“Azərbaycanfilm”lə turizm nümayəndələrinin əməkdaşlığı

Kino sənayesi ilə məşğul olan xarici şirkətlərin filmlərinin Azərbaycanda çəkilişlərinin həyata keçirilməsi üçün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ilə turizm sənayesi nümayəndələrinin birgə əməkdaşlıq etməsi vacibdir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sənayesinin nümayəndələri ilə keçirdiyi görüşdə deyib. Nazir kino sənayesinin də turizmin inkişafındakı əhəmiyyətli rolundan danışaraq bildirib ki, bir sıra dünya ölkələrinin təcrübəsində olduğu kimi, Azərbaycanda da filmlərin çəkilişləri üçün təbiət, iqlim və bütün texniki baza imkanları mövcuddur. Ə.Qarayev turizm sənayesi nümayəndələrinin Azərbaycan Turizm Assosiasiyasının rəhbərləri ilə yeni turizm məhsullarının yaradılması istiqamətində birgə işlər həyata keçirməsi barədə tapşırıqlar verib. Nazir Azərbaycana turistlərin cəlb olunması üçün yaradılacaq yeni turizm məhsulunun indiki mərhələdə vacibliyini qeyd edib. O deyib ki, turizm sahəsi müasir texnologiya dünyasından geri qalmamalıdır. Turizmin inkişafında elektron texnologiyalardan istifadə edilməli və bu sahədə yeni nəticələr əldə olunmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi olan “GoMap”in son dövrlər turizm sahəsinə verdiyi töhfələr buna misal ola bilər. Bu layihənin daha da geniş tanıdılması və inkişaf etdirilməsi istiqamətində turizm sənayesi nümayəndələrinin də aktivlik göstərməli olduğu bildirilib.      

Fevral 4, 2016 5:58

Türk dünyasının son böyük qəzəl şairi

Türkiyədə qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən və qəzəllərinin yer aldığı kitab dərc olunub. Türkiyə mətbuatının yaydığı məlumata görə, “Türk dünyasının son böyük qəzəl şairi Əliağa Vahid və qəzəlləri” adlı bu dəyərli əsərin müəllifi Filologiya Elmlər Doktoru Mahmut Sarıkayadır. Əsərə elmi rəy isə məşhur Türkoloq Prof. Dr. Tuncer Gülensoy tərəfindən yazılıb. Kitabın ilk hissəsində Əliağa Vahidin həyat və yaradıcılığı barədə geniş məlumat verilir. Dr. Mahmut Sarıkaya əvvəlcə Əliağa Vahidin yaşadığı dövrü və ictimai-siyasi şəraiti təhlil etmiş, sonra onun ədəbi şəxsiyyəti və əsərləri haqqında bilgi verib. Oxucu Əliağa Vahidin üslubu, rəsmi Azərbaycan türkcəsindəki bəzi qaydalar yerinə bəzən Türkiyə türkcəsinin qaydalarından istifadə etməsi məlumatlandırılıb, bu barədə tezislər misallar ilə izah edilib. Kitabda Əliağa Vahid ilə bağlı son illərdə dərc olunan bəzi əsərlərdə yol verilmiş olan müəyyən səhvlərə də toxunulub. Dr. Mahmut Sarıkaya bu hissəni yazarkən Azərbaycanda, Türkiyədə və İranda Əliağa Vahid ilə bağlı dərc olunmuş əsərlərdən istifadə edib. Qeyd edək ki, əsərin müəllifi olan Dr. Mahmut Sarıkaya əslən Azərbaycan türküdür. Valideynləri Qərbi Azərbaycandan (indiki Ermənistan) Türkiyənin Qars vilayətinə köçüb.      

Fevral 4, 2016 5:49

Dublyaj dünən-bu gün və sabah…

Əgər desək ki, Tv-lərdə fəaliyyət göstərən Dublyaj redaksiyalarının səviyyəsi çox aşağıdır, o zaman tamaşaçı iradla TV-lərin öz səviyyəsinə irad tutacaq. Əslində tamaşaçı da haqlıdır, nə də olsa bir zamanlar “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərən Dublyaj redaksiyasının yüksək səviyyədə dublyaj olunan filmlərini izləyib və hazırda müqayisə edərək heyfsiləndiyini bildirir.   Doğrudan da Azərbaycanda dublyajın əvvəlki səviyyəsi yüksək olsa da hazırda mövcud problemlərdən çıxış edərək və ən əsası dünya ölkələri ilə müqayisə edərək belə qərara gəldik ki, sənətkarlarımızın yaralı yeri olan bu problemdən bir yazı hazırlayaq.   Azərbaycan dili dövlət dili olaraq tətbiq olunmalı   "Azərbaycan Respublikasının Dövlət dili haqqında" Qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq olunmasını nəzərər alaraq Mədəniyyət və Turizm Nazirliyi 2011-ci ildə ölkədə fəaliyyət göstərən  bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirməli olduğu haqda qərar verdi. Əgər nəzərə alsaq ki, dünya ölkələrinin hər birində yayımlanan filmlər məhz öz dillərində nümayiş olunur, o zaman müstəqil ölkəmizin bu prosesdən kənarda qalmasına toplum olaraq biganə qala bilmərik. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nda əcnəbi ölkələrdə istehsal olunan filmlərin Azərbaycan dilinə tərcümə olunması, o cümlədən subtitrləşdirmə üsulu (alt yazı) ilə dublyajı ilə bağlı bənd var və işin icrası birbaşa Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub. Ancaq bütün bunlara baxmayaraq ölkəmizdə nümayiş olunmaq üçün alınmış filmlər əsasən rus və türk və ingilis dilində nümayiş etdirilir. Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev bildirib ki, ölkəmizdə nümayiş olunan filmlər Azərbaycan dilinə dublyaj edilməli, ya da bu dildə alt yazı ilə verilməlidir. Xatırladaq ki, bu təcrübə artıq dünya ölkələrində özünü doğruldub: “Hazırda bütün filmlər reyestrdən keçirilib. Yəni, bunlar dublyaj olunmayan filmlər sırasına daxil deyil. Dünya premyeraları keçirilir. Həmin filmlər bir gündə bütün ölkələrdə və eyni vaxtda göstərilir. Biz həmin filmi görmürük və qabaqcadan reyestrdən keçirə bilmirik. O filmi nümayiş etdirmək üçün kim alırsa onu çevirməyə imkanı çatmır. Buna görə də filmi birbaşa nümayiş etdirir”. Nazur onu da vurğulayıb ki, bu durum “Azərbaycan dili” haqqında qanunla ziddiyyət təşkil edir və qanunvericiliyə görə, bütün filmlərin heç olmasa Ana dilində subtitr vasitəsilə nümayiş etdirilməsi həyata keçirilməlidir.   Filmlərin səsləndirilməsi TV-lərin vəzifəsi deyil   Hazırda az qala TV-lərin hər birində dublyaj redaksiyası fəaliyyət göstərir, ancaq səviyyə baxımından onların fəaliyyəti heç də qənaətbəxş deyil. ATV telekanalının prezidenti Vüqar Qaradağlının fikrincə, hazırda Azərbaycanda “dublyaj” anlayışının özü yoxdur: “Bu sözün klassik mənasında götürülən dublyaj bir vaxtlar Cəfər Cabbarlı adına kinostudiyada edilirdi. Klassik dublyaj indi də yalnız orada həyata keçirilir. Başqa heç yerdə əsl, klassik dublyaj yoxdur. Mən belə deyərkən bütün səs effektlərini, məsələn, çırpılan qapının, yağan yağışın, qaçan atın ayaq səslərinin saxlanmasını, canlandırılmasını və s. nəzərdə tuturam. Dublyaj dediyin məhz budur. Bildiyim qədər dublyaj bu gün yalnız Cəfər Cabbarlı adına kinostudiyada edilir. Bu gün televiziyaların məşğul olduğu məsələyə - filmlərin səsləndirilməsinə gəlincə isə bu məsələni həll etmək də TV-lərin özünün vəzifəsi deyil. Bu, TV-lərin fəaliyyətini təmin etməli olan strukturların - prodakşnların vəzifəsidir. Bu sahənin bizdə o qədər də inkişaf etmədiyini nəzərə alan TV-lər filmlərin səsləndirilməsi ilə özləri məşğul olmağa məcbur olur. Yeri gəlmişkən, ATV-nin filmlərin səsləndirilməsi üçün yaxşı redaksiyası var. Bizdə tərcümələr kifayət qədər savadlı və dolğun olur. Səs seçimi də yaxşıdır. Bu problemi prinsipcə özümüz həll edirik”.   Nəzarət mexanizmi dövlətin əlində   Peşəkar kinorejissorlar Gildiyasının rəhbəri Hüseyn Mehdiyevin fikrincə,  kinematoqrafiya bütün dünyada yaradıcılıqdan başqa, eyni zamanda  sənayedir: “Bütün istehsal olunan məhsullar kimi bu məhsulların da öz distributoru olmalıdır. Bu sahədə bazar səviyyəsində qəbul olunmuş bir sistem olmalıdır. Əgər Azərbaycanda hər hansı bir filmi istehsal edən şirkətin və ya ölkənin burada distributoru olsaydı, o filmi alıb Azərbaycan dilinə düblyaj edib həm kinoteatra, həm də televiziyalara satardı. Ancaq bu sistem bizdə olmadığından hər kəs gedib filmi özü alır. Həmin filmlərin disklərini ya alır, ya da piratçılıqla ələ keçirirlər. Həmin filmi dublyaj etmək xərcini o filmi alan və ya nümayiş etdirən şirkət boynuna götürə bilmir. Əgər filmi göstərmək üçün kinoteatr həmin lisenziyanı xaricdən alıbsa, o pulu çıxartmaq, üstəlik gəlir əldə etmək lazımdır. Belə ki, 5 il bundan əvvəl Türkiyədə kinoteatrlarda filmi nümayiş etdirənlərə filmin dublyajı üçün dövlət pul ayırırdı”. Filmlərin dublyajına nəzarət mexanizminə gəlincə, gildiya rəhbəri hesab edir ki, əgər filmlərin nümayişinin dayandırılması, kinoteatrların bağlanması ilə müşahidə olunacaqsa, bu, heç kimə lazım deyil: “Nəzarət mexanizmi dövlətin əlindədir. Sadəcə, həmin şəraiti araşdırıb problemi aradan qaldırmaq lazımdır. Əgər o yenidən təkrarlanacaqsa, onda qadağalar tətbiq etmək mümkündür. Çünki görülən tədbirlər sadəcə həmin işin inkişafına gətirib çıxarmalıdır. Filmlərin düblyajı mərkəzləşmiş qaydada həyata keçməlidir. Belə ki, çoxlu studiyalar var ki, dublyajla məşğul ola bilərlər. Dünya ölkələrinə gəlincə, Rusiyada, Amerikada, Avropa ölkələrində filmlər hər bir ölkənin öz dilində nümayiş etdirilir. Bizdə isə distributor sahəsi demək olar ki, yox dərəcəsindədir. İndi bu iş sərfəli olmadığı üçün onunla məşğul olan yoxdur. Hər halda tamaşaçıya öz dilində filmi seyr etməyə imkan yaradılır”.   Aktyorun zəhmətinin yüksək qiymətləndirilməsi vacibdir   Azərbaycan teatr və kinosunun aktyorlarının əksəriyyəti uzun müddət dublyajla məşğul olublar. Uzun illər dublyajla məşğul olan rejissor-aktyor Ağaxan Salmanlının fikrincə, dublyaj, çox adi baxılan iş olsa da, ölçülməz dəyəri olan bir işdir: “Təsəvvür edin ki, dublyaj olmasa biz dünya ilə əlaqədar çəkilən hərtərəfli məlumatlardan məhrum olarıq. Doğrudur ki, sənədli, bədii, tarixi materiallar öz dilimizdə səsləndirilir, ancaq onların nə dərəcədə keyfiyyətli olması əsas şərtdir. Demək olar yarım əsrdən keçmiş bir zaman kəsiyində dublyaj tarixini görmüş, içində yaşamış şəxsəm. Keçmişdə də bu sahədə körkəmli sənətkarlar, çox qüdrətli aktyorlar çalışıblar, indinin özündə də bu sahənin dərin biliciləri, təcrübəli sənətkarları vardır”. Müqayisəyə gəlincə, xalq artisti qeyd edir ki, keçmiş ilə indiki dublyaj arasında fərq olsa da, nə şəkildə olursa-olsun dublyajın dəyəri itmir: “Keçmişdə dublyaj səsləndirməyə bərabər tutulurdu. Tutaq ki, yeni bir film çəkilib, çəkiliş vaxtı küləyin fısıltısı, yarpaqın xışıltısı və bəzi kənar səslərin kadrlara düşməsi mane olur, onlar təmizlənməlidir. Bu səbəbdən çəkilişdən sonra böyük bir heyət, aktyorlar və texniki heyət səsləndirmə işinə cəlb olunurdu. Hər aktyora uyqun rollar paylanırdı, onlar da çalışırdılar həm vəziyyətə uyqun hiss-həyəcanla, həm də sinxron -yəni dodaqların tərpənməsinə uyqun, zərrə qədər yayıntı olmadan səslərini, necə deyərlər, oturtsunlar. Beləliklə də təbiilik alınırdı, sanki çəkilən adam özü danışır. Çox vaxt çəkilən aktyorun xarici görünüşü rejissoru qane etsə də, səs tembri, danışıq tərzi xoşuna gəlmədiyindən istədiyi rolun səsləndirilməsini başqa aktyora havalə edirdi. Görkəmli rejissor, öz orijinal, müasir filmləri ilə kinomuzun tarixində xüsusi yeri olan Arif Babayevin elə filmi yox idi ki, onun səsləndirilməsində iştirak etməyim. O həmişə deyərdi, -sənin səsinin xüsusi, fərqli çaları var, səni filmimə çəkməsəm də, lakin səsindən imtina edə bilmərəm. "Möcüzələr adası"nda (Vadim),"Uşaqlıqın son günündə" ( məhəllə uşaqı(orada Polad Bülbül oğlunun "Durnalar" mahnısını da oxumuşam). Ən maraqlı hadisə isə "Alma almaya bənzər" filmində oldu. Orada altı qızı olan şişman bir aktyor - deyəsən Əhməd idi adı,  çəkilmişdı. Məni indiki dillə desək, səslənmə kastinqinə dəvət etmişdilər. Elə ki,ekrana kadr verildi, oradakılar bu şişman kişini gördülər və bilinəndə ki, Arif müəllim onu səsləndirməkdə məni nəzərdə tutub, hamını təəccüb bürüdü. Arif müəllim məramını heç pozmadan-Narahat olmaqına dəyməz, yoxlayırıq. Sözün düzü mənim özümə də qəribə gəldi, lakin dinmədim, fikirləşdim, rejissordur, yəqin o bilir. Bu mənə inam verdi, özümü, içimi tənzimləyib yazdım. Həmin yazı səslənəndə, hamı təəccüb qaldı. Arif müəllim sevinclə-Gördüz, səsi ekrana necə yapışdı! Bax,həmin .oğlan uşağı istəyən çoxlu qızları olan şişman atanı mən səsləndirmişəm”. Ümumiyyətlə götürdükdə isə A.Salmanlı diblyajda çalışdığı illərdə bir çox maraqlı filmlərə səsi ilə imza atıb: “Ən möhtəşəmi "Kral Lir" kinofilmindəki Oleq Dalın yaratdıqı-Təlxək rolu olub. Həmin filmin dublyaj deməyə dilim gəlmir, səsləndirilməsində, çünki onu nöqtə-bə-nöqtə Əlisəttar Atakişiyev işlədi. O dublyajda Firəngiz Şərifova, Amaliya Pənhova, Şəfiqə Məmmədova, Yusif Vəliyev, baş rolda Səməndər Rzayev kimi qüdrətli sənətkarların yaradıcılığı cəmlənmişdi. Çağdaş dövrümüzdə də dublyaj işi davam edir.Deyərdim əsasən də uğurludur. Əgər ki, haradasa, nəsə xoşa gəlməyən bir vəziyyət olursa(əlbəttə ki, belə hallar tez-tez olur), buna səbəb nə aktyordur, nə də rejissor. Maliyyə imkansızlığı, yaxud ölçüsü səbəbindən rejissor məcbur olur dublyaj etdiyi filmdə bir aktyora bir neçə rol versin. Bəzən iki aktyor filmdəki bütün rolları səs çalarlarını dəyişərək yazırlar. Nə qədər yüksək istedad sahibi olsan belə, səs diapozonun geniş olsa da bu işin öhdəsindən gəlmək mümkünsüzdür. Belə vəziyyətdə aktyorlar baş verən hadisələrin iştirakçısından, bu hadisələrin nağılçısına çevrilirlər. Ancaq az da olsa maliyyə baxımından tutarlı olan filmlərin tutarlı dublyajı alınır-"Yusif və Züleyxa" filmindəni misal gətirə bilərəm. Həmidə Ömərovanın-Züleyxası və Elşən Rüstəmovun -Yusifi sənət nümunəsidir”. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev də uzun illərdir dublyajla məşğuldur, dublyaji ayrıca bir sənət kimi ğörür və hər bir aktyor hec olmasa öz çəkildiyi rolu səsləndirməyi bacarmalidir fikrini irəli sürür: “Əvvəllər kompyüter olmadığına görə dublyaj eləmək cox cətin idi. Kinostudiyada dublyaj şöbəsi vardi, həftədə 2 və ya 3 film yazilirdi. Hər rola aktyor dəvət olunurdu, səs yazilirdi, sonra bütün səslər üstünə yığılırdı. Məhz bu səbəbdən dublyaj filmlər yüksək səviyyədə olurdu. Hazırda durum  başqadır. Bir filmi yazmag ücün 4 -5 aktyordan istiffadə olunur. Hətta bəzi hallarda bir aktyor, 7-8  rol səsləndirməli olur. Vaxt məhdudiyyəti, maliyyənin azlığı filmin tez-tələsik yazılmasını tələb edir ki, nəticədə də filmdəki aktyorun işini bilmək onun elədiklərini yerindəcə yerinə yetirmək haqqinda fikirləşməyə nə vaxt olur, nə həvəs, sadəcə olaraq tez yazib işi bitirmək haqqinda düşünürsən. Çox təəssuf ki, bu bizdə belədir, başqa dövlətlər bizim indi elədiklərimizi 90- cı, 2000-ci illərin əvvəllərində ediblər. İndi onlar filmləri cox ğözəl dublyaj edirlər lap əvvəl oldugu kimi, səs kastinqləri kecirirlər hər rola aktyor secirlər, aktyorlara yaxşi pul verirlər ki, nəticədəd də aktyorlar canla- başla işləyirlər. Əgər  bizdə də belə olsa bizim dublyajlar hec bir olkənin dublyajindan pis olmaz, əksinə yaxşi olar. Zənnimcə, “Azərbaycanfilm” kinostudiyasi bu işi əlinə alib filmlərin dublyaji ilə məşqul olmalidir, bütün kinoteatrlarda filmlər öz dilimizdə olmalidir. Əgər bütün filmlər bir, və  yaxud iki yerdə dublyaj olunsa, o zaman  həm rəqabət olar həm də yaxşi işlər ortaya cıxar. Bizdə o potensial var və  o aktyorları,  rejissorları bir yerə yığıb işləmək ücün şərait yaratmaq lazımdır”. Azərbaycan Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyev o fikirdədir ki, dublyaj dünənlə müqayisədə xeyli inkişaf edib: Hər zaman ruslarin dublyajina qibtə etmişəm. Bunun səbəbi çox sadədir: Texnika ve aktyorun zəhmətinin yüksək qiymətləndirilməsi. Texnika yüksək səviyyədə olsa belə, əgər  aktyorun əməyi  yüksək qiymətləndirilmirsə, o zaman filmlər yüksək səviyyədə olmur. Çunki aktyor calişır ki, cox film yazsin və nəsə qazana bilsin. Sevindirici haldır ki, artiq hər kəs dublyaj olunmuş filmləri seyr edir. Onu da qeyd edim ki, Sovetlər dövründə yaşamış, o dövrü görmüş insanlar əsasən rus dublyajina üstünlük verirlər. Bir anlıq o dövrdə səsləndirilən filmləri yada salaq. Səviyyəsi yuksek idi, kinostudiya bu işə ciddi yanaşırdı, aktyor yaxşı qiymətləndirilirdi. Doğrudur,  o dövrdə  texnika o qədər də güclü deyildi, ancaq məhsul göz qabağındadır. Teatrın, filmin, dublyajın özəyi aktyordu, bunu heç bir vaxt yaddan cçıxartmaq olmaz”. SON SÖZ ƏVƏZİ:  Ağaxan Salmanlının sözü ilə desək, dünya dublyajı ilə bizim dublyajın müqayisəsinə gəlincə,  ümumiyyətlə teatrımız, kinomuz, təsviri sənətimiz, incəsənətimiz həmişə dünya sənəti və sənətkarlığı ilə müqayisədə inkişaf edib və edəcək də. Ancaq mövcud problemlərin həllinə dövlət səviyyəsində dəstək verildiyi qədər də, əlaqədar təşkilatlar da üzərinə düşən işlərə məsuliyyətlə yanaşarsa, o zaman həlli mümkün olmayan heç bir şey qalmaz.  

Fevral 2, 2016 6:06

Münəvvər Kələntərli-104

Keçən əsrin əvvəlləri hər mənada çətin olduğu qədər də hər sahədə öz çətinliyini açıq şəkildə biruzə verib. Başqa sahələr bir yana, sənət dünyası məhz fədailər, həvəskarlar sayəsində yaranıb, inkişaf edib, nəticədə bu günə gəlib çıxıb. Xüsusilə kino aləmindən tanıdığımız, sevdiyimiz aktyorlar var ki, onların keçdiyi həyat yolu yaşadığımız dövrdə nümunə olaraq göstərilir...Səhnəmizin xanım aktrisası Münəvvər Kələntərli məhz belə sənətkarlardan biri  olub. Aktrisanın doğum tarixi il baxımdan məlum olsa da ay baxımından naməlum qaldığı üçün il ərzində onun yaradıcılığı haqqında söz demək imkanları genişdir... Kələntərlilər ailəsindən 17 yaşlı bir qızın Lənkərandan Bakıya gəlişi və səhnə fəaliyyətinə başlaması 1930-cu illər üçün ən cəsarətli addım hesab edilirdi. Ancaq 17 yaşlı Münəvvər üçün şanslı demək olardı, çünki o qardaşı Haşımla bərabər paytaxtda yeni bir həyata qədəm qoyacaqdı. Haşım Kələntərli milli vokal sənətimizin parlaq nümayəndələrindən biri olub. O, el mahnılarını və muğamları yüksək sənətkarlıqla oxuyub ifa edərdi. Xüsusilə  onun ifasında olan Segah muğamı o qədər yüksək qiymətləndirilib ki, musiqi ədəbiyyatında bu muğam "Haşım segahı" kimi dəyərləndirilir. Onun haqqında ayrıca bir yazıda geniş danışacaqıq. Bu yazını isə sırf Münəvvər Kələntərli yaradıcılığına həsr etdiyimiz üçün qeyd edək ki, Haşım Kələntərli bacısı Münəvvər Kələntərli ilə birgə ötən əsrin 30-cu illərində Azərbaycan radiosunun efirində səslənən bir çox konsert proqramında iştirak edib. Kələntərlilərin özlərinə məxsus maraqlı və geniş mahnı repertuarları vardı. Belə ki,  konsert proqramlarında xalq mahnıları, muğam, eyni zamanda  Lənkəranlılara aid el nəğmələrini xüsusi incəlik və məlahətli səslə ifa edərdilər.  Misal olaraq "Aman, nənə", "Kəşmiri şal", "Lolo" və s. mahnıları göstərmək olar. Aktrisa əvvəllər Opera Teatrında, sonralar isə arzusuna əsasən Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Belə ki, qardaşı ilə səhnəni paylaşan aktrisa həmin ərəfədə Opera Teatrına dəvət olunur. Sənətiylə diqqətdə dayanan Münəvvər Kələntərli çox keçmir ki, Musiqili Komediya Teatrına dəvət olunur. Müxtəlif xarakterli rollar iynayan aktrisa öz dövründə çalışdığı teatrın ən qabaqcıl aktrisası hesab olunub. Əslində hazırkı dövrdə də teatrlarımızın Münəvvər Kələntərli kimi xanım aktrisalara ehtiyacı çoxdu. Ancaq görünür hər dövrün öz hökmü olduğu üçün hazırkı dövrdə də cılızlaşma prosesi gedir ki, nəticədə də görmək istədiklərimizi səhnədə görə bilmirik. Mətləbdən uzaqlaşmayaq, aktrisa Musilqi Komediya teatrının səhnəsində “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “O olmasın, bu olsun”da Sənəm, “Gözün aydın”da Gövhər, “Qızılaxtaranlar”da Xədicə, “Ulduz”da Tamam və b. obrazları ustalıqla yaradaraq teatr tarixinin yaddaşına yazılmağı bacardı. Yeri gəlmişkən, “Hacı Kərimin Aya səyahəti”ndə aktrisa Nəsibə Zeynalovayla dublyor olublar. Münəvvər Kələntərli Lütfəli Abdullayevlə, Nəsibə Zeynalova isə Bəşir Səfəroğlu ilə səhnəni paylaşıb. Dövrün dörd güclü komediya ustasının bir araya gəldiyi tamaşanın səhnə həllini tapmaması heç mübahisə mövzusu belə ola bilməz.  Səməd Kələntərlinin xatirələrindən “Kələntərlilər İranda adlı-sanlı, nüfuzlu nəsil sayılıblar. Bizim babalarımız oradan üç-dörd yüz il bundan qabaq köçüb-gəliblər. Eşitdiyimə görə, buna Lənkəran, Astara və Cəlilabadda bəxşiş kimi aldıqları torpaq sahələri səbəb olub. Mənim ulu babam o zaman Lənkəranda yurd salıb. Babam Səməd bəy Kələntərlinin mülkü Lənkəranın Böyükbazar adlanan məhəlləsindəydi. O, ticarətlə məşğul olar, alış-veriş üçün tez-tez İrana gedib-gələrmiş. Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb - Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və sonbeşik Münəvvər. Evin böyük övladının - Haşım əmimin yaş kağızına təvəllüd tarixi kimi 1899-cu il, kiçiyininkinə isə 1912-ci il yazılıb. Uşaqlarının əli çörəyə çatmamış, babam əcəlinə tuş gəlib. Səməd bəy iki-üç yaşlı qızı Minanın (Münəvvər bibimi lap uşaqlıqdan evdə belə çağırıblar. Sonralar biz uşaqlar da bu adətə sadiq qaldıq) körpə yaddaşında heç bir iz qoymadan tərk edib bu dünyanı”. Bu fikirlər Səməd Kələntərliyə aiddir. Bu yazının hazırlıq prosesində onun xatirələrini əldə etdim və sadəcə bir qismini yazıya daxil etməyi qərara aldım. “Bibim Münəvvər Kələntərli sadə, şən bir qadındı. Ancaq rollarının əksəriyyətində sadəlövhlükdən çox-çox uzaqdı. Olduqca ayıq, hər şeyin yerini bilən, son dərəcə ağıllı, tədbirliydi. Dostları çox olsa da, ürəyinin qapısı hər kəsin üzünə açıq deyildi. Ən yaxın rəfiqələri  Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova,  Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova idi. Tez-tez bir araya gəlirdilər, günlərini çox maraqlı keçirirdilər. Təsəsvvür edin ki sevinməyə həmişə səbəb tapırdılar, çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı”. O dövrün səmimiyyəti belə insanlara necə təsir edirmişsə, hamının bir-biriylə münasibəti çox səmimi olub. Bəlkə də dövrün “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı da insanların bir-birinə olan səmimiyyətində böyük rol oynayıb. Ən önəmlisi isə insanlar sevdikləri peşəylə məşğul olduqları üçün və çalışdığı sahədə vətən, xalq üçün lazımlı olduğunu hiss etdiyi üçün xöşbəxt idi. Böyük Vətən müharibəsi illərində sənət adamlarının hər biri səngərlərə, hospitallara gedərək əsgərlərə dəstək verdiyi tarixdən də məlumdur. Münəvvər Kələntərli də müharibə dövründə öz vətənpərvərliyini əməlləri ilə sübut edib. “Bibim rəngarəng konsert proqramları,  səhnəciklərlə əsgərlərin qarşısında çıxışlar edir, onlara ümid verirdi, doğacaq sabahlara inandırırdı”. Öz dövrünün sevilən, sayılan sənətkarı Münəvvər Kələntərli hazırkı nəslin yaddaşında  sadəcəc kinoaktrisa kimi yadda qalıb. “Kino sənətində yolu isə Böyük Vətən müharibəsinin odlu-alovlu illərində çəkilməyə başlayan Üzeyir Hacıbəyovun "Arşın mal alan" filmindəki Xala roluyla başlayıb. Bu filmin çəkilməsi o zaman bütün Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edirdi. "Arşın mal alan"ın çəkilişlərinə ermənilərin Üzeyir bəyin bu şah əsərini mənimsəməyə cəhd etdikləri vaxtda, Stalinin icazəsiylə başlanır. Filmdə rol alan aktyorların əksəriyyəti əsərin müəllifinin seçimiydi. Xala obrazına təsdiq edilən aktrisa - Münəvvər Kələntərlinin cəmi 32 yaşı vardı”. Aktrisa  sadəcə öz işlərini həyata keçirməklə kifayətlənməz, eyni zamanda sənət dostlarının da fəaliyyətini mütəmadi olaraq izləyir, onların hər birinə dəstək verirdi. “1939-cu il idi... Filarmoniyada verilən konsert proqramına bibim də sənət dostları ilə qatılır. Ümumiyyətlə isə dövrün sənətkarlarının bəlkə hamısının bir araya gəldiyi konsert proqramlarından biri imiş. Münəvvər bibim, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Şairin də ən odlu-alovlu vaxtı işim. Sənətinin fədaisi olan xanımlar şairə ərkyana bir söz atırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür: - Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan? Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən nə deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir: Həqiqətinlə Cahan parlayır Sürəyyatək, Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm...  “Azərbaycanfilm” kinostudiyasının ən rahat aktyoru   Aktrisanın yaradıcılığında müğənnilik, teatr aktrisası nə qədər çox rol oynayıbsa, kinoaktrisa olaraq fəaliyyət göstərməsi daha böyük əhəmiyyət kəsb edir. O mənada da ki, Münəvvər Kələntərlinin Azərbaycan xalqı tərəfindən sevilməsində, ümumiyyətlə götürdükdə isə keçmiş SSRİ məkanında tanınmasında kino fəaliyyəti xüsusi yer tutur. Onun kino fəaliyyəti Böyük Vətən müharibəsinin ən qaynar çağında çəkilişləri başlayan «Arşın mal alan» filmindəki Cahan xala obrazı ilə başlayıb. O zaman aktrisa 32 yaşında olub. Yeri gəlmişkən, filmdəki aktyorların hər biri Üzeyir Hacıbəyovun seçimi ilə müəyyənləşib. "Arşın mal alan" filmi yaradıcı heyət üçün uğurlu oldu. 1946-cı ildə filmə Moskvada ictimai baxış keçirildi. Filmdəki ifası və əlbəttə ki, ilk obrazı ilə SSRİ məkanında tanınan aktrisa dövrün ən yüksək mükafatına-SSRİ Dövlət Mükafatına layiq görülüb. Bu filmdən sonra kinostidiyada çəkilən filmlərin əksəriyyətində maraqlı rollara imza atan aktrisa üçün sənət meydanında maraqlı bir dövrün başlanğıcı kimi yadda qalıb. Aktrisa 10-dan çox sayda bədii filmə, bəlkə də bir o qədər də qısametrajlı filmlərə, sənədli filmlərə çəkilib. “Arşın mal alan” (1945), “Bakının işıqları”(1950), “Bəxtiyar” (1955), “Görüş” (1955), “O olmasın, bu olsun” (1956), “Qızmar günəş altında” (1957), “Kölgələr sürünür” (1958), “Onun böyük ürəyi” (1958), “Əmək və qızılgül” (1962) və s. Əslində aktrisa ilə yaratdığı obrazlar arasında olan bənzərlik də heç bir zaman diqqətdən qaçmayıb. Bəlkə də rejissorlar bilərəkdən onu özünə bənzəyən obrazlara çəkiblər.  “Arşın mal alan” filmindəki xala obrazında olan mülayimlik, səmimiyyət, “Bəxtiyar”dakı Gülcahanda olan qohumluq bağlarını qabartmaq,  “Görüş”dəki Münəvvərə xas ötkəm xasiyyət, işini sevən, məsuliyyət , lazım gəldiyi zaman sərt, lazım gəldiyi zaman mülayimli nümayiş etdirməsi və s. kimi məqamlar aktrisanın təbiətinə xas olan amillər idi. Çəkildiyi filmlərdə maraqlı, yaddaqalan hadisələr çox olurdu, çünkü aktrisa əsasən komediya filmlərində çəkilirdi. Onun obraza özünəməxsusu tərzdə yanaşması və sadəcə bir dublla çəkildiyi filmlərdə olan o mıhşur səhnələri yaratması Münəvvər Kələntərlinin peşəkarlığından xəbər verirdi. Hətta aktrisanın sənət dostu Adil İsgəndərovun onun haqqında söylədiyi və artıq tarixə yazılan kəlimələr hazırda öz qiymətini saxlayır- “Münəvvər Kələntərlinin çəkildiyi filmlərdə yaradıcı heyət yorulmur, çünki aktrisa sadəcə bir dublla obraza öz möhürünü vurmağı bacarır”- Bu fikirlərdən belə nəticəyə gəlmək olar ki, Münəvvər Kələntərli  peşəkarlığın zirvəsində olan aktrisalardan biri olub. Kino onun həyatının bir parçası olub, doğrudur zamanla film çəkilişlərində aldığı zədələrdən də qaçmaq mümkün deyildi, ancaq nə olur olsun hər zədə yeni yaranan bir sənət nümunəsindən xəbər verirdi. Yeri gəlmişkən, “O olmasın, bu olsun” filmindəki bir epizodu xatırlatmaq istərdim. Münəvvər Kələntərlinin qapının arasından baxdığı bir səhnə var, gəlin qaçdığı səhnə, orda qaöı qəflətən açıldığı üçün aktrisa yıxılmış və nəticədə də barmağı sınıb. Ümumiyyətlə kinoda belə hadisələr çox olur.     Əcəl  aman versəydi yeni bir film çəkilişinə qatılacaqdı...   1953-cü ildə aktrisa "Vətən" kinoteatrına direktor müavini təyin olunur. O dövrün kinotetarlarının fəaliyyətindən məlumdur ki, çox qaynar iş sistemi olub. Məhz qaynar iş sisteminə görə Münəvvər Kələntərli sevimli teatrından ayrılmalı olur, ancaq film çəkilişlərinə olan bütün dəvətləri qəbul edirdi. Sanki aktrisa hiss edirmiş ki, onu gələcək nəslə kino tanıdacaq. 1959-cu ildə onun sənəti dövlət tərəfindən qiymətləndilir, əməkdar artist adına layiq görülür. Sağlam həyat tərzi keçirən aktrisa gümrahlığı, sağlam görünüşü, şux qaməti ilə hər zaman sənət yoldaşlarından seçilirdi. Ancaq gənclik illərində cərrahiyyə əməliyyatı keçirmiş və nəticədə həkimlər böyrəyinin birini götürməli olublar. Səməd Kələntərlinin dediyinə görə, bir böyrəyi olmasa da heç bir zaman xəstələnməzdi. Ancaq yaxşı deyiblər, sən saydığını say, gör fələk nə sayır. Moskvada kino çəkilişlərinə qatıldığı zaman özünü pis hiss etdiyi üçün xəstəxanaya gedir. Məlum olur ki, korbağırsağının əməliyyat olunması lazımdır. Moskvadan döndükdən sonra yenə də özünü yaxşı hiss edir, hətta Daşkəsəndən aldığı film çəkilişlərində iştirak etməyə hazırlaşırdı. Bu filmi həsrətlə gözləsə də çəkilişdən öncə əməliyyat olmağı qərara alır.  Əslində aktrisa bu addımı ilə uzasqörənlik nümayiş etdirib və ən önəmlisi onun üçün kino böyük məsuliyyət yükü idi. Film çəkilişindəki bütün prosesləri nəzərə  alaraq “öncə əməliyyat, sonra film” deyərək 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. “Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, aktrisanı yaxından tanıdığı üçün arxayın salmışdı: «Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam». Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü — Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır”. Əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşayıb, huşsuz vəziyyətdə. Deyilənlərə görə, onu əməliyyat edən professor böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib. ...Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib. 51 yaşını mənalı yaşayan aktrisa özünü xoşbəxt sənətkar hesab edib. Ona bu hissi yaşadan isə xalq sevgisi idi. İllər keçdi ancaq Münəvvər Kələntərli yaradıcılığına olan həvəs, sevgi tükənmədi, əksinə daha da artdı. Bu da o deməkdir ki, səhnəmizin görkəmli xanımı Münəvvər Kələntərli hələ sağlığında ölümsüzlüyü qazanmışdı.          

Fevral 2, 2016 5:51

Nizami Kino Mərkəzində yeni filmlərin premyerası

Nizami Kino Mərkəzində ABŞ-ın istehsalı olan "Yüngül əxlaqlı baba", "Tənzimlənmə oyunu" və "Coy" filmlərinin nümayişi başlanıb. Den Mazerin ekranlaşdırdığı "Yüngül əxlaqlı baba" filmi komediya janrındadır. Yaş həddi: 18+ Üzüyola və düzgün gənc Ceyson toy qabağı yüngül xasiyyətli və dəlisov fantaziyalı istefada olan general babasıyla dəniz qırağı gəzintiyə çıxır və babası ilə keçirdiyi tətil onun həyatını həmişəlik dəyişir... Baş rollarda Robert De Niro, Zak Efron, Zoi Doyç, Obri Plaza, Ceyson Mantsukas, Dermot Malruni, Culianna Xaf, Ceffri Bauer-Cepman, Brendon Maykl Smit və Ceyk Pikinq çəkilib. Rejissor Adam MakKeyin cəkdiyi "Tənzimlənmə oyunu" filmi bioqrafik dram janrındadır. Yaş həddi 18+ Söhbət puldan düşəndə vicdan susur. Həm də söhbət böyük pullardan gedirsə! Film 2008-ci ilin iqtisadi böhranını bir neçə il əvvəldən dərk etmiş insanların özləri də istəmədən bu işdən pul qazanmaqlarından bəhs edir Rollarda Kristian Beyl, Stiv Karell, Rayan Qoslinq, Bed Pitt, Mellisa Leo, Xamiş Linkleyter, Com Maqaro, Reyf Spoll,Ceremi Stronq, Marisa Tomey və başqaları çəkiliblər. Ssenari müəllifi və rejissor Devid.O.Rassellin cəkdiyi "Coy" filmi dramatik komediya janrındadır. Yaş məhdudiyyəti: 16+ Film övladını çətinliklərlə tək böyüdən qadının sonradan ölkənin ən müvəfəqiyyətli iş adamına dönməsindən bəhs edir. Rollarda Cenifer Lourens, Robert De Niro, Bredli Kuper, Edqar Ramires, Dayan Ledd, Virciniya Medsen, İzabella Rossellini, Daşa Polanko, Elizabet Rem, Syuzen Luççi və başqaları çəkiliblər.  

Fevral 2, 2016 5:22

ISESCO üzrə Azərbaycan Milli Komissiyasının ilk iclası

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yanvarın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında Azərbaycan prezidentinin 14 yanvar 2016-cı il tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı komissiyanın ilk iclası keçirilib. Nazir ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 2015-ci ilin 23-27 noyabr tarixlərində keçirilmiş iclasında Azərbaycanın növbəti üç il müddətinə Baş Konfransın sədri seçilməsi münasibətilə görüş iştirakçılarını təbrik edib. Komissiya üzvlərinin təsdiq edilməsini ölkə rəhbərinin göstərdiyi böyük etimad kimi dəyərləndirən Ə.Qarayev bu sərəncamın komissiya üzvlərinin üzərinə böyük bir məsuliyyət qoyduğunu xüsusi vurğulayıb. Bildirilib ki, son illər ölkə rəhbərliyinin göstərdiyi səylər nəticəsində Azərbaycanın islam mədəniyyətinə inteqrasiyası çox fəal şəkildə həyata keçirilir. Komissiya üzvləri bu işin davamına və münasibətlərin daha yüksək səviyyədə qurulmasına öz töhfələrini əsirgəməməli, daha da geniş miqyasda fəaliyyət göstərməlidirlər. 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan edilməsini Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinə İslam aləmində verilən yüksək qiymət kimi dəyərləndirən nazir bu yöndə işlərin artıq bu gündən başlanılmasının, Muxtar Respublikanın rəhbərliyi və əlaqədar təşkilatları ilə müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 2015-ci ilin 23-27 noyabr tarixlərində paytaxt Bakıda uğurla keçirilmiş ISESCO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı sessiyası barədə görüş iştirakçılarını məlumatlandıran nazir ISESCO Baş Konfransına sədrliyin ölkəmiz üçün vacib nüanslarını da diqqətə çatdırıb. Görüş "dəyirmi masa" ətrafında müzakirələrlə davam edib.    

Fevral 2, 2016 5:20