ənənələrinin dünyada tanıdılmasında töhfə olduğunu vurğulayıb. Bildirib ki, bu müsabiqənin keçirilməsi fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsinə və milli mədəni sərvətimizin beynəlxalq səviyyədə təbliğ olunmasına təkan verəcək. Qeyd edək ki, müsabiqə iyulun 31-də sona çatacaq.xeber100.com

May 18, 2016 2:09