Fransada Azərbaycanı təbliğ edən silsilə tədbirlər keçirilib

Fransanın Altkirş,  Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ səfirliyinin, Paris Azərbaycan Evinin və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən silsilə tədbirlər keçirilib. Azərbaycanın Dostları Assosiasiyasından APA-ya verilən xəbərə görə, iki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar  Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib. Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək, öncə Azərbaycan haqqında məlumat verib, gənc olmasına baxmayaraq artıq regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulayıb. Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə yüksək əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışıb və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət edib. Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov öncə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğə görə və ölkəni üç regionunda təşkil etdikləri bu silsilə mədəni tədbirlərə görə onlara təşəkkür edib. Azərbaycanın zəngin və qədim mədəniyyətin və dini rəngarənglik,t olerantlığın nümunəsi olduğunu qeyd edən səfir E.Əmirbəyov ölkəmizin bu sahədə dünyaya verdiyi vacib töhfələrdən danışıb. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmli töhfələrdən danışmışdır, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçiriləcəyini bildirib. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini, Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun həyata keçirilməsi üçün aparıcı və təbii bir mərkəz qismində özünə rəğbət qazandığını bildirən səfir E.Əmirbəyov bu ənənənin digər ölkələrə də yayılmasının vacibliyini qeyd edib.        

Aprel 13, 2016 11:01

Azərbaycanın turizm potensialının təqdimatı

Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Tatarıstanın Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilin. Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də “Jumeirah Bilgah Beach Hotel”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Bulvar”, “Qarabağ” otellərinin və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndələr təqdimat zamanı Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib, öz məhsullarını təqdim ediblər. “Tour A Vent” şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reyslərindən danışıb. Qeyd edib ki, çarter reysin, oteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında, Azərbaycanın milli aviadaşıyıcısı olan "Azərbaycan Hava Yolları"nın (AZAL) böyük köməyi olub. Bildirilib ki, AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur. Təqdimatda Kazan şəhərinin və Rusiya Federasiyasının tur operatorları, jurnalistləri, qonşu şəhərlərin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Sonda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb. Azərbaycanın turizm potensialının növbəti təqdimatı Ulyanovsk şəhərində keçirilib.        

Aprel 13, 2016 11:40

“Azərbaycanfilm” müsabiqə elan edir…

"Azərbaycanfilm" kinostudiyası yeni kinoalmanaxın çəkilişləri üçün qısametrajlı bədii film ssenari müsabiqəsi elan edir. Müsabiqənin şərtləri: Müsabiqəyə müəllifin orijinal işi olan ssenarilər qəbul olunur. Ssenarilər 11.04.2016 tarixindən 11.06.2016 tarixinədək qəbul olunur. Qaliblərin adları 02.08.2016 tarixinədək elan olunacaq. Təşkilatçılar təqdim olunan işlərin həcmindən asılı olaraq son tarixləri dəyişmək hüququna malikdirlər. Müsabiqəyə istənilən janrda, qısametrajlı bədii filmin çəkilişləri üçün nəzərdə tutulmuş ssenarilər qəbul olunur. Bir müəllif istənilən sayda ssenari təqdim edə bilər. Ssenarilər Courier şriftində, 12 ölçüsündə, 5 səhifədən az və 40 səhifədən artıq olmamaq şərtilə və .doc və ya pdf formatında [email protected] və ya Moskva pr.1, AZ1012Bakıünvanına təqdim olunmalıdır. Səhifələr yuxarı sağ küncdə nömrələnməlidir. Ssenarinin titul (birinci) səhifəsində ssenarinin adı qeyd olunmalıdır. Müəllifin adı, soyadı, əlaqə telefonaları, email ünvanı və sinopsisin qeyd olunduğu məlumatlar ssenari ilə birgə, amma əlavə sənədlə göndərilməlidir. Ssenari ilə birgə sinopsisin göndərilməsi mütləqdir. Müsabiqədə yalnız 35 yaşınadək olan müəlliflər iştirak edə bilər. Hər hansı bir istehsal mərhələsində olan ssenarilər müsabiqəyə qəbul olunmur. Müsabiqənin davam etdiyi müddətdə istehsala buraxılan ssenarilər deskvalifikasiya olunurlar. İştirakçı müsabiqəyə ssenari təqdim etməklə müəllif hüquqlarının tək və müstəsna olaraq ona məxsus olduğunu və hər hansı üçüncü tərəfin hüquqlarının pozulmadığını təsdiq edir. Qaliblərin adları KİV-də və www.azerbaijanfilm.az saytında elan olunacaq. Təşkilatçılar münsiflər heyəti tərəfindən seçilməyən ssenarilərə şərh vermirlər. Təqdim olunan ssenarilərin qalib olub-olmayacağından asılı olmayaraq, müəllif hüquqları qorunur. Müəliflərə ssenariləri təqdim etməkdən öncə, ssenarini Müəllif Hüquqları Agentliyində qeydə almaq tövsiyə olunur. Müəllif ssenari təqdim etməklə bütün şərtləri diqqətlə oxuduğuna və razılaşdığına zəmanət verir. Qeyd edək ki, 2015-ci ildə istehsal olunan "Şəhər motivləri 4.1" kinoalmanaxı Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi "Geniş baxış" ssenari müsabiqəsinin qalibi olmuşdur. Dörd gənc rejissorun lentə aldığı "40-cı paraleldə" adlı növbəti kinoalmanaxın istehsalı isə 2016-ci ildə tamamlanmışdır.xeber100.com Əlaqə məlumatları: Tel: +994 12 430 1791 Email: [email protected] Ünvan:  Moskva pr.1, AZ1012 Bakı  

Aprel 11, 2016 2:05

Azərbaycanda ikinci Britaniya Film Baharı təşkil olunacaq

Nizami Kino Mərkəzində Britaniya Film Baharı festivalı keçiriləcək. “British Council”dan  verilən məlumata görə, festival Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nizami" Kino Mərkəzinin təşəbbüsü ilə aprelin 25-dən 30-dək baş tutacaq. Festival çərçivəsində müasir Britaniya  kinematoqrafiyasının uğur qazanmış ən yaxşı yeni filmləri nümayiş olunacaq. Tədbir Kolm Toybinin eyniadlı romanına əsaslanaraq çəkilmiş, ssenari müəllifi Nik Hornbi, rejissoru Con Krauli olan Oskar-nominasiyalı "Bruklin" tarixi dramının premyerası ilə açılacaq. Festival çərçivəsində həmçinin baş rolunu Meqqi Smitin ifa etdiyi "Furqondakı ledi", Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş "45 il" filmi, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun "Lobster" filmi daxil olmaqla, 6 film izləyicilərə təqdim olunacaq. Festival müddətində British Council tərəfindən təşkil olunan online müsabiqələrin iştirakçılarına bir çox bilet və hədiyyələr təqdim olunacaq. Azərbaycanda ikinci Britaniya Film Baharının təşkil olunması münasibətilə British Council Azərbaycanın direktoru Elizabet Uayt bildirib ki, məqsəd Britaniya film və kinematoqrafçılarını azərbaycanlı tamaşaçılarla bir araya gətirmək, eyni zamanda innovasiyalar, müxtəliflik və mükəmməlliyi nümayiş etdirmək və mədəni mübadilələr üçün imkanlar axtarmaqdır.xeber100.com    

Aprel 8, 2016 3:09