“Eurovision-2016”nın finalçıları bəlli olub

Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci  yarımfinalı keçirilib. Apa-nın məlumatına görə, ikinci yarımfinal mərhələsində 18 ölkə finala keçmək uğrunda yarışıb. Yarımfinalda  Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan, Danimarka, Ukrayna, Norveç, Gürcüstan, Albaniya və Belçikanın nümayəndələri çıxış ediblər. Çıxışlardan sonra keçirilmiş 15 dəqiqəlik səsvermənin nəticələrinə əsasən, finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Latviya, Gürcüstan, Bolqarıstan, Avstraliya, Ukrayna, Serbiya, Polşa, İsrail, Litva və Belçikadır. Beləliklə, mayın 14-də keçiriləcək final mərhələsinin bütün iştirakçıları məlum olub.Finala vəsiqə qazanmış  təmsilçilər canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən ölkələrin mayın 14-də çıxış ardıcıllığı müəyyən olunacaq. Xatırladaq ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı  ilə təmsil edən Səmra Rəhimli mayın 10-da birinci yarımfinalda çıxış edərək finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi “Eurovision” finalının birinci hissəsində çıxış edəcək. Müsabiqənin mayın 10-da keçirilmiş birinci yarımfinalında 10 ölkə finala vəsiqə qazanıb. Bunlar  Azərbaycan, Rusiya, Niderland, Macarıstan, Xorvatiya,  Avstriya, Ermənistan, Çexiya, Kipr və Maltadır.Qeyd edək ki, qaydala əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və  “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır. 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edir.xeber100.com

May 13, 2016 12:58

Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib

Mayın 12-də Heydər Əliyev Sarayında Dağıstan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib. Apa-nın xəbərinə görə, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, deputatlar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan və Dağıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sarayın foyesində Dağıstan xalqlarının dekorativ-tətbiqi sənətinə həsr olunan sərgi nümayiş etdirilib. Sərgidə Dağıstan aid milli geyimlər, silahlar, zərgərlik məmulatları, xalçalar və s.  təqdim olunub. Tədbirin rəsmi hissəsində çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda Dağıstan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkənin həyatında mühüm mədəni hadisə olduğunu qeyd edib: “İki Qafqaz xalqını əsrlər boyu dostluq, ortaq din, adət-ənənələr bir-birinə bağlayıb. Biz ortaq tarixi yol qət etmişik”. Milli Məclisin sədri Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsində prezident İlham Əliyevin və həmkarı Vladimir Putinin töhfələrini xüsusi qeyd edərək, Azərbaycanın Rusiyanın 70 subyekti ilə iqtisadi və 30 subyekti ilə mədəni əlaqələr qurduğunu vurğulayıb. Oqtay Əsədov Dağıstanın Azərbaycan ilə Rusiya arasında dostluğun möhkəmlənməsində mühüm körpü rolu oynadığını qeyd edib.  “Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Avarlar, ləzgilər və digər xalqların nümayəndələrini Azərbaycan xalqı ilə qardaşlıq əlaqələri bağlayır. Azərbaycanlılar Dağıstanın mədəniyyətinə böyük sevgi ilə yanaşırlar, həmçinin dağıstanlılar da bizim mədəni irsimizə yüksək maraq göstərirlər”, - deyə spiker qeyd edib. Milli Məclisin sədri prezident İlham Əliyevin görkəmli bəstəkar, SSRİ Xalq Artisti Murad Kajlayevi Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif etdiyini bildirib. Parlament sədri  mayın 12-də Azərbaycan Milli Məclisi və Dağıstan Xalq Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalandığını qeyd edərək, Rusiyaya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı göstərdiyi səylərə görə minnətdarıq edib: “Azərbaycan regionda sülhün tərəfdarıdır”.Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov  dostluq münasibətlərinə verdiyi yüksək qiymətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirərək Azərbaycan və Dağıstanın din, mədəniyyət və tarix baxımından qardaş olduqlarını qeyd edib: “Bu əlaqələrin möhkəmlənməsinə   Heydər Əliyev və Prezident V.Putin verib. Bu gün mən prezident İlham Əliyevin qəbulunda olarkən bir sıra mühüm məsələləri müzakirə etdik. Bir daha əmin oldum ki, ölkələrimizi sıx iqtisadi əməkdaşlıq birləşdirir. İstərdim ki, mədəni əlaqələr də möhkəmlənsin”. Sonra tamaşaçılara proqramın bədii hissəsi təqdim edilib. Tədbirdə “Ləzginka” Dövlət Akademik Rəqs Ansamblı, “Dağıstan” Dövlət Mahnı və Rəqs Ansamblı, “Xasavyurt” Uşaq-Gənclər Rəqs Ansamblı və digər qruplar çıxış ediblər. Dağıstan dövlət teatrlarının aktyorları ölkənin orta əsr həyatına dair “Dərbənd qapıları”, “Aşıqların yarışı” və s. adlı səhnəciklər nümayiş etdiriblər.xeber100.com

May 13, 2016 12:30

“Azərbaycanın tarixi şəhəri olan Şuşadakı əksər memarlıq abidələri təhlükə altındadır”…

Özbəkistanın Ziyouz.uz portalında “Azərbaycanın tarixi şəhəri olan Şuşadakı əksər memarlıq abidələri təhlükə altındadır” adlı məqalə yayılıb. Müəllif Sobircan Yoqubov yazır ki, ABŞ-ın Montana Universitetinin professoru Tomas Qolts bu barədə Azərbaycanın Trend Agentliyinə bildirib. O qeyd edib ki, Qarabağ Dövlət Tarix Muzeyi, Şuşa Dövlət Dram Teatrı, Gövhərağa məscidi və digər abidələr məhv olmaq təhlükəsi qarşısındadır. Məqalədə qeyd edilir ki, Qarabağ xanlığının paytaxtı olmuş, mədəni abidələrlə zəngin, Azərbaycan muğam sənətinin beşiyi olan Şuşa şəhəri Ermənistan qoşunları tərəfindən 1992-ci il mayın 8-də işğal olunub. Şəhərdə etnik təmizləmə aparılıb, 23 min şuşalı qaçqın vəziyyətinə düşüb, 279 mədəniyyət abidəsi, dini abidələr, muzeylər, kitabxanalar və digər infrastrukturlar məhv edilib. Məqalədə Dağlıq Qarabağın və Şuşa şəhərinin tarixi haqqında məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar uzun illərdir ATƏT-in Minsk qrupu fəaliyyət göstərir və bu illər ərzində heç bir konkret iş görülməyib. BMT Təhlükəsizlik Şurası ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib, bu sənədlər də indiyədək yerinə yetirilmir.xeber100.com

May 12, 2016 1:52

“Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı…

Mayın 12-də Bakı vaxtilə gecə saat 00:00-da “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.Azərtac-ın müxbiri xəbər verir ki, ikinci yarımfinalın açılışında qonaqlar maraqlı şounun şahidi olacaqlar. Ənənəyə uyğun olaraq “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov tamaşaçıları salamlayacaq və xüsusi performansla iştirakçı ölkənin hər birinin adını səsləndirəcəklər. “Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan təmsilçiləri səhnə şoularını təqdim edəcəklər. Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Konsertdə maraqlı məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən hər bir ölkənin təqdimatında təmsilçilərin iştirak etməsi olacaq. Müsabiqənin yeni qaydalarına əsasən böyük beşlik ölkədən bu dəfə Böyük Britaniya, Almaniya, İtaliya təmsilçiləri zalda canlı iştirak edəcək, ifalarının videoçarxı tamaşaçılara nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək. İkinci yarımfinaldan sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.xeber100.com

May 12, 2016 1:49

“Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq

Mayın 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a  bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda təqdim ediləcək. Tamaşanın quruluşçu rəssamı, Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidir. Əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov ifa edəcəklər. Səhnə əsəri Qarabağ müharibəsində çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki dostun görüşündən bəhs edir. Həmçinin, tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib. Tamaşa boyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurduğu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları dolğun təsvir edə bilib. “Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.xeber100.com

May 12, 2016 1:00

“Naxışlarda yaşayan Şuşa”…

Bu gün Xalça Muzeyində Şuşa şəhərinin işğalının 24-cü ildönümünə həsr olunmuş “Naxışlarda yaşayan Şuşa” adlı tədbir keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Xalça Muzeyinin Şuşa filialının hazırladığı “Naxışlarda yaşayan Şuşa” adlı tədbirin keçirilməsində məqsəd tarixi diyarımız olan Qarabağın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini ictimaiyyətə çatdırmaqdır. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sukütla yad edilməsilə başlayıb. Daha sonra Xalça Muzeyinin direktoru Şirin Məlikova 1985-ci ildə Şuşada yaradılan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialının işğal zamanı xilas edilmiş eksponatlardan ibarət hazırlanmış kataloqu təqdim edib. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının eksponatlarını işğal ərəfəsində Şuşadan necə və hansı şəraitdə çıxarılaraq xilas edilməsi barədə əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Mədəniyyət və Turizm Nazirliyi Şuşa şəhər Mədəniyyət və Turizm idarəsinin müdiri Zahid Abbasov və Şuşa filialının keçmiş müdiri Hicran Əliyeva öz təəsüratlarını bölüşüblər. Tədbirin bədii hissəsində ı Mədəniyyət və Turizm Nazirliyi Şuşa Musiqili Dram teatrının aktyorları Şükufə Musayeva (Xan qızı Natəvan), Nazir Rüstəmov (Fətəli şah), Mətanət Eres (Ağabəyim ağa) və Rasəf Mehdiyevin (Molla Pənah Vaqif) iştirakı ilə, rejissor Hüseynbala Mirələmovun “Güllələnmiş heykəllərin fəryadı” adlı tamaşasından bir səhnə təqdim edilib. Yaşar Muradovun ifasında “Şuşa” mahnısı, Bəxşeyiş Mehdiyevin ifasında “Qarabağ şikəstəsi”, Teymur Məmmədovun ifasında isə Şuşaya həsr olunmuş şeir səslənib. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin məzunu Ağaniftulla Məmmədli “Şəhid arzuları” adlı mahnı ifa edib. Şuşa Rəsm Qalereyasının direktoru, rəssam Rövşən Bayramovun “Şuşa xatirələri” adlı rəsm sərgisi də tədbir iştirakçılarına təqdim edilib. Sonda muzey bələdçiləri tədbir iştirakçılarını hazırda fəaliyyətini Azərbaycan Xalça Muzeyində davam etdirən Şuşa filialının 3-cü mərtəbədə sərgilənən eksponatları ilə yaxından tanış edib.xeber100.com

May 8, 2016 9:11