“Fitnə” filminin təqdimatı olub

Nizami Kino Mərkəzində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Maarifləndirici səciyyə daşıyan film milli mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar. Dünyada İslam və digər dinlərdən öz siyasi məqsədləri, radikal qruplardan isə geosiyasi maraqları naminə istifadə edən qüvvələr az deyil. Təsadüfi deyil ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz bizə təsir edir. Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikallığa və ekstremizmə qarşı məqsədyönlü mübarizə aparır. Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər keçirilir, habelə kitab və digər materiallar nəşr edilir. Filmdə dini radikalizmin qurbanları, habelə bu cinayətlərə görə məsuliyyətə cəlb olunanlar göstərilir. Ssenari müəllifi Nadir Bədəlov, məsləhətçilər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Siyavuş Heydərov və Gündüz İsmayılov, ekspert Milli Məclisin deputatı Elman Nəsirovdur.xeber100.com

May 26, 2016 3:00

III Beynəlxalq Rəsm Festivalı təşkil olunub

24-27 may tarixlərində "Naxçıvan Mədəniyyətin Beşiyi" adlı III Beynəlxalq Rəsm Festivalı müxtəlif ölkələrin, o cümlədən İranın Şərqi və Qərbi Azərbaycan ostanları və Ərdəbil ostanındən olan rəssamların iştirakı ilə tarixi Naxçıvan qalasında təşkil olunub. İranın Naxçıvandaki Mədəniyyət Mərkəzindən Trend-ə verilən məlumata əsasən, bu festival Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bilik Fondu və Naxçıvan Rəssamlar birliyinin təşəbbüsü ilə təşkil olunub. Başkonsulluğun Mədəniyyət attaşesi Hüseyn Ağazadə festivalda iştirak edəcək olan incəsənət xadimləri barəsində deyib: Festivalın təşkilatçıları ilə əldə edilən razılığa əsasən İranın 5 rəssamına dəvətnamə göndərilib. Onlar Vədud Müəzzinzadə , Səid Əyyami, Kübra Radpur, Rüqayyə Caviddust və Rüqayyə Pəhləvanidir. Bu rəssamlar Şərqi və Qərbi Azərbaycan, eləcə də Ərdəbil ostanlıqlarının Mədəniyyət və İslami İrşad Baş İdarələrinin əməkdaşları ilə birlikdə festivalda iştirak ediblər. Qeyd edilən festivalda İranın incəsənət xadimləri Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazağıstan və Naxçıvan Muxtar Respublikasının rəssamları ilə birlikdə rəsm həvəskarları və mütəxəssislər qarşısında öz hünərlərini sərgiləyiblər. Qeyd olunmalıdır ki, 4 gün davam edəcək "Naxçıvan Mədəniyyətin Beşiyi " adlı festivalda növbənöv mədəni və incəsənət işləri icra olunacaq. Rəssamların sərbəst, dizayn və digər rəsm növləri üzrə Naxçıvan Tarixi Açıq Qala kompleksində bir gün ərzində bir və ya iki əsər yaradıblar. Qaliblər təşkilat rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr, sertifikat və fəxri fərmanlarla mükafatlandırılıblar. Qaliblər isə 2018-ci ildə Naxçıvanda təşkil olunacaq IV Beynəlxalq Rəsm Festivalına rəsmi dəvət olunacaqlar. Seçilmiş əsərlər Naxçıvan Muxtar Respublikasının Bilik Fondu tərəfindən Mərkəzdə qorunub, Naxçıvan Muxtar Respublikasında təşkil olunacaq dövlət tədbirlərində nümayişə qoyulacaqlar. Həmçinin bu incəsənət xadimlərinin əsərlərini onların tərcümeyi-halı və əvvəlki incəsənət əsərləri ilə birlikdə festivalın kitabı adı ilə ingilis və Azərbaycan dillərində çap edəcəklər. Qeyd olunmalıdır ki, son illərdə Naxçıvan Muxtar Respublikası incəsənət, xüsusilə də rəsm sahələrinə çoxlu sərmayə qoyulmaqdadır. Həmçinin rəsm sahəsi hər iki ölkənin mədəni əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün çox mühüm sahələrindən biri hesab edilə bilər. Bu səbəbdən də, Azərbaycan Respublikası və həmsərhəd ostanların rəhbərlərinin belə tədbir və festivallar təşkil etməsi yeniyetmə və gənc nəslin bilik və təcrübə mübadiləsi üçün çox faydalı olacaq. Əlavə edək ki, İran rəssamları Səid Əyyami və Cəlaləddin Pirani Araz Azad Zonası Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində II Naxçıvan Beynəlxalq Rəsm Festivalında iştirak etmişdilər.xeber100.com

May 25, 2016 1:47

İslam aləminin həmrəyliyi…

İran və Azərbaycan qonşu dövlətlərdir, xalqlarımız eyni tarixə və mədəniyyətə malikdir. Bu reallıqları nəzərə alan hər iki ölkənin prezidentləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm verirlər. Yaxın əlaqələrin qurulması xalqlarımızın maraqlarını əks etdirir. Dünyada baş verən siyasi proseslər İslam aləminin həmrəyliyini zərurətə çevirib. Tarix boyu birgə yaşamış Azərbaycan və İran xalqlarının yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir. Bu fikir Təbrizdə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşündə bildirilib. M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən göstərilən diqqət və qayğını göstərir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri son vaxtlar cəbhə xəttində baş verən hadisələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu öz qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycan öz ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq. Qeyd olunub ki, erməni təcavüzünə məruz qalan Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib. Komitə sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar. Görüşdə iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət guşə yaradıla bilər. İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.xeber100.com

May 24, 2016 11:03

Gənc bəstəkarların plenumu işə başladı

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) gənc bəstəkarların plenumu işə başladı. ABİ-nin sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə giriş nitqində qeyd edib ki, rəhbərlik etdiyi qurum gənc bəstəkarlara xüsusi diqqət ayırır və onların fəaliyyətini əlaqələndirir. F.Əlizadə gənc bəstəkarların son plenumundan keçən dövr ərzində həyata keçirilən işlərdən danışıb. Qeyd edilib ki, müvafiq dövr ərzində iri tədbirlər silsiləsi – dinləmələr, konsertlər keçirilib. Gənc bəstəkarların uğurları sevindiricidir. F.Əlizadə iştirakçıları plenumun proqramı ilə tanış edib. Üç gün ərzində plenum çərçivəsində gənc azərbaycanlı bəstəkarların əsərlərindən ibarət konsertlər keçiriləcək. Plenum “dəyirmi masa” ilə başa çatacaq. ABİ-nin katibi, bəstəkar Aliyə Məmmədova gənclərlə iş üzrə bölmənin fəaliyyətindən, yeni layihələrdən danışıb. Qeyd edilib ki, gənc bəstəkarlar həm ölkədə, həm də xaricdə müxtəlif layihələrdə fəal iştirak edirlər. A.Məmmədova gənc bəstəkarlar Kəmalə Əlizadə, Ayaz Qəmbərli, Türkan Qasımzadənin fəaliyyətini xüsusilə qeyd edib. Əməkdar İncəsənət Xadimi, bəstəkar Cəlal Abbasov “Gənc bəstəkarların yaradıcılığında forma və janr xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. Mayın 23-də ABİ-nin Üzeyir Hacıbəyli adına zalında, gənc bəstəkarların kamera əsərləri səsləndiriləcək. Plenum işini mayın 25-də başa çatdıracaq.xeber100.com

May 23, 2016 3:38