“Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda”…

İyunun 17-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərgi açılıb. Azərtac xəbər verir ki, multikulturalizm ili çərçivəsində baş tutan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağali İbrahimov çıxış edərək bu günlərdə Bakıda keçirilən beynəlxalq səviyyəli tədbir - Formula-1 Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, sərginin belə bir ərəfədə təşkil olunması sevindirici haldır. Rəssamlar İttifaqı ölkəmizdə reallaşan beynəlxalq əhəmiyyətli tədbirlər ərəfəsində hər zaman müxtəlif mövzulu sərgilərlə öz lazımi dəstəyini göstərir. Bu ənənənin davam etdiyini bildirən A.İbrahimov “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda” adlı sərginin xüsusi əhəmiyyət daşıdığını da diqqətə çatdırıb. Bildirilib ki, sərgidə nümayiş olunan 100-dək sənət əsərinin əsas mövzusunu təbiət mənzərələri, humanizm, tolerantlıq, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular əhatə edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır. Almaniya-Azərbaycan Cəmiyyətinin sədri, kulturoloq Çingiz Abdullayev çıxış edərək sərgidə yer alan fırça ustalarının əsərlərinin bənzərsizliyindən danışıb. Qeyd olunub ki, sözügedən sərgi fırça ustalarının tolerant bir ölkənin vətəndaşı kimi humanizm və sülh tərəfdaşı olduqlarını bir daha nəzərə çatdırır. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərində müxtəlif fəlsəfi yanaşma ilə yanaşı, milli dəyərlərin və xalqımızın unudulmaz ənənələrinin təsvir edilməsi də xüsusi əhəmiyyət daşıyır. Layihənin rəhbəri Elnurə İsgəndərova çıxış edərək təqdim etdiyi layihəsinin məqsədindən söz açıb. Bildirib ki, layihənin əsas məqsədi Bakıda baş tutan Formula-1 Avropa Qran-prisinə dəstək olmaqdır. Sonra sərgidə fərqlənən bir qrup rəssama müxtəlif hədiyə və diplomlar verilib. Qeyd edək ki, mükafat alanlar arasında AZƏRTAC-ın əməkdaşı Aişə Axundova da var. O, “Əhalinin maarifləndirilməsinə mütəxəssislərin dəstəyi” İctimai Birliyinin təsis etdiyi “İlin maarifçi müxbiri” diplomu ilə təltif olunub. Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgi iki gün davam edəcək.xeber100.com

İyun 18, 2016 4:41

Nizami Kino Mərkəzində yeni filmlərin nümayişi

İyunun 16–dan Nizami Kino Mərkəzində ABŞ-ın “Cadu 2”, ABŞ və Böyük Britaniyanın “Səviyyəli oğlanlar” və Türkiyənin “Ali Kundilli 2” filmlərinin nümayişinə başlanılıb. Kino Mərkəzindən Azərtac-a bildirilib ki, komediya janrında çəkilmiş “Ali Kundilli 2” filminin rejissoru Faruk Aksoydu. Böyük eşqlə evlənən Ali və İlknur həyəcanla övlad gözləyirlər. Səkkiz aylıq hamilə olan İlknur əcayib istəkləri ilə Alini canından bezdirir. Yuxu görən hamilə qadın uşağı Alinin nənəsinin yaşadığı Ayvalık, Küçükköydə dünyaya gətirmək istəyir. Yola çıxan dəstə yeni macəralara doğru irəliləyir...Filmdə rolları Cem Gelinoğlu, Zeynep Aktuğ, Sami Aksu və digər aktyorlar canlandırıblar. Keri Heyesin ssenarisi əsasında rejissor Ceyms Vanın ekranlaşdırdığı “Cadu 2” filmi dəhşət, triller və detektiv janrındadır. Ailə cütlüyü Ənfeld şəhərinə gəlib çıxır. Bu dəfə ekstrasenslər burada hökmranlıq etmək istəyən qüvvətli iblislə qarşılaşırlar. İnamı itən şəhər sakinləri biri-birilərindən hansısa törədilən hadisələrə görə şübhələnməyə başlayırlar. Ürəklərində kin və nifrət var. Rollarda Patrik Uilson, Vera Farmiqa, Medison Vulf, Frensis Okonnor, Loren Espozito, Benjamin Hey, Patrik MakOli, Saymon MakBerni, Mariya Doyl Kennedi, Saymon Delani və digər aktyorlar çəkilib. “Səviyyəli oğlanlar” kriminal komediyasının rejissoru və ssenari müəllifi Şeyn Blekdir. Brutal yekəpərlə nərmə-nazik sərsərinin iş birliyi necə olar ? Muzdlu mühafizəçi Cekson Hil və özəl detektiv Holland Març ilk baxışdan asan görünən və sonradan əsrin cinayətinə çevrilən itkin düşmüş qızın axtarışı üçün bu iş birliyinə məcburdurlar. Hərəsinin özünəməxsus metodları olan oğlanlar bu qarışıq rebusu çözə biləcəklərmi... Baş rollarda Rayan Qoslinq, Kim Beysinger, Rassel Krou, Enqauri Rays, Mett Bomer, Marqaret Kuelli, Yaya DaKosta, Kit Devid, Bo Napp və Lois Smitt çəkiliblər.  

İyun 17, 2016 12:04

“Rəngli duyğular” mövzusunda yaradıcılıq sərgisinin açılışı olub

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssam müəllimlərinin “Rəngli duyğular” mövzusunda yaradıcılıq sərgisinin açılışı olub. ADMİU-dan Azərtac-a bildiriblər ki, layihənin məqsədi universitetin rəssam müəllimlərinin əsərlərini geniş tamaşaçı auditoriyasına təqdim etmək, gəncləri dəyərli sənət nümunələri ilə tanış etmək, onların gələcək inkişaflarına zəmin yaratmaq, müxtəlif texnika və üsullarda işləyən tanınmış rəssamları bir araya gətirərək bütöv bir ekspozisiyada birləşdirməkdir. Sərgidə rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq və digər təsviri sənət növlərində əsərləri nümayiş olunub. Layihənin müəllifi və rəhbəri, ADMİU-nun müəllimi Türkan Abbaslı bildirib ki, rəssamlar yaratdıqları əsərlərdə əsasən öz duyğularını əks etdirdikləri üçün onların işləri fərqli və təkrarsızdır. Hər bir əsər rəssamın rənglərə çevirdiyi duyğu və hissləri tərənnüm edir. Ona görə də sərgi “Rəngli duyğular” adlandırılıb. Tədbirdə ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, tanınmış rəssamlardan Arif Əziz, Ağəli İbrahimov, Xanlar Əhmədov, Həmzə Abdullayev, Aytən Rzaquliyeva, Fəxrəddin Qəhrəmanlı, Səmədağa Cəfərov və digərləri iştirak ediblər.xeber100.com

İyun 15, 2016 12:37

“Formula-1” günlərində mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək

İyunun 17-dən 19-dək Bakıda "Formula-1” Avropa Qran-prisi yarışları keçiriləcək. Yarış günlərində paytaxtın mədəniyyət müəssisələri tam gücü ilə işləyəcək və bir-birindən maraqlı proqramlar nəzərdə tutulur. Mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən Azərtac-a bildirilib ki, qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından nümunələr də təqdim ediləcək. Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri səhnəyə təqdim edəcəklər. Ayın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında M.Maqomayevin “Şah İsmayıl” operası nümayiş olunacaq. Dövlət Musiqili Teatrı da yarış ilə əlaqədar xüsusi repertuarla çıxış edəcək. Burada R.Hacıyev, E.Ocaqov, F.Zöhrabovun “Talelər qovuşanda” və O.Kazımi, R.Heydərin “Qızıl toy” səhnə əsərləri ingilis dilində subtitrlər vasitəsilə əcnəbi qonaqlara təqdim ediləcək. Azərbaycan Dövlət Rus Dram Teatrında iyunun 17, 18 və 19-da M.Lermontovun “Maskarad”, R.Kuninin “Həddindən ziyadə evli taksi sürücüsü” və P.Kalderonun “Məhəbbətlə zarafat etmirlər” tamaşaları göstəriləcək. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı tədbir günlərində “Çəkməli pişik” (Ş.Perro), “Mehmanxana sahibəsi” (K.Qoldoni), Rus xalq nağılı “Möcüzəli turp” və “Pəri cadu” (Ə.Haqverdiyev) tamaşalarını təqdim edəcək. Dövlət Pantomima Teatrında isə iyunun 18-də Ç.Aytmatovun “Manqurt”, B.Xanızadənin “Fəlakət və insan”, B.Əhmədlinin “Son ştrix” tamaşaları nümayiş olunacaq. Nizami Kino Mərkəzində “Formula-1” ərəfəsində “Yalan illüziyası 2” bədii filminin və “Avropa Çempionatı – 2016” oyunlarının böyük ekranda nümayişinə başlanılıb. Qeyd edək ki, paytaxtımızın çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı bütün təşkilati məsələlər həll olunub. “Formula-1” günlərində muzeylər də öz iş qrafiklərinə uyğun fəaliyyət göstərəcəklər.xeber100.com

İyun 14, 2016 11:46

Texniki Universitetdə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 13-də Azərbaycan Texniki Universitetində (AzTU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Azərtac xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib. Rektor Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb. Bildirilib ki, respublikamızda həyatın bütün sahələrində görülən işlər tədricən öz səmərəsini verməyə, Azərbaycan getdikcə dünyanın hər yerində demokratik dəyərlərə üstünlük verən, insan hüquqlarını qoruyan, tolerant və beynəlxalq əməkdaşlığa sadiq bir ölkə kimi tanınır. AzTU-nun ictimai elmlər kafedrasının müdiri, professor Şikar Qasımov çıxışında qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ş.Qasımov Ümummilli Liderin müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını vurğulayıb. Digər çıxış edənlər də Ulu Öndərin gənclərimizlə bağlı həyata keçirdiyi böyük işləri diqqətə çatdırıblar. Azərbaycanlı olmağı ilə fəxr edən dahi siyasətçinin qoyduğu yolun gənclərimiz üçün dəyişməyən istiqamət olduğu vurğulanıb. Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.xeber100.com

İyun 13, 2016 2:04