Azərbaycan haqqında 5 yeni sənədli film ekranlaşdırılıb

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə dəstəyilə Los Ancelesdə Azərbaycana dair 5 yeni sənədli film ekranlaşdırılıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan apa-ya  verilən məlumata görə, filmlər artıq ABŞ televiziya kanallarında amerikalı tamaşaçıların ixtiyarına verilib.  Filmlərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, təbiəti, turizm potensialı və coğrafi mövqeyi barədə məlumat verilir, ölkəmizin multikulturalizm və dini dözümlülük ənənələrindən, Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların, eləcə digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından söhbət açılır. Filmlərin əsas süjet xətti ölkəmizin özünəməxsus və təkrarolunmaz maddi-mənəvi dəyərlərini estetik çalarlarla tamaşaçılara təqdim etməkdən ibarətdir. Tamaşaçı hər bir filmdə Azərbaycanın sevilən xalq və bəstəkar mahnılarının müşayiətliə ölkəmizin tarixi-mədəni irsinə, təbiətinə  vizual səyahət edir. Sözügedən filmlər ABŞ-ın artıq 20-dən çox televiziya kanalında nümayiş olunub. Ümumiyyətlə, filmlərin 2016-cı il ərzində Kaliforniya da daxil olmaqla ABŞ-ın 21 ştatında fəaliyyət göstərən 50 televiziya kanalında yayımlanması, eləcə də müxtəlif film festivallarında nümayişi nəzərdə tutulur. Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Sənədli filmləri üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş ECONEWS şirkəti ABŞ-da ətraf mühit və turizmlə bağlı radio-televiziya proqramlarının hazırlanması ilə tanınmaqdadır. Qeyd edək ki, filmlərin çəkilməsi məqsədilə proqramın prodüseri Nensi Perlmanın rəhbərlik etdiyi çəkiliş qrupu Bakıda və Azərbaycanın bir sıra regionlarında səfərdə olublar.  

Aprel 27, 2016 2:25

Mədəniyyətlərarası konfransın açılışı olub

Fransanın Milhouse şəhərində Yuxarı Elzas Universiteti Ədəbiyyat, Dillər və Humanitar Elmlər fakultəsinin Nizami Gəncəvi kafedrası və Avropa Dilləri və Ədəbiyyatı İnstitutu tərəfindən birgə təşkil edilən Beynəlxalq Şərq Ozanları və Qərb Truverləri Mədəniyyətlərarası Konfransının bu gün açılışı olub. Bütün türk dünyasının özünəməxsus qədim ənənələrini daşıyan aşıqlar sazda ifa edən şair-bəstəkardır. Onlar dastan söyləyir, musiqi bəstələyir, bədahətən şeir deyir, rəqs edirlər. Azərbaycanda və Türkiyədə (Osmanlıda) aşıq sənəti XV-XVI əsrlərdə çiçəklənib. Azərbaycan ədəbi dilinin inkişafı sayəsində isə XIX əsrdə aşıqlıq ən yüksək zirvəsinə çatib, Təbriz, Urmiya, Şirvan, Gəncəbasar, Göyçə və b. regional məktəblərdə birləşən bir çox yerli ənənələr vüsət alıb. Aralarında fərqlərə baxmayaraq, türk soylu bütün ellərdə bu məktəblərin hamısını birləşdirən ümumi dil, poetik ifadə, musiqi repertuarı və sazdır. Aşıq sənətinin qərb folklorundakı qarşılığı trubadur və ya truverlərdir. Fransada təşkil edilən Beynəlxalq Şərq Ozanları (və ya aşıq sənəti) və Qərb Truverləri Mədəniyyətlərarası Konfransında dünyanın müxtəlif ölkələrindən gələn, müxtəlif istiqamət və ixtisaslar üzrə (ədəbiyyat, teatr, poeziya, dilçilik, tərcümə, fəlsəfə, musiqi, heykəltəraşlıq və s. sahələrdə) öz töhfələrini vermiş alim və mütəxəssilər iştirak edir. Onlar Avropada ilk dəfə olaraq aşıq sənətinin hüdudlarını, tarixi, coğrafi və etnolinqvistik mənşəyini müəyyən etmək, şərq, qərb, hind, Səfəvi, Osmanlı ənənələri ilə müqayisəli şəkildə tədqiq etmək məqsədilə bir araya gəlib. Konfransda əsas diqqət qərb ənənələrinin əksinə olaraq Azərbaycan, Türkiyə, Orta Asiya və digər türk diyarlarında uzunömürlü aşıq sənətinin hələ də yaşaması və bunun səbəbləri nəzərə çatdırılacaq.

Aprel 26, 2016 8:29

“İkinci Britaniya Film Baharı Festivalı” başladı

“British Council-Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə birlikdə Bakıda “İkinci Britaniya Film Baharı Festivalı”na başlanılıb. AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 25-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib. Mətbuat konfransda Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq, “British Council-Azərbaycan”ın direktoru Elizabet Uayt, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva festival haqqında məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar. Bildirilib ki, festival çərçivəsində 6 film nümayiş olunacaq. Aprelin 30-dək davam edəcək festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi əsasında, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı “Bruklin” adlı tarixi dramın premyerası ilə açılacaq. Bildirilib ki, festival çərçivəsində ingilis kino sənayesinin ən yaxşı nümunələri təqdim ediləcək, bakılı tamaşaçılar bir həftə ərzində baş rolunu Meqqi Smitin ifa etdiyi “Furqondakı ledi”, Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş “45 il”, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun “Lobster”, həmçinin “Mister Homs”, “Mənə qulaq as, Marlon” kimi olduqca maraqlı və eyni zamanda çox fərqli filmlər izləyəcəklər. Qeyd edilib ki, filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazı olmaqla, ingilis dilində nümayiş ediləcək. Bu ekran əsərlərinə baxmaq istəyənlər biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilər.xeber100.com  

Aprel 26, 2016 11:35

Mədəniyyətlərarası dialoq istiqamətində mühüm beynəlxalq hadisə

"Əminliklə demək olar ki, Qlobal Forum mədəniyyətlərarası dialoq və anlaşmanın yeni yollarını tədqiq etmək, yeni tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini təşviq etmək istiqamətində mühüm beynəlxalq hadisə olacaq". Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Respublika" qəzetində dərc olunan məqaləsində qeyd edib. Nazir bildirib ki, tədbir çərçivəsində faydalı əlaqələrin qurulması məqsədilə keçirilən toplantılar forumun məqsədlərini genişləndirmək üçün mövcud və gələcək tərəfdaşlar arasında əməkdaşlıq imkanlarının tədqiqi baxımından da əlavə imkan yaradacaq: "İnklüziv cəmiyyətlərdə birgəyaşayış həm də BMT-nin sülh və əmin-amanlıq, insan haqları və inkişaf kimi üç əsas prinsipi ilə üst-üstə düşür. Bərabər siyasi və iqtisadi yaşam tərzinə imkan yaradan cəmiyyətlər həm hakimiyyət, həm də sərvət uğrunda mübarizəyə qoşulan insanlara qarşı zorakı yanaşma tərzinin məntiqi əsaslarını minimuma endirir. Tolerantlıqdan əlavə, inklüziv cəmiyyətlərdə milli azlıqların insan haqlarına hörmət göstərilməsi həmin milli azlıqların yaşadıqları cəmiyyətlərdə özlərini tam və bərabərhüquqlu üzv kimi hiss etməsinə kömək edir. Bunun əksinə olaraq, ayrı-ayrı insanlar və icmalar öz təhlükəsizlikləri və ictimai həyatda tam iştirak imkanları xüsusunda getdikcə daha çox qeyri-müəyyənliklə rastlaşdıqları zaman, etimadsızlıq halları baş verir. Ümumiyyətlə, cəmiyyətdən təcridolunma və sosial narazılıq insanlarda çaşqınlıq hissini gücləndirir və buna görə də bu cür hallar radikal düşüncə tərzlərini qidalandıraraq insanları, xüsusilə də gəncləri zorakı ekstremizmə sövq edir". Ə.Qarayev əlavə edib ki, bu baxımdan forumun ev sahibi olaraq Azərbaycan fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların əsrlər boyu birgə yaşadıqları inklüziv ölkə modelidir: "Azərbaycan xalqının tarixi tolerantlığı və digər xalqlara münasibətdə göstərdiyi anlayış, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi rəhbərliyi sayəsində müxtəlif dini və etnik mənsubiyyəti olan insanlar bu ölkənin inkişafı naminə bir yerdə, qarşılıqlı hörmət və həmrəylik şəraitində yaşayırlar. Eyni zamanda həm islam, həm də Avropa təşkilatlarının üzvü olan Azərbaycan hər iki sivilizasiyanın mədəni-mənəvi dəyərlərini qəbul edərək "sivilizasiyalararası körpü" rolunu oynayır. Bu gün Azərbaycan malik olduğu möhkəm mədəni ənənələr əsasında müasir dünyəvi dövlət quruculuğunun nümunəsi olmaqla yanaşı, sivilizasiyaları bir-birinə yaxınlaşdırmağa, qlobal miqyasda qarşılıqlı anlaşma atmosferini yaratmağa da öz töhfəsini verir. Nazir vurğulayıb ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu bu sahədə Azərbaycan örnəyini nümayiş etdirməklə bərabər, hazırda dünyada baş verən prosesləri qiymətləndirməyimiz üçün mühüm bir imkandır: "Təəssüflə qeyd etməliyik ki, bu gün dünyada etnik və dini zəminli qarşıdurmalarla müşayiət olunan neqativ proseslərin çoxu ayrı-ayrı xalqlara xas olan və əsrlər boyu formalaşmış mədəni ənənələri, dəyərləri, baxışları, həyat tərzini, dini postulatları yetərincə düzgün başa düşməməyin nəticəsidir. Yalnız dialoq, qarşılıqlı ünsiyyət bir-birimizi daha yaxşı anlamağa, münaqişələrin səbəblərini təhlil etməyə, yaranmış mürəkkəb vəziyyətdən birgə çıxış yolları tapmağa kömək edə bilər. Qlobal Forumun mövzusu da bu məram üzərində köklənmişdir. İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd". Forum "birgə yaşayış" məfhumunun "inklüziv" cəhətini vurğulamaqla, çağdaş dövrün getdikcə daha da müxtəlifləşən cəmiyyətlərində hər kəsə bərabər imkanların təmin olunduğu yaşayış tərzinə dair çağırışın səslənməsini və bu istiqamətdə irəliləyişin əldə olunmasını təmin etmək üçün müxtəlif sektorların çoxsaylı perspektivlərini gündəmə gətirəcək". Ə.Qarayev qeyd edib ki, beynəlxalq forum çərçivəsində gənclər üçün tədbirin keçirilməsi də nəzərdə tutulur. Bunun üçün müxtəlif ölkələrdən tədbirə qoşulmaq arzusunu bildirən 7 min nəfər arasından 250 iştirakçı seçilib: "Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Dünyanın 100-dən çox tanınmış şirkətinin iştirakı ilə Qlobal Forum tarixində ilk dəfə olaraq biznes simpoziumu da keçiriləcək: "Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində gerçəkləşəcək forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forumda mətbuat üçün də əhatəli proqram nəzərdə tutulub. Bura həm forumun işıqlandırılması, həm də mədəniyyət sahəsində qarşılıqlı fəaliyyət məsələlərində beynəlxalq informasiya agentliklərinin rolunun müzakirəsinə həsr edilmiş seksiyalar daxildir". Nazir yazır ki, Qlobal Forumunun gündəmi və müzakirə mövzuları kifayət qədər genişdir: "Üç gün ərzində "Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər", "Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət", "Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi", "Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri", "Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu", "Davamlı və inklüziv inkişaf naminə idman", "Qlobal miqrasiya prosesində şəhərlərin rolu", "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu", "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu", "Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi", "Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması", "Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr", "Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi" və digər mövzularda seminarlar keçiriləcək". Ə.Qarayev bildirib ki, tədbirin yekununda birlikdə "Bakı bəyannaməsi" qəbul olunacaq: "Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunmuş, alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilmişdir".  

Aprel 22, 2016 12:08

Qəmbər Hüseynli – 100

Aprelin 21-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamına uyğun olaraq tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. Trend-in məlumatına görə, məktəbin nəzəriyyə şöbəsinin müəlliməsi, musiqişünas Nabat Əsgərova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib. Ölməz sənətkarın həyat və yaradıcılığını əks etdirən şəkil və materiallardan ibarət videoçarx nümayiş edilib. Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın sevilən, unudulmaz mahnıları səsləndirilib. Həmçinin, Q.Hüseynlinin bəstələdiyi və hər kəs tərəfindən sevildiyi mahnısı olan "Cücələrim" haqqında ətraflı məlumat verilib və video materiallar görüntülənib. Məktəbin I sinif şagirdlərindən ibarət olan xor kollektivi müəllim Zemfira Nurullayevanın rəhbərliyi altında bəstəkarın dünyanın 40-dan çox dilinə tərcümə edilən "Cücələrim" mahnısını ifa edərək tədbirə şən əhval-ruhiyyə bəxş edib. Konsertdə məktəbin xalq çalğı alətlərindən ibarət kvintet Qəmbər Hüseynlinin "Nə vaxta qaldı", "Ay işığında", "İlk məhəbbət", "Xəndandır bu", "Söz olur", "Mən nə bilim insafsızsan sən yaman", "Lirik rəqs" mahnılarını məharətlə təqdim edib.xeber100.com  

Aprel 22, 2016 12:03